Cari ilin 25 fevral tarixində Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfirliyində Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı anım mərasimi -matəm konserti keçirilib.
Səfirliyin önündə Xocalı soyqırımını əks etdirən bannerlər asılıb, foyesində isə foto sərgi təşkil edilib
Tədbir Xocalı soyqırımı zamanı həlak olanların xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Belarus Xarici işlər nazirliyinin MDB ölkələri baş idarəsinin rəisi Molunov Sergey Petroviç, Türkiyə, Pakistan, İsrail, İran, Qazaxıstan, Özbəkistan və Ukraynanın Belarusda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin başçıları və diplomatları, Yunanıstanın fəxri konsulu, Belarusda yaşayan müsəlmanların dini birliyinin rəhbəri Abu-Bəkir Şabanoviç, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rüfət Quliyev, MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibinin müavini - Azərbaycan Respublikası Milli Məclisinin MDB Parlamentlərarası Assambleyasında səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, Belarus Azərbaycan İcmaları Konqresi, Minskdə fəaliyyət göstərən “Qobustan”, Qomeldə fəaliyyət göstərən “Ocaq” və Moqilyovda fəaliyyət göstərən “Azəri” cəmiyyətlərinin rəhbərləri və üzvləri, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Səfir Ülvi Baxşəliyev ermənilərin Azərbaycana qarşı apardığı işğalçı, etnik təmizləmə siyasəti və xalqımıza qarşı həyata keçirtdikləri vəhşiliklər barədə geniş məlumat verib. 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımı miqyasına və amansızlığına görə əsrin ən dəhşətli soyqırımlarından biri olduğunu söyləyib. Xocalı soyqırımı və Ermənistanın Azərbaycan Respublikasına təcavüzü zamanı törətdiyi digər cinayətlərin hərbi cinayətlər, insanlığa qarşı cinayətlər olduğunu vurğulayaraq, bunun insan hüquqları və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması olduğunu diqqətə çatdırıb.
Səfir hazırda 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatının Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul etdiyini bildirib.
Avropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu ildə qəbul etdiyi qərarında Xocalı soyqırımını törədənlərin davranışının hərbi cinayət və insanlıq əleyhinə cinayət kimi qiymətləndirildiyini qeyd edib.
Ü.Baxşəliyev beynəlxalq hüquqa əsasən dövlətlərin, Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilən vəhşilik kimi, cinayətləri araşdırmaq və cinayətkarları mühakimə etmək öhdəliyi daşıdığını qeyd edərək, bu günədək, Xocalıda törədilən cinayətlərə görə məsuliyyət daşıyanların heç birinin cinayət məsuliyyətinə cəlb olunmadığının böyük haqsızlıq olduğunu, lakin Azərbaycan dövləti tərəfindən beynəlxalq hüquq çərçivəsində görülən davamlı iş nəticəsində bu cinayətlərin iştirakçılarının və təşkilatçılarının ədalət məhkəməsi qarşısına çıxarılacağına əmin olduğunu söyləyib.
Səfir 44 günlük Vətən Müharibəsi zamanı da Ermənistanın 1992-ci ildə olduğu kimi terror taktikasına əl ataraq döyüş əməliyyatların getdiyi cəbhə bölgəsindən uzaqda yerləşən, Azərbaycanın Gəncə, Bərdə, Tərtər kimi şəhərlərinin mülki əhalisini və mülki infrastrukturunu məqsədli şəkildə hədəfə aldığını diqqətə çatdırıb. Ermənistanın Azərbaycanın dinc əhalisini beynəlxalq qanunlarla zidd olaraq raket qurğuları və kaset sursatlarından istifadə edərək atəşə tutduğunu, dinc əhalini qətlə yetirdiyini vurğulayıb.
Ü.Baxşəliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun işğal altında olmuş torpaqlarımızı azad edərək, ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini, işğaldan azad olunmuş ərazilərimizdə hazırda böyük bərpa və quruculuq işləri aparıldığını diqqətə çatdırıb.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rüfət Quliyev 44 günlük Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun şanlı qələbəsindən, Azərbaycan əsgərinin göstərdiyi igidlikdən və ölkəmizin ərazi bütövlüyünün bərpasından, hazırda Qarabağda aparılan böyük quruculuq işlərindən danışıb. Azərbaycanlılara qarşı törədilmiş bu ağır cinayətin gələcəkdə digər millətlərə qarşı da təkrarlanmaması üçün, beynəlxalq aləm tərəfindən buna hüquqi qiymətin verilməsinin zəruriliyini bildirib.
Sonra matəm konsert proqramı başlayıb və Belarus dövlət filarmoniyasının kvartet qrupunun ifasında Q.Qarayevin “Matəm odası”, “Ayişənin ölümü”, Ü.Hacıbəyovun “Arazbarı”, S.Baxın “Ariya”, C.Puççininin “Xrizantema” və T.Albinoninin “Adjaio” əsərləri ifa edilib.
Tədbirin sonunda ehsan süfrəsi açılıb.
Bununla yanaşı Səfirliyin təşkilatçılığı ilə Minsk Məscidində də Xocalı soyqırımını əks etdirən foto sərgi təşkil edilmiş, cümə namazı zamanı Xocalı soyqırımı qurbanlarının ruhlarına dualar oxunub və ehsan verilib. Eləcə də Səfirliyin təşəbbüsü ilə 24 fevral tarixində Minskdə fəaliyyət göstərən “Azərbaycan evi”ndə Belarus Azərbaycan İcmaları Konqresi və Minskdə fəaliyyət göstərən “Qobustan” cəmiyyətləri tərəfindən Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunmuş və ehsan verilib.