Yeni Azərbaycan Partiyasının yaradılmasından 26 il ötür
Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasından 26 il ötür.
Müstəqil Azərbaycan yeni Azərbaycandır. Müstəqil Azərbaycanda yeni ictimai-siyasi quruluş yaranıbdır. Yeni iqtisadiyyat formaları yaranıb, demokratiya, siyasi plüralizm inkişaf edir. Belə bir yeni Azərbaycan keçmişdə yaşadığımız, keçmişdə olan Azərbaycandan fərqlidir. Ona görə partiyamızın adı da Yeni Azərbaycan Partiyasıdır. Məhz Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır.
Bu fikirləri xalqımızın ümummilli lideri Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının onuncu ildönümündə demişdi. Ulu Öndərin də dediyi kimi, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirdi ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır.
Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda baş verən məlum hadisələrin - hakimiyyət uğurunda gedən çəkişmələrin, özbaşınalıqların, Ermənistanın torpaqlarımıza hərbi təcavüzünün cərəyan etdiyi bir vaxtda 91 vətənpərvər insanın tarixi missiyanı öz üzərinə götürərək Heydər Əliyevə müraciət göndərməsi, Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizdə gedən xoşagəlməz proseslərin qarşısının alınmasında əvəzsiz rol oynadı. Ulu öndər Heydər Əliyev 1970-1980-ci illərdə gördüyü işlərə, Azərbaycana verdiyi töhfələrə görə xalqımızın böyük sevgi və rəğbətini, dəstəyini qazanmışdı. Xalq bilirdi ki, onu bu çətin vəziyyətdən yalnız Heydər Əliyev amili, onun beynəlxalq aləmdəki siyasi çəkisi xilas edə bilər. Bir sözlə, xalq öz ümidini Heydər Əliyevə bağlamışdı. Məhz 91 nəfər ziyalının müraciəti də xalqın istəyinə və tələbinə söykənirdi.
1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu. Ancaq o dövrün mənzərəsinə nəzər salanda Azərbaycanın gələcəyi o qədər də parlaq görünmürdü: separatizm meyilləri güclənirdi, iqtisadi, sosial vəziyyət kifayət qədər gərgin idi, siyasi çəkişmələr getdikcə vəziyyəti daha da ağırlaşdırırdı. Bütün bunların fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, torpaq və insan itkiləri müstəqilliyin də itirilməsinə gətirib çıxara bilərdi. Xalqın ümid yeri olan Heydər Əliyevin siyasi meydana qayıdışı isə Azərbaycanı bəlalardan xilas etdi, yeni Azərbaycanın gələcək uğurlarına yol açdı.
Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı.
Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir səbəbi var idi - xalqın partiyanın sədrinə olan sevgisi, inamı. Çünki zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu.
1993-2003-cü illərdə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Ulu Öndər ölkə həyatında baş verən ən xırda problemə belə həssaslıqla yanaşdı və onun həllinə çalışdı. Bir zamanlar xəyal edilən iqtisadi layihələr həyata keçirildi. “Əsrin müqaviləsi” imzalandı, Heydər Əliyevin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdı. Dövlət, ordu quruculuğu sahəsində ciddi işlər görüldü. Azərbaycan beynəlxalq arenaya çıxdı. Xarici ölkələr, beynəlxalq təşkilatlar məhz Ulu Öndərin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığa başladılar.
Ümummilli Lider Azərbaycanın müstəqil və suveren dövlət kimi fəaliyyətini təmin edən kursu hazırladı və onu həyata keçirməyin bütün incə yollarını layiqli davamçısı İlham Əliyevə miras kimi qoydu. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan regionun ən qüdrətli dövlətidir, dünyada böyük nüfuza malikdir. Regionda Azərbaycanın razılığı olmadan heç bir layihə icra olunmur. Ölkə daxilində sabitlik, firavanlıq hökm sürür, insanların rifah halı gündən-günə yaxşılaşır. Elə bir sahə yoxdur ki, orda öyünə biləcəyimiz nailiyyətimiz olmasın. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi iqtisadi sahədə qazanılan uğurlardandır.
Artıq Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır. Partiyanın sıraları durmadan genişlənir. Bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir və onların 40 faizi gənclərdir. İyirmi altı illik şərəfli tarixə malik Yeni Azərbaycan Partiyası bu gün də ulu öndər Heydər Əliyevin ideyaları ilə yaşayır və inkişaf edir.