AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Vəkillərin “Elektron məhkəmə” informasiya sistemindən səmərəli istifadəsi” mövzusunda videokonfrans keçirilib

  • + A
  • - A
  • 2-11-2021, 18:00


    Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sisteminin müasir çağırışlara uyğun təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilir, ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması məqsədilə rəqəmsal innovasiyalar geniş tətbiq olunur, məhkəmə infrastrukturunun müasirləşdirilməsi çərçivəsində yüksək texnoloji (hi-tech) məhkəmələr yaradılır. Artıq 10 ildən çoxdur məhkəmələrin vahid internet portalı insanlara xidmət edir, həmçinin "Elektron məhkəmə" informasiya sistemi yaradılaraq fəaliyyət göstərir.
    Bu sistemin tətbiqi ədalət mühakiməsinin səmərəsini artırır, şəffaflığı və operativliyi təmin edir, proses iştirakçılarına "şəxsi kabinetə" sahib olmaqla tərəf olduqları işlər barədə məlumatları elektron qaydada əldə etmək, prosesdə videokonfrans formatında iştirak etmək imkanı yaradır.
    Proses iştirakçılarının həmin sistemdən istifadə vərdişlərinin artırılması, informasiya sisteminin keyfiyyətli və dayanıqlı fəaliyyətinin təmin olunması, praktikada yaranan çətinliklərin həlli ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən tədbirlər müəyyən edilib, o cümlədən e-məhkəmə istifadəçiləri üçün "qaynar xətt" yaradılıb, sistemin tətbiqi imkanlarına dair ictimai təqdimatlar, təlimlər və seminar-müşavirələr keçirilir.
    Ədliyyə Nazirliyi tərəfindən Vəkillər Kollegiyası ilə birgə “Vəkillərin “Elektron məhkəmə” informasiya sistemindən səmərəli istifadəsi” mövzusunda videokonfrans keçirilib.
    Vəkillər Kollegiyası Rəyasət Heyətinin, Büro rəhbərlərinin və 200-dək vəkilin iştirak etdiyi tədbirin açılışında nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova və Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək məhkəmə fəaliyyətində rəqəmsal innovasiyaların, o cümlədən elektron məhkəmənin tətbiqinin əhəmiyyətini, onun şəffaflığa və vətəndaş məmnunluğuna, həmçinin vəkillər və hakimlər arasında prosessual münasibətlərin səmərəli həyata keçirilməsinə xidmət etdiyini qeyd ediblər.
    Sonra nazirliyin Təşkilat-nəzarət baş idarəsinin rəisi Elçin Qasımov və İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə, Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlı tərəfindən "Elektron məhkəmə" informasiya sisteminin yaradılması və əhəmiyyətinə, sistem vasitəsilə məhkəmə monitorinqinin aparılmasına, ondan istifadə təcrübəsinə və praktiki çətinliklərə, e-məhkəmə çərçivəsində vəkillər üçün yaradılmış xidmətlərə dair çıxışlar edilib.
    Bildirilib ki, dövlət başçısının 2014-cü il 13 fevral tarixli Sərəncamı ilə yaradılmış və məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edən e-məhkəmə sistemi elektron sənəd dövriyyəsini, məhkəmə proseslərinin audio və videoyazısını, videokonfransların keçirilməsini təmin edir. Onun digər dövlət qurumları ilə qarşılıqlı inteqrasiyası hesabına zəruri sənədlərin ani vaxt rejimində əldə olunması insanların, proses iştirakçılarının rahatlığına xidmət etməklə əlavə vaxt itkisinin qarşısını alır.
    Hazırda bütün məhkəmələrin 2/3-ni əhatə edən bu sistemin gələn il ölkə üzrə tam təmin olunması nəzərdə tutulur.
    Bundan başqa, məhkəməyə əlçatanlığın asanlaşdırılması məqsədilə kompüterə qoşulmadan məlumatları dərhal əldə etməyə, prosesdə mobil qaydada iştiraka və s. imkan verən “Mobil məhkəmə” tətbiqi, “süni intellekt”dən istifadə, intellektual idarəetmə və digər rəqəmsal yeniliklər barədə məlumat verilib. E-məhkəmə sistemində “şəxsi elektron kabinet” vasitəsilə apellyasiya şikayətlərinin elektron qaydada təqdim edilməsi imkanları əyani nümayiş etdirilib.
    Səmimi və konstruktiv dialoq şəraitində keçən tədbirdə elektron məhkəmə sisteminin funksionallığının artırılması, texniki və proqram təminatının təkmilləşdirilməsi, ondan istifadə imkanlarının sadələşdirilməsi və s. ilə bağlı səmərəli fikir mübadiləsi aparılıb, vəkilləri maraqlandıran suallara aydınlıq gətirilib, aparılan faydalı müzakirələrin əhəmiyyəti qeyd olunaraq Ədliyyə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ifadə edilib.
    Həmçinin, vəkillərin bu sahədə bilik və bacarıqlarının artırılması məqsədilə Ədliyyə Akademiyasında təlimlərin təşkili, o cümlədən təlimçi vəkillərin hazırlanması, vəkilliyə namizədlərin tədris kursuna müvafiq mövzuların daxil edilməsi qərara alınıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR