Əlcəzairin “Əl-Hərir” portalının baş redaktoru Əbdülqadir Xəlil Azərbaycan mediasına təşəkkür edib. Rəhbərlik etdiyi saytda yayımladığı təşəkkür yazısında “Əl-Hərir”in dünyanın problemlərini ədalətli və şəffaf işıqlandırdığı qeyd olunub və öz torpaqlarını erməni düşmənlərindən azad etmiş dost Azərbaycan Respublikasının probleminin bunlardan biri olduğunu qeyd edib.
Rəşadətli Azərbaycan ordusunun Qarabağ bölgəsini erməni işğalçılarından azad etməsi ilə illərlə sürən qanlı mübarizəyə son qoyulduğunu bildirib və 30 il ərzində Azərbaycan ərazisində dini-tarixi abidələrə vurulan zərərlərdən, məscidlərin, ibadət ocaqlarının dağıdılmasından, sivil insanların qətlə yetirilməsindən bəhs edib. Erməni qəsbkarlarının etdiyi bu vəhşi əməllərin “Əl-Hərir” saytında həm Azərbaycan, həm də ərəb jurnalistlərinin məqalələri ilə işıqlandırıldığını bildirən baş redaktor deputat Könül Nurullayeva və jurnalist Pərvanə İbrahimovanın adlarını çəkib. Qeyd edib ki, adıçəkilən müəlliflərin çox vacib və əhəmiyyətli məqalələri ilə Azərbaycan məscidlərinin necə qorxunc şəkildə dağıdıldıqlarının şahidi olduq.
Müəllif həmin materialları, xüsusilə Pərvanə İbrahimovanın "Əl-Hərir" saytında getmiş məqaləsini geniş işıqlandırmış Azərbaycanın bütün informasiya vasitələrinə, agentliklərə, saytlara, qəzetlərə, o cümlədən Azərtaca, ATV və İTV kanallarına dostluq və səmimi minnətdarlıq hisslərini çatdırır, təşəkkürlərini bildirir. Qeyd edir ki, bu, həm də elektron qəzetimizin Azərbaycan xalqı arasında tanınmasına və yayılmasına, həmçinin Əlcəzair və Azərbaycanın, xüsusilə də ərəb və Azərbaycan xalqlarının bir-birinə yaxınlaşmasına kömək edəcəkdir.
Baş redaktor əminliklə vurğulayır ki, “Əl-Hərir” bundan sonra da öz prinsiplərinə sadiq qalaraq ölkəmizin ədalətli mövqeyini işıqlandırmaqda davam edəcək, oxunması və yayılması mühüm olan məqalələri nəşr edəcək.
“Əl-Hərir”in rəhbəri məqaləsində Azərbaycan Respublikasını, onun rəhbərliyini və xalqını bu şanlı və qanuni ərazilərini azad edən qələbə münasibətilə təbrik edib, əmin-amanlıq, çiçəklənmə və azad olunmuş, dağıdılmış ərazilərin tezliklə bərpa olunub tikilməsini arzulayaraq fikirlərini “yaşasın Azəbaycan-ərəb dostluğu” sözləri ilə yekunlaşdırıb.
Material xəbər resursunun əsas başlığında yer alıb, ATV və İTV-nin videoxəbərləri ilə təqdim edilib.
Yeri gəlmişkən, bu portalda Azərtac-ın xəbərləri üçün ayrı guşə ayrılıb və orada Azərbaycan haqqında məlumatlar dövlət agentliyinə istinadla verilir.
Materiala bu linkdən daxil olmaq mümkündür:
https://alharir.info/%D8%AA%D8%AD%D9%8A%D8%A9-%D8%A5%D8%AD%D8%AA%D8%B1%D8%A7%D9%85-%D9%88%D8%AA%D9%82%D8%AF%D9%8A%D8%B1-%D9%88%D9%85%D9%88%D8%AF%D8%A9-%D8%A5%D9%84%D9%89-%D9%88%D8%B3%D8%A7%D8%A6%D9%84-%D8%A7%D9%84%D8%A5/