“Biz məmurlara deyirik ki, əgər jurnalist sizin qapınızı döyürsə, pul təklif etməyin...”
Şakir Ağayev: “Biz məmurlara deyirik ki, əgər jurnalist sizin qapınızı döyürsə, pul təklif etməyin...”
“Yeni Müsavat”ın “Bizim qonaq” rubrikasında bu dəfə “Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayevdir. Bugünlərdə 50 illik yubileyini qeyd edən müsahibimiz bizimlə söhbətində həyat və fəaliyyətindən, arzularından, eləcə də Qarabağ nisgilindən söz açdı.
- Şakir müəllim, öncə 50 illik yubileyiniz münasibətilə sizi təbrik edirik.
- Çox sağ olun...
- Bir əsri yarılamaq necə bir hissdir?
- Mənim şüarım belədir ki, insan daxilən özünü necə hiss edirsə, elə o yaşdadır. Mən özümü 25-30 yaşımdakı kimi hiss edirəm. Enerji və iş potensialı baxımından heç nə dəyişməyib. Ona görə də 50 mənim üçün sadəcə rəqəmdir. Ancaq təbii ki, insan həmin gün hiss edir ki, artıq əsrin yarısını yaşamısan. Ömrün çox hissəsi geridə qalıb. Baxırsan ki, görmək istədiyin bütün işləri həyata keçirə bilməmisən, görülməmiş çox işlərin qalıb. Düşünürsən ki, Allah ömür versin, heç olmasa bundan sonra o qalan arzularını həyata keçirəsən.
- Yaradıcılıq zəminində hansı arzularınız var ki, həyata keçirə bilməmisiniz?
- Mənim hər zaman arzularım olub ki, daha böyük bir media qurumu yaradım, dünya standartlarına uyğun bir canlı media saytı olsun, televiziyalar olsun. Tam müstəqil fəaliyyət göstərən böyük bir media holdinqim olsun. Ən böyük arzum odur ki, mənim doğulduğum Ağdam rayonu işğaldan azad olunsun. Ağdam işğal olunanda mənim 26 yaşım var idi, indi isə 50 yaşıma çatmışam və Ağdamsız yaşayıram. Bu mənim ən böyük nisgilimdir. Ömrümün yarısını doğma yurdumdan, o cənnət məkandan uzaqda keçirmişəm, yarısını da Qarabağsız yaşamışam. Düşünürəm ki, o torpaqlara təkrar qayıtmağa, orada nəfəs almağa, suyundan içməyə ömrüm çatacaqmı? Bunlar çox ağır hisslərdir. Bu 50 ildə çox nailiyyət əldə etmişəm. Ancaq vətən nisgili bu nailiyyətdən əldə etdiyim sevinc hisslərini kölgədə qoyur. Necə ola bilər ki, mən 50 yaşımı Bakının qızmar istisində keçirirəm, halbuki Ağdamda, Şuşada dağların qoynunda keçirə bilərdim. 24 ildir ki, ürəkdən gülüb-sevinə bilmirəm. Ən qorxduğum hiss Ağdamı, doğma torpağımı görə bilmədən dünyadan köçməkdir.
- Şakir müəllim, 50 illik həyat yolunuzdan danışın... Uşaqlığınız, gəncliyiniz, mətbuata gəlişiniz necə olub?
- Mən Ağdam rayonunda, rayonun mərkəzində doğulub böyümüşəm. Orta məktəbi də bu rayonda 6 nömrəli məktəbdə oxumuşam. O dövrün ən yaxşı, tanınmış məktəblərindən biri idi. SSRİ səviyyəsində tanınan bir məktəb idi. 1984-cü ildə orta məktəbi bitirib o vaxtkı Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti- L.N.) tarix fakültəsinə daxil oldum. O zaman SSRİ Mərkəzi Komitəsinin baş katibi Yuri Andropov seçilmişdi. SSRİ həmin dövrdə Amerika ilə böyük bir soyuq müharibə dövrünü keçirdi. Universitetdə bizə hərbi dərslər keçirildiyi üçün hərbi xidmətə aparmırdılar. 4-cü kursu bitirəndən sonra bir aylıq “zbor”a aparırdılar, leytenant dərəcəsi alırdıq və onunla da bitirdi. Yuri Andropovun dövründə qərar verildi ki, bütün institutlardan tələbələri hərbi xidmətə apardılar. Mən də hərbi xidmətə getdim, Qərbi Sibirdə strateji raketlərin olduğu hərbi hissədə xidmət etmişəm. Çox az azərbaycanlı bu xidmətdə olub. Bu hərbi hissədə raketlərin nüvə başlıqları saxlanılırdı. İki illik hərbi xidməti başa vurdum, təklif etdilər ki, orada qalıb hərbi xidmətimi davam etdirim. Lakin mən qayıtdım və ali təhsilimi davam etdirdim. O zaman ikinci kursdan sonra tələbələrə Moskva ali məktəblərində təhsilini davam etdirmək imkanı yaradırdılar. Mən də dəvət aldım, ancaq imtina etdim və BDU-da oxudum. 1991-ci ildə BDU-nu fərqlənmə diplomu ilə bitirdim. Aspiranturada oxumağa dəvət alsam da, o dövrün şərtlərini nəzərə alaraq bundan da imtina etdim. 1996-cı ilə qədər Nəqliyyat Nazirliyinin yükdaşıma idarəsində kadrlar məsələsi üzrə işlədim. 1996-99-cu illərdə bir sıra ali məktəblərdə Azərbaycan tarixi fənni üzrə dərs keçdim. Mənim ixtisasım 1918-1920-ci illər tarixi idi və o dövrdə bu illərlə bağlı öyrənilməmiş çox şeylər var idi. Biz çalışırdıq ki, yeni məlumatlar əldə edək, real tariximizi araşdıraq. 3 il universitetdə dərs dedim, daha sonra işimdən də ayrıldım.
