Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ölkənin Müdafiə Nazirliyinin büdcəsində 27 milyard dollar həcmində maliyyə kəsiri yaranıb.
Zelenskinin sözlərinə görə, ilin əvvəlində müdafiə büdcəsinin xüsusiyyətləri səbəbindən ilin sonuna nəzərdə tutulan vəsaitlərin bir hissəsi vaxtından əvvəl istifadə edilib. Nəticədə hazırda maliyyələşmədə ciddi çatışmazlıq yaranıb.
Ukrayna lideri bildirib ki, problemin həlli üçün əsas variantlardan biri Avropa kreditləri çərçivəsində nəzərdə tutulan vəsaitlərin bu il daha əvvəl təqdim edilməsidir.
Zelenski həmçinin Avropa ölkələrini təxminən 210 milyard avro dəyərində dondurulmuş Rusiya aktivlərinin müsadirəsi üçün mexanizm tapmağa çağırıb. Onun fikrincə, bu vəsaitlər Ukraynanın maliyyə problemlərinin həllinə yönəldilə bilər.
Bundan əvvəl Zelenski Odessa vilayətində limanlara endirilən Rusiya zərbələrinin Ukraynanın limanlar vasitəsilə həyata keçirdiyi ticarətin həcminə mənfi təsir göstərdiyini açıqlamışdı.
Avqustun 24-də Avropa Komissiyası Ukraynaya hava hücumundan müdafiə sistemləri, raketlər, sursat və radarların alınması üçün 6,1 milyard avro ayrılmasını razılaşdırıb.
Həmin gün Avropa İttifaqı Şurası da 2022-ci ildən etibarən Aİ və üzv ölkələrin Ukraynaya maliyyə, iqtisadi, hərbi və humanitar yardım formasında ümumilikdə 220,3 milyard avro ayırdığını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.