Ceyhun Məmmədov,
Milli Məclisin deputatıErmənilərin Cənubi Qafqaza köçürüldüyü dövrdən başlayaraq bölgə xalqları hər zaman ermənilər tərəfindən kütləvi qətlə, yaşayış yerlərinin dağıdılmasına məruz qalıblar. Azərbaycan xalqı 1905 və 1918-ci illərdə ermənilər tərəfindən törədilən soyqırımı hadisələrini yaxşı xatırlayır. O dövrdə də ermənilər yaşlı, qadın, azyaşlı uşaq olmağına baxmayaraq Bakıda və bölgələrdə kütləvi qətllər törətdilər, çoxlu sayda Azərbaycanlını qətlə yetirdilər. Qeyd etmək lazımdır ki, bu hadisələrin qurbanları yalnız azərbaycanlılar deyil, bölgədə yaşayan digər xalqların nümayəndələri də olub.
Ermənistan sonrakı illərdə də bu siyasəti davam etdirdi. Sovet dövründə İndiki Ermənistan ərazisində yaşayan Azərbaycanlılar bir neçə dəfə deportasiyaya məruz qaldılar. Ötən əsrin 50-ci və 80-ci illərində yüz minlərlə azərbaycanlı Ermənistanda kütləvi qətlə və qəsbə məruz qaldılar. Onların evləri ata-baba yurdları dağıdıldı, yerlə-yeksan edildi.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ermənistan havadarlarına güvənərək Azərbaycana qarşı təcavüz və soyqırımı siyasətini davam etdirdi. Xocalı soyqırımı bu hadisələr arasında xüsusi qəddarlığı ilə seçilir. Xocalı hadisəsi ötən əsrin ən ağır soyqırımı hadisələrindən biridir. Bu hadisələr zamanı yüzlərlə Azərbaycanlı növbəti dəfə Ermənilərin kütləvi qətl və təcavüzünə məruz qaldı.
O dövrdə ermənilər yalnız Xocalı soyqırımını törətmədilər. Azərbaycan xalqı Ağdaban, Başlıbel və Ballıqaya faciələrini də heç zaman unutmayacaq. Bu faciələr də ermənilər tərəfindən xüsusi amansızlıqla törədildi.
Vətən müharibəsi dövründə də ermənilər bu vəhşilik və qəddarlığı davam etdirdilər. Gəncənin, Tərtərin və digər şəhərlərimizin gecə vaxtı davamlı raket atəşinə məruz qalması erməni vəhşiliyinin növbəti bariz nümunəsi idi. Yenə yaşlı insanlar, qadınlar, uşaqlar erməni təcavüzünün qurbanına çevrildilər.
Bu gün də Ermənistan mətbuatını, sosial şəbəkələrin erməni seqmentini təhlil etdikdə azərbaycanlıalara qarşı nifrətin və düşmənçiliyin davamlı xarakter aldığını görürük. Ermənistanda hər yerdə azərbaycanlılara qarşı düşmənçilik təbliğ edilir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hazırladığı hesabat bütün bu faciələrlə bağlı məlumatları özündə müfəssəl ehtiva edir. Hesab edirəm Azərbaycan həqiqətlərinin, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması işinə sözügedən hesabat mühüm töhfə verə bilər. Hesabat hazırda davam edən informasiya müharibəsində bu istiqamətdə çalışan ayrı-ayrı dövlət qurumlarının masaüstü kitabı rolunu da oynaya bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.