İŞĞALÇI ERMƏNİSTANA HƏLƏ DƏ, BEYNƏLXALQ SANKSİYALAR TƏTBİQ OLUNMAYIB
Artıq “Terrorizm” milli sərhədləri aşmış, dünya birliyini təhdid etmiş və bütün ölkələrin maraqlarına təsir edən qlobal bir problemə çevrilmişdir. Bir qədər diqqətinizi Erməni terrorizminə çəkim. Ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror fəaliyyətləri yaxın tarixin ən mühüm hadisələrindən biri olmuşdur. Bu terrorizmin ən xarakterik xüsusiyyəti icrası zamanı zülmün pik səviyyəsinin yaşadılmasıdır. Materialı insandır. Erməni terrorçularının insan həyatına qarşı laqeydlikləri onların hərəkətlərində həlledici amillərdən başlıcasıdır.
Ermənilərin Azərbaycan torpaqlarında Azərbaycanlılara qarşı elə ötən əsrlərədən terror törətməklərində əsas məqsəd Azərbaycan torpaqlarının hesabına Ermənistan dövlətinin əsasını qoymaq və daha sonra “Böyük Ermənistan” xülyalarını gerçəkləşdirmək üçün hər yola əl atmaqdır. 1890-cı ildə Daşnaksütun partiyasının qurulmasıyla mənfur niyyətlərinə başlayan ermənilər Qafqazda, Türkiyədə və dünyanın digər bölgələrində qanlı faciələrə, qətliamlara və terror fəaliyyətlinə başladılar. Bu məcrada, Azərbaycan xalqına qarşı sistemli şəkildə planlanmış soyqırım və sürgün siyasətləri ilə bağlı ssenari üzrə elə tarix boyunca fərqli mərhələlərdə fərqli yollarla öz qanlı niyyətlərini həyata keçirməyə çalışmışlar.
XIX əsrin sonu, XX əsrin başlanğıcında, xüsusilə, 1905-1907 illərdə Bakıda və digər bölgələrdə dinc Azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlar, erməniərin çirkin və məkrli niyyətlərini üzə çıxardıqları ümumi soyqırım siyasətlərinin ilk pillələrindən birisi idi.
1915-ci ildən 1920-ci ilə qədər təsadüf edən ikinci mərhələdə ermənilərin silahlı daşnak və bolşevik birlikləri Bakıda və Azərbaycanın bir çox bölgələrində bənzəri görünməmiş soyqırım planlarını gerçəkləşdirdilər. Elə 1918-ci ilin 31 Mart soyqırımı da təsadüfi bir məkrli niyyət deyildi. 1918-ci ilin Mart-Aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğan zonasında, Lənkəranda 50mindən çox Azərbaycanlı qətlə yetirilmiş, evləri talan edilmiş, on minlərlə insan evlərindən didərgin salınmışdır. Təkcə, Bakıda 30mindən çox Azərbaycanlı vəhşicəsinə öldürülmüş, Şamaxı qəzasının 58kəndi yandırılmış, 1653-ü qadın və 965-i uşaq olmaq üzrə 8mindən çox əhali qanlarına qəltan edilmişdir. Quba qəzasının xeyli sayda kəndi yerlə bir edilmiş, Azərbaycanlılar ilə birlikdə azlıq təşkil edən Dağ Yəhudiləri də, soyqırıma məruz qalmışdır. Azərbaycan Xalq Cumhuriyyəri 1918-ci ildə qurulduqdan sonra 31 Mart Soyqırım günü – Hüzn günü elan edilmişdir. Bununla paralel Xalq Cumhuriyyəti ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın araşdırılması üçün Tədqiqat Komissiyası yaratmış olsa da, SSRİ-nin yaranmasıyla bu iş o dövrdə başa çatdırıla bilməmişdir.
Azərbaycan xalqının başına gətirilən müsibətlər bunlarla da, bitmədi. Elə SSRİ yarandıqdan sonra o dövrdə də, xalqımız terror, qətliam və sürgünlərə məruz qaldı. Sadəcə, 1937-1938-ci illərdə Stalinin qurduğu Ölüm Düşərgəsi 70 mindən çox Azərbaycan Aydınlarını əzmiş, saysız-hesabsız müxtəlif işgəncələrə məruz qoymuş, bu zülmləri də az deyilmiş kimi hər birini yox etmişdir.
Sovet imperiyası çökdü və dağıldı, amma həyata keçirdiyi qanlı fəlakətlərin izi hələ də, tarixdə silinməz iz olaraq qalmaqdadır.
Bu da az deyilmiş kimi, etnik təmizləmə siyasətini tamamlamaq niyyətində olan ermənilər 1990-cı illərdə Azərbaycanlılara qarşı terror dalğasını genişləndirdilər və soyqırım siyasətinin bir sonrakı mərhələrinə keçdilər.
Faydalı qazıntılar ilə zəngin olan Azərbaycanın Dağlıq Qarabağ ərazisinə göz dikən ermənilər SSRİ-dən ayrı bir şəkildə, lakin yenə də, rusların yardımı ilə Azərbaycan torpaqlarına hücum etməyə başladılar. Bu dövrdə, Azərbaycanın müstəqillik qazanması, amma yenə də istiqrarlı bir hökümətin qurulmaması səbəbi ermənilər üçün xüsusi bir üstünlük olmaqda idi. Bu səbəblə ermənilər öz məkrli niyyətlərinə yenidən əl ataraq Dağlıq Qarabağ əhalisinə qarşı dünyada misli görülməmiş qətliam törətdilər və onları həm yurd-yuvalarından, həm də canlarından etdilər.
26 Fevral, 1992-ci il Xocalı Faciəsi..
Ermənilər XIX əsrin sonlarından etibarən Azərbaycan torpaqları hesabına dövlət qurmaq üçün həyata keçirdikləri fəaliyyətlərini bu gün də, ən strateji rayonlarımızdan biri olan Tovuz rayonunda və ona yaxın rayonlarda həyata keçirmək üçün can atır və dayanmadan atəşkəsi pozurlar. Lakin siyasi liderimiz, Ali Baş Komandanımız və güclü Azərbaycan ordusu qarşısında acizdirlər. Uzun illər boyu, hətda əsrlər boyu ermənilərin sözdə yalançı soyqırım iddialarına inanaraq ermənilərin lehinə bəzi ölkə parlamentləri qərarlar qəbul ediblər. Riyakar ermənilər Dünya İctimaiyyətini öz yalançı soyqırım iddiaları və yalan vədləri ilə hələ də, aldatmaqdadırlar. Elə qeyd edim ki, tarixi şərtlər səbəbi ilə, ermənilər tərəfindən 200il boyunca Azərbaycanlılara qarşı planlı şəkildə törədilən faciələr dünya ictimaiyyəti tərəfindən obyektiv şəkildə dəyərləndirilməmişdir.
Sadəcə və sadəcə müstəqillik qazandıqdan sonrakı illərdə müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci il, 26 Mart tarixində imzalanan “Azərbaycanlıların Soyqırımı Haqqında” qərarnaməsi soyqırım cinayətini işləmiş ermənilər haqqında hüquqi dəyərləndirmə idi.
Azərbaycanın Ermənistana tanıdığı vaxtın bitməsinə baxmayaraq, BMT-nin qəbul etdiyi qətnaməyə belə məhəl qoymayan işğalçı Ermənistanın 20% Azərbaycan torpaqlarını geri qaytaracağı ilə bağlı dünya miqyasında heç bir diplomatik həlli yoluna gedilməyib və Ermənistan tərəfinə hələ də beynəlxalq sanksiyalar tətbiq olunmayıb.
Bu o deməkdir ki, dünya gücləri ikili standartlara sahibdir və status-kvonun davam etməsinin öz mənafeləri üçün faydalı olduğu aydın şəkildə görünür.
Artıq 28 ildir ki, Azərbaycan ərazisinin 20% -i işğal altındadır. Bu dövrdə Azərbaycan iqtisadi, hərbi və digər potensialına görə Ermənistanı olduqca üstələyib. 28 ildən çoxdur ki, diplomatik danışıqların nəticəsi olmayıb. Bu danışıqlar Ermənistan üçün vaxt qazanmaqdan başqa bir şey deyil. Problemin həlli prosesində Azərbaycan tərəfi ilk növbədə sülh seçiminə üstünlük versə də, fikrimcə, verilən bu müddət onlar üçün artıq bitib.
Elə bu mənada, hər birimizə məlumdur ki, Ali Baş Komandan, Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edib – diplomatik və sülh danışıqları nəticələnməyəcəyi təqdirdə, Azərbaycan xalqı güclü ordusu ilə öz torpaqlarını hərb yolu ilə geri qaytaracaqdır.
Hətda bu yaxınlarda Prezident İlham Əliyev xatırladıb ki, Azərbaycan xalqı “bu mənasız danışıqlardan bezib”.
Ali Baş Komandan qeyd edib ki, “ona görə də bu məsələ ilə məşğul olanlar və bu günlər ərzində öz vasitəçilik təkliflərini irəli sürənlər bu haqda düşünsünlər, Azərbaycan xalqının səbri tükənməz deyil”!
ÜLKƏR PİRİYEVA - POLİTOLOQ