Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri və səfər çərçivəsində əldə olunan mühüm razılaşmalar beynəlxalq medianın diqqət mərkəzində olub. Meksikanın Federicolamont.com portalında yayımlanan məqalədə Azərbaycan və Özbəkistan arasında münasibətlərin inkişafı, imzalanan sənədlər və regional əməkdaşlığın perspektivləri geniş şəkildə işıqlandırılıb.
“Azərbaycan və Özbəkistan əbədi dostluq Müqaviləsi imzalayıb və Mərkəzi Asiyada C6 blokunu möhkəmləndirir” başlıqlı yazıda iki ölkə arasında imzalanmış “Əbədi dostluq haqqında Müqavilə”nin əlaqələrin siyasi və hüquqi bazasını daha da möhkəmləndirdiyi vurğulanır.
Məqalədə qeyd edilir ki, Bakı və Daşkənd arasında münasibətlərin yeni səviyyəyə yüksəlməsi yalnız ikitərəfli əməkdaşlıq baxımından deyil, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin genişləndirilməsi baxımından da əhəmiyyətlidir. Azərbaycanın regional nəqliyyat qovşağı kimi mövqeyinin güclənməsi isə bu əməkdaşlığın strateji əhəmiyyətini artıran əsas amillərdən biri kimi təqdim olunur.
Yazıda Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə keçirdiyi görüşlərdə iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə edildiyi bildirilir. Səfər zamanı Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi də ikitərəfli münasibətlərin institusional əsaslarının möhkəmləndirilməsi kimi qiymətləndirilir.
Məqalədə tərəflərin qarşılıqlı ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması hədəfi müəyyənləşdirdiyi xüsusi qeyd olunur. Bu məqsəd Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün yeni imkanların yaradılması baxımından mühüm göstərici kimi dəyərləndirilir.
Sənədin əhatə etdiyi əməkdaşlıq istiqamətlərinin də geniş olduğu vurğulanır. Enerji, nəqliyyat və logistika, investisiya, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı və turizm kimi sahələrdə birgə fəaliyyətin artırılması iki ölkənin iqtisadi potensialının daha səmərəli şəkildə birləşdirilməsinə imkan verə bilər.
Portal həmçinin müqavilədə tərəflərin ərazilərindən digər dövlətlərin suverenliyinə və təhlükəsizliyinə qarşı istifadə olunmaması ilə bağlı qarşılıqlı öhdəliklərin yer aldığını diqqətə çatdırır. Bu müddəanın Azərbaycan və Özbəkistan arasında etimadın və qarşılıqlı təhlükəsizlik anlayışının daha da möhkəmlənməsinə xidmət etdiyi bildirilir.
Məqalədə Orta Dəhlizə xüsusi diqqət ayrılır. Azərbaycanın Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən mühüm tranzit ölkə olduğu qeyd edilir. Özbəkistanın bu marşrut üzrə Azərbaycanla əməkdaşlığının genişlənməsinin isə Mərkəzi Asiya ölkələrinin beynəlxalq nəqliyyat şəbəkələrinə və dünya bazarlarına çıxış imkanlarını artıracağı vurğulanır.
Beləliklə, Meksika mediasında yayımlanan məqalə Azərbaycan-Özbəkistan münasibətlərində son dövrdə müşahidə olunan dinamikanın artıq regional çərçivədən kənarda da maraq doğurduğunu göstərir. Bakı və Daşkənd arasında möhkəmlənən strateji tərəfdaşlıq həm iki ölkənin iqtisadi və siyasi əlaqələrini genişləndirir, həm də Mərkəzi Asiya ilə Cənubi Qafqazın daha sıx inteqrasiyasına yeni imkanlar yaradır.