Oktyabrın 4-5-də Macarıstanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində Budapeştdə "Rəqəmsal texnologiyalar və süni intellekt – Avropada ədalət mühakiməsi üçün yeni çağırışlar" mövzusunda Avropa ədliyyə nazirlərinin konfransı keçirilib. Tədbirdə ölkəmizi ədliyyə naziri Fikrət Məmmədov təmsil edib.
Konfransın açılışında Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç, Macarıstanın ədliyyə naziri Yudit Varqa giriş sözü ilə çıxış ediblər. Tədbirdə rəqəmsal dövrdə ədalət mühakiməsinə əlçatanlıq, bu sahədə funksionallığın artırılması və süni intellektin tətbiqi kimi aktual məsələlər müzakirə olunub, nazirlər tərəfindən innovasiyalara və yaxşı təcrübələrə dair təqdimatlar keçirilib.
Çıxış edən Azərbaycanın ədliyyə naziri dünyada hökm sürən qlobal pandemiyanın ədalət mühakiməsinin rəqəmsallaşması prosesini daha da şərtləndirdiyini qeyd edərək Avropa məhkəmə sistemlərinin getdikcə kağız formatından elektron prosedurlara keçdiyini bildirib, Azərbaycanda dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatlarından, o cümlədən bu sahədə innovasiyaların tətbiqindən danışıb, beynəlxalq aləmdə təqdir olunan müsbət təcrübəmizlə bölüşüb.
Bildirib ki, Azərbaycanda İKT-nin inkişafı, rəqəmsal dövrə keçid 2030-cu ilədək sosial-iqtisadi tərəqqinin əsas prioritetlərindən olmaqla məhkəmə-hüquq islahatları çərçivəsində Dünya Bankının iştirakı ilə məhkəmə infrastrukturu müasirləşdirilərək yüksək texnoloji (hi-tech) məhkəmələr yaradılıb. Artıq 10 ildən çoxdur məhkəmələrin vahid internet portalı insanlara xidmət edir, həmçinin müasir innovasiyalar tətbiq olunmaqla "Elektron məhkəmə" informasiya sistemi fəaliyyət göstərir. Bütün məhkəmələrin 2/3-ni əhatə edən bu sistemin yaxın gələcəkdə ölkə üzrə tam təmin olunması nəzərdə tutulur. Eyni zamanda bir neçə ildir ki, kommersiya mübahisələri üzrə icraat yalnız elektron qaydada aparılır.
Tədbir iştirakçıları həmçinin digər bir yenilik – "Mobil məhkəmə" tətbiqi barədə məlumatlandırılıb, onun məhkəməyə əlçatanlığı asanlaşdırdığı, kompüterə qoşulmadan məlumatları dərhal əldə etməyə, prosesdə mobil qaydada iştiraka imkan verdiyi diqqətə çatdırılıb.
Nazir çıxışında ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Böyük Qələbə nəticəsində 30 illik erməni işğalından azad edilmiş və Ermənistan tərəfindən tamamilə dağıdılmış torpaqlarımızda aparılan nəhəng bərpa-quruculuq işləri çərçivəsində rəqəmsal texnologiyalar tətbiq olunmaqla "ağıllı şəhər" və "ağıllı kənd"lərin yaradılmasını qeyd edib.
F.Məmmədov konfrans iştirakçılarının diqqətini xüsusilə yenidənqurma prosesinə ciddi mane olan Ermənistan tərəfindən işğal dövründə ərazilərimizin minalanmasına cəlb edərək bununla Azərbaycanın dünyada ərazilərinin ən çox minalandığı ölkələrdən biri olduğunu vurğulayıb.
Mülki insanların həmin minalara düşərək həlak olması və ya yaralanması nəzərə alınaraq əhali arasında yeni qurbanların qarşısını almaq naminə beynəlxalq ictimaiyyət Ermənistanın mina xəritələrini verməsi üçün təsir etməyə çağırılıb.
Konfrans çərçivəsində həmçinin, bir çox dövlətlərin ədliyyə nazirləri ilə görüşlər keçirilib, əməkdaşlığa dair faydalı fikir və təcrübə mübadiləsi aparılıb. Konfrans və görüşlər zamanı Azərbaycanda məhkəmə-hüquq islahatlarına və bu sahədə nailiyyətlərinə böyük maraq göstərilib.
Tədbirlərdə Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə iştirak edib.