Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsində

Nizami Səfərov
Milli Məclisinin deputatı
Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyəsini və inkişaf perspektivlərini bir daha nümayiş etdirib.
Dövlət başçısı Daşkəndin və bütövlükdə Özbəkistanın hazırda yüksək inkişaf dövrünü yaşadığını bildirib. Bu inkişafı Prezident Şavkat Mirziyoyevin ölkənin potensialının gücləndirilməsinə, beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə və sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş fəaliyyətinin nəticəsi kimi qiymətləndirib. Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələr bütün əsas sahələr üzrə uğurla inkişaf edir. Dövlət başçısı iki ölkə arasında ticarət dövriyyəsinin yaxın illərdə 1 milyard dollara çatdırılmasının real hədəf olduğunu bildirib. Bu məqsədlə konkret tədbirləri nəzərdə tutan proqramın qəbul edilməsi əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verəcək.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri son illərdə əhəmiyyətli dərəcədə genişlənib. Özbəkistanla sıx qarşılıqlı münasibətlər bu əməkdaşlığın əsas istiqamətlərindən birini təşkil edir. İki ölkə arasında siyasi dialoq, iqtisadi tərəfdaşlıq və qarşılıqlı dəstək regional əməkdaşlığın daha da güclənməsinə imkan yaradır. Energetika sahəsində də mühüm layihələr həyata keçirilir. Azərbaycan və Özbəkistan arasında neft-qaz kəşfiyyatı istiqamətində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Bu layihələr iki ölkənin enerji sahəsində tərəfdaşlığının yeni mərhələyə yüksəlməsinə xidmət edir.
Azərbaycan-Özbəkistan münasibətləri qarşılıqlı etimad, ortaq tarix, mədəni yaxınlıq və mənəvi dəyərlərlə yanaşı, möhkəm iqtisadi təmələ də əsaslanır. Prezident İlham Əliyev iki ölkə arasında əlaqələrin belə mənəvi və maddi əsaslarının nadir münasibətlər modeli yaratdığını vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.