AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan nümayəndə heyəti vərəmlə mübarizəyə həsr olunan beynəlxalq tədbirlərdə iştirak edib

  • + A
  • - A
  • 19-07-2022, 18:51

    Azərbaycan nümayəndə heyəti vərəmlə mübarizəyə həsr olunan beynəlxalq tədbirlərdə iştirak edib

    Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkilatçılığı ilə İsveçrənin Cenevrə şəhərində “Həbsxanalarda sağlamlıq” mövzusunda Birinci Ümumdünya Konfransı keçirilib.
    Tədbirin məqsədi səhiyyə müəssisələrinin rəhbər şəxsləri, yüksək səviyyəli menecerlər, elmi mütəxəssis və tədqiqatçıların həbsxanalarda səhiyyə barədə məlumatlılığını, bilik və bacarıqlarını artırmaqla, həbsxanalarda sağlamlığın qorunması istiqamətində ümummilli idarəetmə yanaşmasını birgə təşviq etməkdən ibarət olub.
    80-dən çox ölkədən 450-dən artıq nümayəndənin, o cümlədən BQXK-nın Cenevrə ofisinin rəhbər şəxslərinin və menecerlərinin, bütün qitələr üzrə rəhbər mütəxəssislərin, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Avropa Şurasının təmsilçilərinin, cəza-icra sistemlərinin inzibati rəhbərlərinin və tibb xidməti işçilərinin qatıldığı konfransda Azərbaycanın Ədliyyə və Səhiyyə nazirliklərinin rəhbər şəxsləri, TƏBİB-in və vətəndaş cəmiyyəti institutunun nümayəndələri iştirak ediblər.
    Konfransın açılışında BQXK-nın prezidenti Piter Maurer, İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyinin direktoru Patrisiya Danzi, BQXK-nın azadlıqdan məhrumetmə yerlərində tibbi xidmətlər proqramının koordinatoru Elena Leklerk, BQXK-nın azadlıqdan məhrum edilmiş şəxslərin məsələləri üzrə bölməsinin rəhbəri Terri Hakett, həmçinin telekörpü ilə ÜST Avropa Regional Bürosunun direktoru Hans Klüge çıxış ediblər.
    Plenar, panel, poster sessiyaları və seminarları ilə davam edən tədbirdə COVID-19 ilə mübarizə zamanı əldə edilən təcrübə, sağlamlığın beynəlxalq norma və standartları, həbsxanalarda tibb xidmətlərinin idarə edilməsi və liderlik, insan resursları, yoluxucu və qeyri-yoluxucu xəstəliklər, mental sağlamlıq, həssas qruplara aid məhkumların səhiyyə ehtiyacları, həbsdə olan insanların təcrübəsi, sağlamlığın və ləyaqətin qorunmasında tibb mütəxəssislərinin rolu, narkotik asılılığın müalicəsi və zərərin azaldılması, sağlamlığın beynəlxalq standartları və digər mövzularda müzakirələr aparılıb.
    Vərəmlə mübarizədə Azərbaycanın təcrübəsi nəzərə alınaraq BQXK Cenevrə ofisinin təşəbbüsü ilə “Yoluxucu xəstəliklər: vərəm və qanla ötürülən xəstəliklər” mövzusunda simpoziumun gündəliyinə “COVID-19 pandemiyası şəraitində Azərbaycanın penitensiar müəssisələrində vərəmə nəzarət tədbirləri” barədə təqdimatın keçirilməsi daxil edilib və Ədliyyə Nazirliyi Tibb baş idarəsinin rəisi Rəfail Mehdiyev tərəfindən təqdimatla çıxış edilərək iştirakçıların sualları cavablandırılıb.
    Cəzaçəkmə müəssisələrində vərəmlə mübarizə sahəsinə cəlb olunmuş vətəndaş cəmiyyəti nümayəndəsinin də fəal iştirak etdiyi xüsusi sessiyalarda müxtəlif mövzulara həsr olunmuş 5 poster nümayiş etdirilib, iştirakçılara təqdim olunmuş Azərbaycanın bu sahədə təcrübəsi maraqla qarşılanıb.
    Tədbir zamanı BQXK-nın, bir sıra iştirakçı dövlətlərin nümayəndələri, vərəm üzrə ekspertlər və rəhbər vəzifəli şəxslər ilə görüşlər keçirilib, vərəmlə mübarizə sahəsinin aspektləri ilə bağlı fikir mübadiləsi aparılıb, vərəmlə mübarizədə Azərbaycanın nailiyyətləri təqdir olunaraq bu sahədə uğurlu təcrübəsinin digər ölkələr üçün yaxşı nümunə olduğu vurğulanıb.
    Həmçinin Çin Xalq Respublikası, Banqladeş, Filippin, El-Salvador ölkələrinin Azərbaycanın ÜST ilə Beynəlxalq Əməkdaşlıq Mərkəzində vaxtilə təlim keçmiş və təcrübə səfərlərində olmuş nümayəndələri ilə görüşlər keçirilib, vərəmlə mübarizədə Azərbaycan modelinin artıq digər dövlətlərdə tətbiqinə başlanıldığı qeyd olunub.
    Azərbaycan nümayəndə heyətinin Cenevrəyə səfəri çərçivəsində Qlobal Sağlamlıq Kampusunda Vərəmə Son Tərəfdaşlığı Təşkilatının təşəbbüsü və Qlobal Fondun Cenevrədəki ofisinin dəstəyi ilə növbəti tədbir keçirilib.
    Vərəmə Son Tərəfdaşlığı beynəlxalq təşkilatının icraçı direktoru Dr. Luçika Ditiu, Qlobal Fondun Vərəm sektorunun rəhbəri Eluid Vandvalo, Departament rəhbəri Urban Veber, ÜST, Qlobal Fond və Vərəmə Son Tərəfdaşlığının digər təmsilçilərinin iştirak etdiyi görüşə 100-ə yaxın dinləyici, o cümlədən ölkəmizdən maraqlı tərəflər, TƏBİB-in və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri hibrid formada qatılıblar.
    Tədbirdə nazirliyin Tibb baş idarəsinin rəisi “Həbsxanalarda vərəmin idarə edilməsində Azərbaycan təcrübəsi” mövzusunda təqdimatla çıxış edib. Eyni zamanda, qeyri-hökumət təşkilatının nümayəndəsi tərəfindən birgə həyata keçirilən azadlığa buraxıldıqdan sonra keçmiş məhkumlarda vərəmin müalicəsinin sonacan izlənilməsi təcrübəsi barədə edilmiş növbəti təqdimat böyük maraq doğuraraq müzakirələrə səbəb olub.
    Vərəmlə mübarizəyə həsr olunmuş Azərbaycanın posterləri beynəlxalq təşkilatların xahişi ilə müvafiq ofislərdə yerləşdirilmək üçün qarşı tərəfə təqdim olunub.
    Keçirilən bütün tədbirlərdə 44 günlük Vətən müharibəsində Böyük Qələbə qazanan ölkəmizin hərtərəfli davamlı tərəqqisinə xidmət edən islahatlar, işğaldan azad edilmiş doğma torpaqlarımızda aparılan bərpa-quruculuq işləri barədə məlumatlar verilib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR