XX Ümumdünya Su Konfransı 2027-ci ilin payızında Türkiyənin İstanbul şəhərində keçiriləcək. Bu barədə Türkiyənin kənd təsərrüfatı nazirinin müavini Əbubəkr Gizliqidər Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun illik toplantısında çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının (IWRA) təşkil etdiyi konfrans 2027-ci il oktyabrın 4-dən 8-dək İstanbulda baş tutacaq.
Nazir müavini bildirib ki, Türkiyə 2027-ci ildə Səudiyyə Ərəbistanında keçiriləcək XI Ümumdünya Su Forumuna hazırlıq çərçivəsində "İnsanlar və ekosistemlər üçün su" altqrupunun aparıcı ölkəsi kimi su ehtiyatları, səhiyyə və dayanıqlı inkişaf sahələrində dialoqu, tərəfdaşlığı və praktiki əməkdaşlığı dəstəkləməyə davam edəcək.
Əbubəkr Gizliqidər qeyd edib ki, iqlim dəyişikliyi, əhalinin artması və insanların hərəkətliliyinin yüksəlməsi təbii ehtiyatlara, o cümlədən su resurslarına təzyiqi artırır və yeni risklər yaradır.
Onun sözlərinə görə, bu risklər yalnız insanların sağlamlığına deyil, həm də heyvanların sağlamlığına, su ehtiyatlarına, ərzaq sistemlərinə və ətraf mühitə mənfi təsir göstərir.
Nazir müavini vurğulayıb ki, səhiyyə sahəsindəki risklər su təhlükəsizliyi, ərzaq sistemləri, ekoloji dayanıqlılıq və iqlim dəyişikliyi ilə birlikdə qiymətləndirilməlidir. O əlavə edib ki, qarşıdan gələn Ümumdünya Su Konfransında məhz bu mövzular əsas müzakirə predmetlərindən olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.