“Azərbaycanın Afrin əməliyyatlarında Türkiyəyə verdiyi siyasi dəstəkdən məmnunuq” — Rəsmi Ankaradan AÇIQLAMA
“Türkiyə Silahlı Qüvvələri tərəfindən yanvarın 20-də PKK terrorçularına qarşı Suriyanın Afrin rayonunda başladılan hərbi əməliyyat ölkəmizin sərhədlərinin qorunması məqsədilə həyata keçirilir. Terrorçular əmin olsunlar ki, digər hərbi əməliyyatlarda olduğu kimi, Afrin əməliyyatını da Türkiyə ordusu qələbə ilə başa vuracaq”.
Bu fikirləri “Ölkə.Az”-a açıqlamasında Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin yeni rəhbəri Hami Aksoy bildirib.
Azərbaycanın Afrin əməliyyatlarında Türkiyəyə verdiyi siyasi dəstəkdən məmnunluğunu vurğulayan Hami Aksoy qeyd edib ki, qardaş Azərbaycan hər zaman Türkiyənin yanındadır:
“Türkiyəyə bir çox dövlətlər dəstək verir. Ancaq onların arasında qardaş Azərbaycanın bizim yanımızda olması çox vacibdir. Türkiyənin hər zaman Azərbaycana verdiyi dəstək kimi, qardaş Azərbaycan da hər an bizim yanımızda olduğunu bəyan edir. Bu bizi çox sevindirir və qardaşlığımızın bariz nümunəsidir”.
XİN rəsmisi deyib ki, Türkiyə hökuməti Afrin əməliyyatları ilə bağlı mütəmadi olaraq ictimaiyyətə məlumat verir:
“Bu gün də Afrin əməliyyatlarının gedişatı ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika ölkələri üzrə müşavirinin köməkçisi, səfir Sedat Önal media üçün mətbuat konfransı keçirəcək. Mətbuat konfransında Afrin əməliyyatları ilə bağlı ətraflı məlumat veriləcək, jurnalistləri maraqlandıran suallar cavablandırılacaq”.
Xatırladaq ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatına münasibət bildirib.
Hikmət Hacıyev deyib ki, Azərbaycan terrordan əziyyət çəkmiş dövlət kimi onun bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrora qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir:
“Beynəlxalq və regional sülh və təhlükəsizliyin təmin edilməsi üçün terror təhlükəsinin kökünün kəsilməsi xüsusilə vacibdir. Türkiyə hökuməti tərəfindən bəyan edildiyi kimi, Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən “Zeytun budağı” əməliyyatının məqsədi Türkiyənin sərhədlərinin təhlükəsizliyini təmin etmək, bölgədəki terror təhlükəsini zərərsizləşdirmək və ərazidə yaşayan mülki insanları terror hücumları və təhdidlərindən qorunmaq məqsədi daşıyır: "Türkiyə dəfələrlə terror hücumlarına məruz qalıb və nəticədə çoxsaylı günahsız insanlar həlak olub. Azərbaycan Türkiyənin terror təhdidinə qarşı əsaslı təhlükəsizlik narahatlıqlarını tam şəkildə anlayır. Biz qardaş Türkiyə və Türkiyə xalqının bir daha heç zaman xain terror hücumlarına məruz qalmamasını arzu edir və diləyirik”.