AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan-Almaniya münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur

  • + A
  • - A
  • 2-04-2025, 20:30

    Azərbaycan-Almaniya münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur

    Məşhur Məmmədov,
    Millət vəkili


    Azərbaycan–Almaniya arasında ikitərəfli münasibətlərin tarixi qədimdir. Hələ 1863-cü ildə Almaniyanın "Simens qardaşları" firması Gədəbəy ərazisində mis yataqları bazasında iri misəritmə zavodları və kobalt yataqları əsasında kobalt zavodu inşa edib. XX əsrin əvvəllərinə qədər bu zavodlarda istehsal edilən mis, Cənubi Qafqazda əridilən misin 2/3 hissəsini təşkil edirdi. Alman sənayeçilərinin bu bölgədə fəallığının artması nəticəsində Azərbaycanın indiki Göygöl və Şəmkir rayonlarında alman koloniyaları formalaşıb.
    Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra Almaniya ilə diplomatik əlaqələr qurub. 1992-ci il yanvarın 12-də Almaniya Azərbaycanın müstəqilliyini tanıyıb və bundan sonra iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa start verilib. Almaniya ilə iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı Azərbaycan üçün həmişə prioritet olub. Eyni zamanda, Almaniya Azərbaycanı neft-qaz ölkəsi kimi beynəlxalq layihələrdə mühüm tərəfdaş hesab edir. Bu gün Almaniya Prezidenti Ştaynmayer və Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata verdikləri birgə bəyanat da bu əlaqələrin yüksək səviyyədə olduğunu göstərir.
    2022-ci ildə Rusiya qazının təchizatında fasilələr yarandığı zaman Azərbaycan Almaniyanı lazımi həcmdə qazla təmin etmək öhdəliyini üzərinə götürüb. Bunu Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxış edən Almaniya Prezidenti Frank-Valter Ştaynmayer deyib.

    İki ölkə arasında əlaqələr yeni müstəvidə davam edir. Almaniya Prezidenti çıxışı zamanı ölkələr arasındakı münasibətlərin tarixini xatırladıb, həmçinin alman şərabçılarının kənd təsərrüfatının bu sahəsinin inkişafına əhəmiyyətli töhfə verdiyini, Almaniya şirkətlərinin neft hasilatında və enerji sisteminin yaradılmasında iştirak etdiyini qeyd edib. Ştaynmayer, Azərbaycanda çoxlu sayda almanın yaşadığını və tarixə nəzər salmağın vacibliyini vurğulayıb.
    Hazırda Azərbaycanda 100-ə yaxın alman müəssisəsi fəaliyyət göstərir. Bunlardan "Simens", "Ferrosstal", "İnterselekt", "Mercedes-Benz" kimi iri şirkətlər Azərbaycanda uğurlu biznes fəaliyyəti aparır. İki ölkə arasında illik ticarət dövriyyəsi 350–400 milyon avro təşkil edir. Almaniyadan Azərbaycana əsasən avtomobillər, dəmir və polad məmulatları, istehsal avadanlıqları idxal olunur.
    Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri və qarşılıqlı əməkdaşlıq perspektivləri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı müzakirələr də bu əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank-Valter Ştaynmayer arasında təkbətək və geniş tərkibdə görüşlər keçirilib. Daha sonra prezidentlər mətbuata birgə bəyanatla çıxış edərək jurnalistlərin suallarını cavablandırıblar.

    Prezident İlham Əliyev mətbuata bəyanatında bildirib ki, bu səfər iki ölkə arasındakı əlaqələrə yeni müsbət təkan verəcək. O, iqtisadi sahədə əldə edilən nəticələrin Azərbaycanı ruhlandırdığını vurğulayıb və qeyd edib ki, 2024-cü ilin yanvar-fevral aylarında iki ölkə arasındakı ticarət dövriyyəsi təxminən üç dəfə artıb.

    Dövlət başçısı həmçinin bərpaolunan enerji sahəsində əməkdaşlığın vacibliyini qeyd edərək bildirib ki, Almaniya şirkətlərinin bu sahədə böyük təcrübəsi var və Azərbaycanın da genişmiqyaslı planları mövcuddur. Prezident İlham Əliyev əlavə edib ki, xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji istehsal gücünü 6 qiqavata çatdırmaq hədəflənir və bunun bir hissəsi Avropaya ixrac ediləcək.

    Bu görüş və əldə edilən razılaşmalar Azərbaycan-Almaniya münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlıq gələcək illərdə daha da dərinləşəcək və hər iki ölkənin maraqlarına xidmət edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR