"Euronews" TDT-nin Dövlət Başçıları Şurasının Qəbələdəki toplantısı ilə bağlı reportaj hazırlayıb
"Euronews" telekanalı Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşü ilə bağlı reportaj hazırlayıb.
"Regional birlikdən qlobal təsirə: Azərbaycan türk xalqlarının rolunu müəyyənləşdirir" adlı materialda vurğulanır ki, daxili siyasi və iqtisadi sabitlik, mühüm geostrateji məkan, əlverişli demoqrafik vəziyyət və gənc əhali, geniş nəqliyyat və logistik imkanlar, təbii ehtiyatlar, artan hərbi və hərbi-texniki potensial Türk Dövlətləri Təşkilatını dünya arenasının mühüm oyunçusuna çevirir.
"Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşü Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, eləcə də müşahidəçi qismində Türkmənistan və Macarıstan liderlərini bir araya gətirdi. TDT uzun müddətdir ki, türkdilli xalqlar arasında əməkdaşlığı inkişaf etdirmək üçün ilkin mandatını aşaraq genişlənib.
O, zaman keçdikcə vəzifələrini 40 istiqamətdə - infrastruktur və ticarətdən su təsərrüfatına və hətta kosmik tədqiqata qədər genişləndirdi", - süjetdə bildirilir.
Həmçinin qeyd olunur ki, Azərbaycan sammitə ev sahibliyi edən ölkə kimi əvvəllər demək olar gündəmə gətirilməyən müdafiə sahəsində əməkdaşlıq mövzusunu gündəmə gətirib.
"Sammit ölkələri sülh və təhlükəsizlik sahəsində qüvvələri birləşdirməyə, müdafiə sənayesini gücləndirməyə, həmçinin mülki xidmətlər və xilasetmə qrupları ilə əməkdaşlığa, hətta birgə təlimlər keçirməyə çağırıb. Üzv dövlətlər münaqişə ocaqları ilə əhatə olunub və təhlükəsizlik hamı üçün zərurətə çevrilib", - Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev bildirib ki, Qəbələ Sammitində liderlər təşkilatla digər ölkələr arasında əməkdaşlığı nəzərdə tutan yeni OTS PLUS təşəbbüsünü qəbul ediblər.
"Özbəkistan türk dövlətlərinin məqsədi maşınqayırma, mədənçıxarma, neft-kimya, əczaçılıq, tekstil və qida sənayesi sahələrində birgə layihələr üçün Türk Sənaye Alyansını formalaşdırmaq olan İqtisadi Tərəfdaşlıq üzrə daimi Şurasının yaradılmasını təklif edib.
Həmçinin ticarətin sürətləndirilməsi və texniki standartların birləşdirilməsi üçün türk ölkələrinin "Yaşıl dəhliz" elektron sisteminin tətbiqi planlaşdırılır", - Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov bildirib.
Materialda Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevə istinadən Astananın texnoloji təşəbbüsündən bəhs edilir.