Elnurə Abuşova,
"Ailə və uşaqlara sosial dəstək" İB-nin rəhbəriBu gün İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqları, beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Görüşlər Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə təşkil olunsa da, danışıqların uğuru beynəlxalq hüquq normalarına əməl olunmasından və Ukraynanın suverenliyinə hörmətdən asılı olacaq.
Bütün dünyanın duqqəti bu gün Türkiyədə olacaq. Sülh gözləntimiz var.
Diqqətçəkici məqamlardan biri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu danışıqlarda birbaşa iştirak etməməsidir. Cədvəldə yalnız Ukrayna Prezidenti Vladimir Zelenski ilə Ankarada nəzərdə tutulan ikitərəfli görüş yer alır. Bu, Ankaranın Ukraynanın yanında dayandığını və Rusiya ilə neytral vasitəçi rolunu məsuliyyətlə yerinə yetirmək istədiyini göstərir. Ərdoğanın Zelenskini öz iqamətgahında qəbul etməsi simvolik olaraq Ukraynaya dəstəyi ifadə edir.
Türkiyə liderinin hakim Ədalət və İnkişaf Partiyasının tədbirlərinə qatılması və TOBB konqresində çıxış etməsi isə ölkənin daxili sabitliyini və beynəlxalq missiyalarla paralel hərəkət edə bilən siyasi iradəni nümayiş etdirir.
İstanbul danışıqları müharibənin başlamasından bu yana keçirilən nadir diplomatik təşəbbüslərdən biridir. Rusiya tərəfinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir. ABŞ-dan danışıqlarda yüksək səviyyəli nümayəndələrin — prezidentin xüsusi nümayəndələri Keyt Kelloq, Stiven Vitkoff və dövlət katibi Marko Rubionun iştirakı isə prosesin qlobal səviyyədə nə qədər önəmli olduğunu göstərir.
Bu mərhələdə danışıqların nəticə verə bilməsi üçün əsas şərt Ukraynanın ərazi bütövlüyünün qeyd-şərtsiz tanınması, işğal olunmuş ərazilərdən qoşunların çıxarılması və mülki əhalinin təhlükəsizliyinə təminat verilməsidir. Əks halda, istənilən siyasi razılaşma kağız üzərində qalacaq.
Türkiyənin vasitəçilik rolu beynəlxalq aləmdə etibarlı tərəf kimi qəbul edilməsini möhkəmləndirir. Ancaq bu missiya yalnız ədalətli və prinsipial mövqe sərgiləndiyi təqdirdə uğur qazana bilər. Ukrayna üçün isə bu danışıqlar, azadlıq və müstəqillik mübarizəsinin diplomatik cəbhədəki davamıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.