- Milli azadlıq hərəkatında da iştirak etmişdinizmi?
“Ən böyük nisgilim 50 yaşımı Qarabağsız keçirməkdir”
- Bildiyiniz kimi, bu hərəkat Bakı Dövlət Universitetindən başlayıb və əsasən tələbələrin hərəkatı olub. Mənim tələbəliyim də o illərə təsadüf edib. Biz 4 ağac uğrunda bütün Azərbaycanı ayağa qaldıran tələbələrdən olmuşuq. Paradoks hal o idi ki, 1988-ci ildə mən erməni evində kirayədə qalırdım. Biz gecələr plakatlar, şüarlar hazırlayırdıq. Bizə icazə vermədikləri üçün köynəyimizin altından həmin plakatları belimizə bağlayıb universitetin qabağına gəlirdik, orada çıxardıb meydanlara gedirdik. Heç nədən də çəkinmirdik. Çünki məqsəd Qarabağın azadlığı, Azərbaycanın müstəqilliyi idi. Mən daha öncə Kommunist Partiyasının üzvü olmuşam. Bu o zaman bir prosedur idi, siyasi fakültədə oxuduğumuz üçün hamımız üzv idik. Bəziləri kimi mən bunu gizlətmirəm. Mən əsgərlik zamanı partiyaya daxil olmuşam. 1988-ci ildə hərəkat başladı. İlk təpki hərəkatı Ağdamda başlayıb, ilk şəhidləri də Ağdam verib. Bu zaman mən bir qarabağlı kimi mübarizənin önündə olmalıydım. Heç nə bizim qarşımızı kəsə bilməzdi. Baxmayaraq ki, bizi universitetdən qovulma ilə hədələyirdilər.
- Sonra necə oldu ki, proseslərdən ayrıldınız?
- Çox təəssüf ki, xalqın qalxdığı bir azadlıq hərəkatını kimlərsə siyasi ambisiyalara çevirdilər, müxtəlif məqsədlərlə istifadə etdilər. Onların niyyətləri Azərbaycana neçəyə başa gəldi- bunu hamı bilir. Mən heç bir partiyanın üzvü olmadım, siyasi proseslərə qoşulmadım. Buradakı bəzi çirkinlikləri, 1991-ci ildən sonrakı prosesləri görəndən sonra hesab etdim ki, artıq Qarabağ uğrunda öz yazılarımla mübarizə apara bilərəm. Bu mübarizə hələ də davam edir, heç vaxt dayanmayıb.
- Hazırda baş redaktoru olduğunuz qəzeti nə zaman yaratdınız?
- 1999-cu il oktyabrın 1-də “Yeni zaman- Novoye vremya” qəzetini təsis etdik, oktyabrın 9-da qəzetimizin ilk sayı işıq üzü gördü. O vaxt Azərbaycan mətbuatında iki qütb var idi- müxalifət və hakimiyyət. Tam müstəqil, hər iki tərəfin yaxşı və pis tərəflərini deyə bilən bir mətbuat yox idi. Biz istəsək də, istəməsək də bu bir fakt idi. Ancaq iki tərəf bir-birini ittiham edirdi. Biz qəzeti yaradanda məqsədimiz bu idi ki, heç bir siyasi təsir qarşısında olmadan, heç kimə xidmət etmədən, müxalifətin də, hakimiyyətin də çatışmayan tərəflərini tənqid edək. Belə də etmişik. Bizim yazdıqlarımız bu gün də arxivdə durur. Biz qəzeti əvvəlcə iki dildə və həftədə bir dəfə olmaqla çıxartmışıq. Daha sonra ilk dəfə olaraq, 2001-ci ildən gündəlik iki dilli qəzet buraxmışıq. Biz elitar bir Azərbaycan dilli qəzet buraxmışdıq. 2004-cü ilə qədər hər iki dildə olan qəzet gündəlik çıxırdı. Daha sonra müəyyən səbəblərdən hər ikisini davam etdirə bilmədik və seçim qarşısında qaldıq. Biz rusdilli qəzeti saxlamağa qərar verdik. Bunun da iki səbəbi var idi. Birincisi o idi ki, qəzetlərimizdə hər iki gündən bir Qarabağla bağlı yazılar verirdik, həftədə iki sayında manşet yazı Qarabağla bağlı olurdu. Rusdilli versiyanı saxlamağımızın əsas səbəbi o idi ki, ölkəmizin ən böyük problemi olaraq Qarabağ problemi rus dilində dünya ictimaiyyətinə çatdırılsın. Çünki rusdilli auditoriya daha böyükdür. Dünyada 380 milyon insan informasiyanı rus dilində alır. İnformasiyaya birbaşa çıxış rus dilində daha rahatdır. İkinci səbəb isə odur ki, rusdilli oxucu daha həssasdır, daha çox analitik düşüncəyə sahibdir, hər bir incəliyə fikir verir. Biz bu amilləri nəzərə alaraq, rusdilli qəzeti davam etdirməyə qərar verdik. Artıq 18 ildir ki, bu qəzet fəaliyyət göstərir. Qəzetimizin 15 nəfərlik kollektivi var. Hazırda qəzetimizin onlayn versiyası olan saytımız həm rus, həm də Azərbaycan dilində fəaliyyət göstərir.
