AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Məşhur Məmmədov Masallıda vətəndaşların müraciətlərini dinləyib

  • + A
  • - A
  • Bu gün, 12:40

    Deputat Məşhur Məmmədov Masallıda vətəndaşların müraciətlərini dinləyib


    Bu gün Milli Məclisin deputatı Məşhur Məmmədov YAP Masallı Rayon Təşkilatının inzibati binasında seçiciləri ilə növbəti ənənəvi vətəndaş qəbulunu keçirib.

    Qəbul zamanı deputat sakinlərin müraciət və təkliflərini dinləyib, onları narahat edən məsələlərlə yaxından maraqlanıb. Vətəndaşlar əsasən qış fəslinin gəlişi ilə əlaqədar yaranan çətinliklər, eləcə də dövlət qurumlarının rəqəmsal xidmətlərə keçidi prosesində qarşılaşdıqları anlaşılmazlıqlar barədə fikirlərini bölüşüblər.

    Deputat Məşhur Məmmədov müraciətləri diqqətlə dinləyərək hər bir məsələnin fərdi yanaşma və həssaslıqla araşdırılmasının vacibliyini vurğulayıb. Qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələrin verilməsi üçün göstərişlərini çatdırıb.

    Deputat qəbul zamanı bildirib ki, vətəndaşlarla birbaşa ünsiyyət problemlərin mahiyyətini daha dərindən anlamağa, onların həlli yollarını müəyyənləşdirməyə imkan yaradır:

    “Bizim əsas məqsədimiz vətəndaşın səsini eşitmək, onun qayğı və problemlərinə biganə qalmamaqdır. Hər bir müraciətin arxasında bir insanın gündəlik həyatı, gözləntisi və həllini gözləyən məsələsi dayanır. Ona görə də müraciətlərə formal yanaşmaq olmaz. Hər bir məsələnin araşdırılması və mümkün həll yollarının tapılması üçün səylərimizi əsirgəməməliyik”.

    Millət vəkili Məşhur Məmmədov rəqəmsal xidmətlərdən istifadədə yaranan çətinliklərə də toxunaraq qeyd edib ki, rəqəmsallaşma vətəndaşların işini asanlaşdırmalı, dövlət xidmətlərinin əlçatanlığını artırmalıdır:

    “Rəqəmsal keçid müasir dövrün tələbidir. Lakin bu prosesdə heç bir vətəndaş kənarda qalmamalıdır. Xüsusilə yaşlı insanların və yeni texnologiyalardan istifadə etməkdə çətinlik çəkən sakinlərin maarifləndirilməsi, onlara lazımi dəstəyin göstərilməsi vacibdir”.

    Qəbulda problemlərinin həllini tapdığı üçün təşəkkürünü bildirmək məqsədilə deputatın görüşünə gələn vətəndaşların olması da diqqət çəkib. Bu, vətəndaş-millət vəkili-dövlət qurumları arasında səmərəli əlaqələndirmənin və qarşılıqlı əməkdaşlığın əhəmiyyətini bir daha nümayiş etdirib.

    Deputat, həmçinin vurğulayıb ki, seçicilərlə mütəmadi görüşlərin keçirilməsi, onların müraciətlərinin dinlənilməsi və həlli istiqamətində ardıcıl fəaliyyət göstərilməsi onun deputatlıq fəaliyyətinin əsas istiqamətlərindəndir:

    “Seçicilərlə görüşlərimiz yalnız müraciətləri dinləməklə məhdudlaşmır. Biz bu görüşlərdə görülən işlərin nəticələrini də izləyir, qaldırılan məsələlərin həllinə qədər prosesi diqqətdə saxlamağa çalışırıq. Vətəndaşlarımız bilməlidirlər ki, onların hər bir müraciəti bizim üçün önəmlidir”.

    Qəbulda YAP Masallı Rayon Təşkilatının sədr müavini Səfalı Paşayev və Masallı Təhsil Fondunun rəhbəri Hüseyn Hüseynov da iştirak ediblər.

    Qeyd edək ki, deputat Məşhur Məmmədovun Masallı rayonunda seçicilərlə qəbul-görüşləri mütəmadi olaraq davam etdirilir





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR