Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 12 avqustda Ağsu və İsmayıllı rayonlarına səfəri zamanı bir sıra tədbirlərdə, o cümlədən sosial, mədəni və iqtisadi xarakterli obyektlərin açılışında iştirak edib, bərpa-tikinti işləri ilə yerində tanış olub. Səfərin sonunda Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına geniş müsahibə verib. Müsahibə zamanı, Prezident Ağsu və İsmayıllı rayonlarında aparılan konkret işlərdən bəhs etmiş, eyni zamanda ölkə miqyaslı məsələlər barədə fikir və rəylərini bildirmişdir. Bundan əlavə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda görülən işlər, mövcud vəziyyət və gələcək perspektivlər barədə danışmışdır. Xüsusən də o, son günlərdə Laçın rayonu istiqamətində erməni silahlı birləşmələrinin təxribatları və onlara cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi “Qisas” əməliyyatına dair bəyanatlar vermişdir.
Bütün bölgələrimizdə geniş vüsətlə aparılan quruculuq-abadlıq işləri, sosial-iqtisadi və mədəni layihələr Ağsu və İsmayıllı rayonlarında da fəal surətdə icra olunur. Prezident İlham Əliyevin bölgələrimizə müntəzəm səfərləri həmin aparılan işlərin birbaşa onun nəzarətində və diqqət mərkəzində olmasından xəbər verir. Prezident bildirdi ki, qazlaşdırma və elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı Ağsu və İsmayıllı rayonlarında çox böyük layihələr icra edilmişdir. Belə ki, İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Ağsu və İsmayıllıda son dövrdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuşdur və elektriklə təchizat tam təmin edilib. Kənd yolları bərpa edilir və yeniləri inşa edilir. Eləcə də, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir. Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilmişdir, 100-ə yaxın məktəb inşa edilmiş və yaxud da əsaslı şəkildə təmir olunmuşdur.
Rayonlarda əhalinin işlə təminatı üçün yeni iş yerləri yaradılır. Bununla belə, əhalinin təbii artımı yeni iş yerlərinin açılmasına olan ehtiyacı daim artırır. Buna görə də bu vacib məsələ daim dövlət başçımızın diqqət mərkəzindədır və bu istiqamətdə davamlı və sistemli işlər aparılır, yen-yeni iqtisadi obyektlər yaradılır. Misal olaraq, Ağsu rayonunda böyük aqroparkın fəaliyyətini qeyd etmək olar. Orada 200-ə yaxın iş yeri açılıb. Ölkədə özəl sektor və sərbəst iqtisadi fəaliyyət üçün yaradılmış şərait yeni iş yerlərinin açılmasına kömək edir. Kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə qəbul edilmiş qərarlar öz bəhrəsini verir. Eləcə də, regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqramların uğurlu icrası, sahibkarlara güzəştli kreditlərin verilməsi, özünəməşğulluq layihələrinin həyata keçirilməsi yeni iş yerlərinə artan tələbatın qarşılanmasında mühüm rol oynayır.
Yeri gəlmişkən, İsmayıllı rayonunun Basqal qəsəbəsinə Prezident İlham Əliyevin avqustun 12-də səfəri zamanı açılışında iştirak etdiyi “Basqal Resort & Spa” otelinin inşa edilib istifadəyə verilməsi nəticəsində 300-ə yaxın yeni iş yeri yaranır ki, burada da yerli sakinlər çalışacaqlar. Bölgələrdə yaradılan müəssisələrdə yerli sakinlərin işə cəlb olunmasına xüsusi diqqət yetirilir. 179 yerlik otaqdan ibarət yeni otelin açılması bölgənin turizm potensialının reallaşdırılmasına böyük bir töhfədir. Turizmin inkişaf etdirilməsi və digər sosial-iqtisadi layihələrin həyata keçirilməsi ilə yanaşı, bölgələrimizdə milli-mənəvi və mədəni abidələrimizin qorunması da önəmli məsələdir. Təsadüfi deyildir ki, öz unikallığı ilə bütün Qafqaz bölgəsində seçilən və yaşı 500 ildən çox olan Qobustan rayonu ərazisində yerləşən “Diri Baba” türbəsi bərpa və konservasiya olunub.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsi zamanı erməni qanunsuz silahlı birləşmələrinin son günlər Laçın rayonunda törətdiyi təxribatlara qarşı keçirdiyimiz “Qisas” əməliyyatının qısamüddətli, amma çox təsirli cəza tədbiri olduğunu bildirdi. “Qisas” əməliyyatından sonra Ermənistan yüzlərlə hərbçisini Qarabağ bölgəsindən çıxarıb. Prezident bir daha erməni tərəfinə xəbərdarlıq etdi ki, yenidən oxşar təxribatlar olacağı halda, cavabımız da eyni olacaq.