- Mətbuatın hazırkı durumunu necə qiymətləndirirsiniz?
- Mən istərdim ki, Azərbaycanda iqtisadi dayaqları çox güclü olan mətbuat olsun. Jurnalistlərin sosial-məişət problemləri olmasın. Ancaq hazırda belə deyil. Bu gün Azərbaycanda mətbuatın vəziyyəti bizi tam qane etmir. Hər yerindən duran, qələm tutmağı bacaran sayt açır və istədiyini yazır. Artıq saytları zibil yeşiyinə çeviriblər. Təbii ki, bu hamıya aid deyil. Ancaq belələri üstünlük təşkil edir. Mən qəbul edə bilmirəm ki, jurnalist sahibkarın, məmurun qapısını döyüb hansısa probleminin həlli üçün ona ağız açır...
- Reket jurnalistləri nəzərdə tutursunuz?
- Mən onları reket yox, dilənçi adlandırıram. Bu, rəsmən dilənməkdir. Buna yol vermək olmaz. Düzdür, Mətbuat Şurası bu proseslə mübarizə aparır. Lakin bu yalnız onların işi deyil. Əsl mətbuat da bu istiqamətdə mübarizə aparmalıdır, məmurlar da, cəmiyyət də mübarizə aparmalıdır. Biz məmurlara deyirik ki, əgər jurnalist sizin qapınızı döyürsə, pul təklif etməyin, onların suallarına cavab verin. İnsanları dilənçiliyə öyrətməyin. Mübarizəni bir yerdə aparmalıyıq ki, söz və mətbuat əvvəlki hörmətinə qayıtsın. Mən istərdim ölkədə reklam bazarı o qədər geniş olsun ki, bizim heç kimdən asılılığımız olmasın. Ancaq bu halda mətbuat sərbəst olur, heç kimin təsiri altına düşmür. Kiminsə siyasi əmrlərini yerinə yetirmir. O zaman mətbuat 4-cü hakimiyyət olub, ictimai nəzarət funksiyasını yerinə yetirir. Mən istəyirəm ki, rəhbərlik etdiyim sayt “life” (layf) media saytı olsun. Hadisə yerindən canlı yayımlar olsun.
- Şəxsi planda arzularınız nələrdir?
- Şəxsli planda ən böyük arzularım övladlarımla bağlıdır. İki oğlum var. Böyük oğlum Habil Sankt-Peterburqda İqtisad Universitetini fərqlənmə ilə bitirib, ailə qurub. Onun gələcək təhsili və karyerası ilə bağlı arzularım var. İkinci oğlum da bu il Bakı Dövlət Universitetini bitirib, dövlət imtahanını verib, hərbi xidmətə hazırlaşır. Qayıtdıqdan sonra onunla bağlı da arzularım var. Hər ikisi beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. İstəyirəm hər ikisi elə bir işdə çalışsın ki, Azərbaycan üçün, onun iqtisadi durumu üçün faydalı olsunlar, millət üçün nə isə etsinlər.
Özümün isə bircə istəyim var. Pafoslu çıxsa da, ən böyük arzum Qarabağa, Ağdama qayıtmaqdır. Özüm üçün bundan başqa heç nə arzulaya bilmirəm. Ən böyük istəyim övladlarımın əlindən tutub o torpaqlara aparmaqdır, onlara doğulub-böyüdüyüm yerləri göstərməkdir. Onlar Ağdam işğal olunduqdan sonra anadan olublar və o yerləri görməyiblər.
Biz onlara bunu təbliğ etməsək, 25-30 il sonra gələn gənc nəsil Qarabağı unuda bilər. Buna yol verməməliyik.
Yaşlandıqca insan daha çox doğulduğu yerə qayıtmaq istəyir. Gecə yuxularımda görürəm və durandan sonra deyirəm ki, kaş ayılmayaydım, uzun müddət yuxuda da olsa o yerlərdə qalaydım. Ən böyük arzum Qarabağlı Azərbaycan görməkdir.