Nazir Bauer: Ukraynanın 2027-ci ildə Aİ-yə daxil olması qeyri-realdır
Ukraynanın Avropa İttifaqına 2027-ci ildə üzv olması "qeyri-realdır". Bu barədə "The Financial Times" qəzetinə müsahibəsində Avstriyanın Avropa məsələləri, inteqrasiya və ailə üzrə naziri Klaudiya Bauer bildirib.
Nazirin sözlərinə görə, Ukraynanın Aİ-yə daxil olması "nəinki iddialı, həm də qeyri-realdır". Bauer 2012-ci ildə Aİ ilə üzvlüklə bağlı danışıqlara başlayan və birliyə yalnız 2028-ci ildə daxil olmağa çalışan Çernoqoriya təcrübəsini nümunə gətirib. Nazir vurğulayıb ki, Ukrayna vəziyyətində isə "danışıqlar hələ başlamayıb".
"Bir ölkənin Avropa İttifaqına üzv ola bilməsi üçün aydın qaydalarımız və şərtlərimiz var və bu qaydalar hamıya şamil edilir. Danışıqlar hələ başlamayıb, bəzi sahələrdə isə islahatlara böyük ehtiyac var. Biz burada ikili standartlar tətbiq edə bilmərik, ona görə də sürətləndirilmiş proses mümkün deyil", — deyə nazir qeyd edib.
2026-cı ilin yanvarında Ukrayna Prezidenti Volodimir Zelenski bəyan etmişdi ki, Kiyev 2026-cı ildə Aİ-yə üzvlüklə bağlı bütün klasterləri açmağa hazırdır, 2027-ci ildə isə ölkə birliyin bir hissəsi ola bilər. Yanvarın sonunda Zelenski vurğulamışdı ki, Ukraynanın 2027-ci ildə Aİ-yə daxil olması həm Kiyev, həm də "bütün Avropa" üçün "əsas təhlükəsizlik təminatlarından biri" olacaq.
Fevralın 24-də Zelenski Aİ-dən dövlətin birliyə daxil olması üçün 2027-ci ilə qədər dəqiq bir tarix təyin etməsini tələb edib. Fevralın 10-da isə "Politico" nəşri xəbər vermişdi ki, Avropa ölkələri Ukraynanın 2027-ci ildə Avropa İttifaqına qəbul edilməsinə imkan verəcək beş addım hazırlayıblar.
Bununla belə, fevral ayında Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos vurğulayıb ki, blok daxilində mövcud olan qaydalara görə Ukrayna 2027-ci ildə Aİ üzvü ola bilməyəcək
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.