AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 31 mart soyqırımına siyasi-hüquqi qiymət verildi

  • + A
  • - A
  • 31-03-2025, 09:00

    Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 31 mart soyqırımına siyasi-hüquqi qiymət verildi



    Məşhur Məmmədov,
    Millət vəkili


    31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın tarixinə qanlı bir səhifə kimi yazılmışdır. 1918-ci ilin mart ayında bolşevik-erməni silahlı birləşmələri azərbaycanlılara qarşı amansız qətliamlar törətmiş, minlərlə günahsız insan öldürülmüş, şəhərlər və kəndlər dağıdılmışdır. Bu hadisələr təkcə bir xalqın deyil, ümumilikdə insanlıq adına utanc gətirən, yaddaşlarda silinməz iz buraxan ağır cinayətlərdən biridir.
    Mart soyqırımı, Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda kütləvi insan tələfatına səbəb olmuşdur. Ən ağır qırğınlardan biri Bakıda yaşanmış, bolşevik rəhbərliyindəki Stepan Şaumyanın göstərişi ilə erməni daşnak qüvvələri minlərlə dinc azərbaycanlını qətlə yetirmişdir. Bu qətliam təkcə insanları fiziki cəhətdən məhv etməyə deyil, eyni zamanda, xalqımızın milli kimliyini, mədəniyyətini və tarixi irsini silməyə yönəlmişdi.
    Uzun illər 31 Mart faciəsi unudulmağa məhkum edilsə də, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu tarixi hadisələrə siyasi-hüquqi qiymət verildi. 1998-ci ildə Heydər Əliyevin imzaladığı fərmanla 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bu qərar xalqımızın tarixində mühüm bir dönüş nöqtəsi oldu və beynəlxalq ictimaiyyətin diqqətini bu faciəyə yönəltməyə imkan verdi. Ulu Öndərin təşəbbüsü ilə aparılan araşdırmalar, açılan arxiv materialları və beynəlxalq tribunalarda aparılan diplomatik fəaliyyət nəticəsində soyqırımın tarixi həqiqətləri dünyaya çatdırıldı.
    Azərbaycan dövləti bu gün də soyqırımı qurbanlarının xatirəsinin yaşadılması istiqamətində ardıcıl siyasət aparır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu tarixi ədalətin bərpası prosesi davam edir. Quba Soyqırımı Memorial Kompleksi bu faciənin dəhşətlərini göz önünə sərən bir xatirə abidəsi olaraq xalqımızın yaddaşında silinməz yer tutur.
    Bu gün biz bir daha 31 Mart soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla anır, tarixi həqiqətləri gələcək nəsillərə ötürmək üçün bütün imkanlardan istifadə edirik. Soyqırımı unutmaq onun təkrarlanmasına şərait yaratmaq deməkdir. Tarixi unutmamaq, ədalətin bərqərar olması üçün mübarizə aparmaq isə hər bir azərbaycanlının borcudur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR