Ümummilli liderimizin şəxsiyyətinin və fəaliyyətinin mahiyyətinin dərk olunması 40 ilə yaxın müddətdə Azərbaycan ətrafında cərəyan etmiş hadisələrin təbiətinə, son dərəcə mürəkkəb problemlərin həlli yollarına işıq salır. Ulu öndərin mənalı və şərəfli ömür yolunun parlaq səhifələri xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Azərbaycanın son 40 illik tarixinin elə bir mərhələsi yoxdur ki, orada bu fenomenal şəxsiyyətin nəhəng işləri olmasın. Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi bir çox fitri keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir.
Heydər Əliyev hələ 1969-cu ildə birinci dəfə Azərbaycan Respublikasına hakimiyyətə gəldiyi ilk gündən respublikanın hərtərəfli inkişafının təməlini qoydu. Bu təməl üzərində təhsil, elm, kənd təsərrüfatı, neft sənayesi, neft emalı və neft-kimya sənayesi, ordu qoruyuculuğu öz inkişaf yoluna çıxdı. Ulu öndər hələ o vaxtdan müstəqil Azərbaycan üçün möhkəm özül yaratdı.
Heydər Əliyev qədər öz xalqını, onun tarixini, mədəniyyətini və dilini sevən ikinci bir şəxsiyyət tapmaq çox çətindir. SSRİ-nin ən sərt idarəçilik sistemi ilk növbədə "sovet xalqı" adı altında onun tərkibində olan xalqları ümumiləşdirmək ideyasını həyata keçirirdi, o cümlədən dövlət dili olaraq xalqların həm də öz dillərinin olmasını məqbul hesab etmirdi. Məhz dahi Heydər Əliyev öz xalqının müqəddəs dilini dövlət dili kimi Azərbaycan Respublikasının konstitusiyasına salmağa nail oldu. Heydər Əliyev SSRİ-nin məhv olacağı tarixi həqiqəti çox-çox illər öncə görürdü və müstəqil Azərbaycanın yaranacağını və onun öz dilinə böyük ehtiyacı olacağını bildiyindən onu qorudu və özünə layiq olan səviyyədə sevdirdi.
Heydər Əİiyev bu gün dünyanın enerji təminatçılarından biri olan Azərbaycanın uğurlarını hələ keçən əsrin 70-ci illərindəki müdrik qərarları ilə təmin etmişdi. Həmin illərdə neft sənayesinin inkişafı, "28 May", "Günəşli" yataqlarının mənimsənilməsi, Dərin Özüllər Zavodunun istifadəyə verilməsi, dənizin Azərbaycan sektorunda yeni neft və qaz yataqlarının kəşfi bu gün üçün əvəz olunmaz baza idi. Allah ulu öndərimizə rəhmət eləsin
Təbriz Abdullazadə,
ADAU TGT fakültə üzrə sədr müavini, AMAL-ın Lerik üzrə səfiri
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.