Azərbaycanla Ermənistan arasındakı atəşkəsin durumu tədricən 2020-ci ilin 27 sentyabrından – 44 günlük müharibədən əvvəlki dövrə qayıdır. Demək olar ki, hər gün sərhəd boyu, bəzən isə Qarabağda atışma baş verir və nəticədə hər iki tərəfdən yaralananlar, hətta ölənlər olur.
Sonuncu belə hadisə dünən – iyulun 23-də baş verib. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, həmin gün saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri öz ərazilərindəki mövqelərindən Azərbaycan ordusunun dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində Azərbaycan ordusunun gizir rütbəli hərbi qulluqçusu Yaqublu Fərman Telman oğlu həlak olub. Ermənistan Müdafiə Nazirliyi isə üç əsgərinin yaralandığını açıqlayıb.
Azərbaycan Müdafiə Nazirliyi dünən gün ərzində atışmanın davam etdiyini bildirib, bu gün isə vəziyyətin sabitləşdiyini açıqlayıb.
Hər iki tərəfin açıqlamalarından görünür ki, atəşkəsin pozulması adi hal alıb və bu tendensiya barədə xüsusi narahatlıq da ifadə edilmir. Müdafiə nazirlikləri atəşin pozulduğu istiqamətləri və itkilərin sayı barədə informasiya yayıb, qarşılıqlı ittihamdan o tərəfə keçmirlər. 10 noyabrdan sonra Qarabağda atəşkəsə məsul olan və ümumilikdə sülh, əməkdaşlıq prosesinə moderatorluq edən Rusiya da özünü rahat aparır. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev ötən günlərdə Moskvaya səfər edərək prezident Vladimir Putinlə görüş keçiriblər. Bu görüşlərdə tərəflər 10 noyabr Bəyanatının icrasını, regional kommunikasiyaların və nəqliyyat əlaqələrinin bərpasını müzakirə edən işçi qrupun fəaliyyətini, ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Açıqlanan rəsmi məlumata əsasən Putin Ermənistanın və Qərbin tez-tez səsləndirdiyi Qarabağın statusu və Minsk Qrupu həmsədrlərinin yenidən fəaliyyətə başlaması barədə İlham Əliyevlə hər hansı müzakirə aparmayıb. Bununla bərabər, o, Nikol Paşinyanla da Ermənistanın maraqlarına zidd hansısa mövzuları masaya yatırmayıb. Nəticədə belə mənzərə yaranır ki, Kreml bölgədəki hazırkı status-kvodan məmnundur, sərhədboyu atışmaların intensiv döyüş əməliyyatlarına çevriləcəyindən narahat deyil. Xatıqrladaq ki, ötən həftə Şuşa ətrafında növbəti atəşkəs pozuntusundan sonra sülhməramlılar zirehli texnika və artilleriyadan, minaatanlardan istifadə etməklə döyüş təlimləri keçirib, onun görüntülərini rəsmi kanallarla yaymışdılar.
Beləliklə, Moskvanın arxayınçılığını Bakı və İrəvandan atəşkəsin pozulmasına dair verilən sakit, statistik reaksiya tamamlayır. Əlbəttə, Azərbaycanın rəsmi reaksiyasında hiss olunmasa da, situasiyanın bu şəkildə davam etməsi ciddi narahatlıq mənbəyidir. Çünki Azərbaycan rəhbərliyi müharibənin bitdiyini və münaqişənin başa çatdığını elan edib. Bu bəyanatla real vəziyyətin üst-üstə düşməməsi daxili ictimai rəydə ciddi sualların səslənməsinə rəvac verir.
Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, silahların susmamasına paralel olaraq, Azərbaycanla Ermənistan arasında sülh razılaşması barədə daxili müzakirələr də davam etdirilir. Bu günlərdə Ermənistanın ikinci prezidenti Robert Koçaryan yerli telekanallara müsahibəsində bildirib ki, Bakı və İrəvan arasında hansısa razılaşmalara hazırlıq gedir. Koçaryanın fikrincə, söhbət çox ciddi təhlükələrə səbəb ola biləcək sülh sazişindən gedə bilər: “Nəzərə alsaq ki, xalqımızın əhəmiyyətli bir hissəsi oktyabr-noyabrda baş verənləri həzm edib, bəli, belə razılaşmaya hazırlıq gedə bilər. Bu sənədin imzalanması Azərbaycanın ərazi bütövlüyünü tanımadan mümkün olmayacaq. Bu isə Qarabağın gələcəyi üzərindən xətt çəkilməsi deməkdir”.
Xatırladaq ki, bir həftə əvvəl Nikol Paşinyan Nazirlər Kabinetinin iclası zamanı bildirib ki, sülh və sabitliyin alternativi yoxdur: “Ermənistan hökuməti bölgə üçün dinc inkişaf dövrü açmaqda qərarlıdır”.
Lakin Ermənistan tərəfi sülh danışıqları üçün bir neçə şərt irəli sürüb. Paşinyan deyib ki, Azərbaycan ordusu, onların iddia etdiyi kimi, Ermənistan ərazisindən geri çəkilsin, Qarabağın statusu məsələsi müzakirəyə çıxarılsın, Minsk Qrupu çərçivəsində danışıqlar bərpa olunsun. Azərbaycan prezidenti İlham Əliyev isə dövlət televiziyasına müsahibəsində deyib ki, Qarabağdakı 25 min erməni üçün status yaratmaq məntiqə sığmır: “Mən deyirəm, bu məsələni həll etmişəm, vəssalam! Dağlıq Qarabağ yoxdur, status yoxdur!”
Bəyanatlardan göründüyü kimi, siyasi ritorikada sülhün zəruriliyi barədə fikirlər olsa da, mövqelər kifayət qədər antoqonistdir. Cəbhədə itkilərlə müşahidə olunan atışmalar, Rusiyanın necə deyərlər, buna şərait yaratması tərəflər arasında uçurumu dərinləşdirir. Beləliklə, situasiyadan o qənaət hasil olur ki, bölgədə Rusiyanın iradəsindən kənar heç nə baş vermir, Moskva böhranı saxlamaq və idarə etməklə maraqlarını təmin edir.