AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QORXULU TEHRAN VƏ YA İRANIN QORXULU TÜRK YUXUSU

  • + A
  • - A
  • 6-12-2022, 09:26

    QORXULU TEHRAN  VƏ YA İRANIN QORXULU TÜRK YUXUSU


    Son vaxtların hərbi-siyasi ziddiyyətlərinin mərkəzində ölkəmizin və az qala bütün dünyanın qınaq hədəfində olan İran durur. Amerikanın və neçə digər ölkənin embarqolarına, iqtisadi sanksiyalarına məruz qalıb nüvə silahı əldə etmək yolunda irəlıləyən İran illərdir ki, açıq-aşkar Amerikanın özünə, xüsusilə də İsrailə,eləcə də bütün dünyaya meydan oxuyur, daha doğrusu, Amerika, İsrail,qonşu Azərbaycan adlı dövlətləri tanımadığını bəyan edir.
    İranın hərbi-siyasi gücü çox vaxt onun Allaha, fanatik şəkildə İslama “inamı” ilə silahlanan döyüşçülərinin sayı, canlı qüvvəsi ilə ölçülür. Müharibə şəraitində İranın səfərbərlik imkanları Amerika hərbi ekspertləri tərəfindən 7 milyon nəfər kimi qiymətləndirildiyi halda ölkənin rəhbərliyi bu rəqəmin 20 milyon döyüşçü olduğunu deyir. Bu ölkənin hərbi gücü haqda düçşünərkən, İranın İraqla apardığı 1980-1988-ci illər müharibəsini xatırlayıram. O yaxın tarixi yaşayanlar yaxşı xatırlayır ki, indi az qala “fövqəlgüc” kimi özünü təbliğ edən İran kiçik bir dövlət-İraq qarşısında necə aciz qalmışdı.
    1990-cı ildə sərhədlər açılandan sonra İran sərhəddini keçib qohumlarını ziyarətə gedən ilk jurnalistlərdən olmuşam. 15 günlük viza çərçivəsində o şovinist ölkədə çərçivəyə salınsam da ciddi müşahidələrimin təəssüratlarını o vaxtkı “Savalan” qəzetindəki “Şəhriyarın diyarından sizə salam gətirmişəm” sərlövhəli məqaləmdə bölüşmüşdüm. Indi o məqaləmdən qısa bir xatırlatma ilə İran hökümətinin humanistlikdən uzaq, orda yaşayan milyonlarla türkün düşməni olduğunu bir daha xatırlatmaq istərdim... Vətən eşqi ilə getdiyim İranda Cənubi Azərbaycanın güzəranını, orda yaşayan soydaşlarımızın əhvalını bilmək üçün ən ucqar kəndlərə getdim. Germi qəsəbəsinin Beldaşı kəndində gördüklərimlə sayca çox olan bir millətin qurama, qondarma bir hakimiyyət tərəfindən necə aşağılandığının, təhsildən, mədəniyyətdən, bəşəri inkişafdan uzaq tutulduğunun Şahidi oldum. Məktəblə maraqlandığımdan tez tələsik uçuq bir binaya bir neçə uşaq yığdılar. Nə oturmağa stol var idi, nə də yazı masası... Bir qədər sonra motosikldə bir müəllim gəldi çıxdı və uşaqlara fars dilində nələrsə deməyə başladı. Dərs (əgər buna dərs demək mümküensə) bitəndən sonra müəllimlə söhbət etdim və o, mənimlə bir-birimizi anladığımız Azərbaycan türkcəsində səlist danışdı. Sonda soruşdum ki, bəs uşaqlarla niyə ana dillərində və sənin bildiyin dildə danışmırsan?! Çox peşiman halda dedi ki, mən öz dilimizdə danışsam işimdən-gücümdən də olaram, ailəmdən də, həmən gəlib aparıb asarlar meydanda.
    Kənddən geri dönəndə qəbiristanlıqda bir qədər fərqli oxşar şəkildə olan qəbirlər gördüm və maşınımızı saxlayıb maraqlandım. Məlum oldu ki, bu qəbirlər İran-İraq savaşında həlak olan şəhidlərin məzarlarıdır. Təhsildən, inkişafdan uzaq balaca bir kəndin qəbiristanlığının yarıdan çoxu həmin müharibədə həlak olan Azərbaycan türklərinin qəbirləri idi. Düşündüm, bu İran hakimiyyəti bizim soydaşlarımızdan yalnız ən çətin məqamlarda istədiyi kimi istifadə edir...
    İllər keçdi... Ölkəmizin televiziya məkanında hərbi veriliş müəllifi oldum. Birinci Qarabağ savaşında bütün cəbhələrdə döyüşləri izləyib çəkdim. Birinci Qarabağ savaşında 6-cı hisslə həmişə İran adlı şovinist, Azərbaycana nifrətlə yanaşan ölkənin bütün hadisələrdə, hətta soyqırımlarında belə əli olduğunu hiss edirdim. Zəngilan, Cəbrayıl rayonlarının mühasirədə qalmasında da, Qarabağda ermənilərə dəstək olan qüvvələrin sırasında da İran İslam Respublikasının “barmağı olduğunu” hiss edirdim. Mərhum Umummilli lider Heydər Əliyev mühasirədə qalanların Araz çayını keçib Vətənə dönmələri üçün İran hakimiyyəti ilə razılaşma əldə etməsindən sonrakı gecikdirmələr də, Arazın o tayına keçən adamların yağmalanması da şübhələrimə dəqiqlik gətirmişdi o vaxtlar.
    Sonra İran höküməti, guya bizə hərbi yardım təqdim etmək adı ilə hərbiçilərini bu taya göndərib müəyyən bir hərbi bölməyə təlim keçməyə başladı. O təlimləri izləyən jurnalist kimi həmin tədbirlərin nə qədər uğursuz və bir bağlaşma xatiirinə başdansovdu aparılmasının şahidi olmuşam. İran tərəfin, guya Birinci Qarabağ savaşınada dönüş yaradacağı o qüvvələr də elə o məkrli qonşu tərəfindən sonra fiaskoya uğradı...
    Bu yerdə İranın hərbi gücünə aid bəzi faktları xatırlatmaq istərdim. 1979-cu ilin islam inqilabından sonra ABŞ İrana silah satışına embarqo qoymaqla bu ölkənin hərbi gücünə böyük zərbə vurmuşdu. Çünki İranın təkcə hərbi hava qüvvələri yalnız Amerika istehsalı olan helikopter və təyyarələrdən təşkil olunmuşdu. Səkkiz illik İran-İrak müharibəsindən sonra isə İran hərbi hava qüvvələrini Rusiyadan alınan MiQ-29 qırıcı təyyarələri və SU-24 bombardmançı təyyarələri ilə möhkəmləndirməklə, arsenalını daha çox rus silahları ilə gücləndirməyə başladı...
    İndilər İran özünün uzaqmənzilli “Şahab” raketlərini nüvə başlığı ilə silahlandırmağa çalışır. Bu raketlərin Hizbullahçılara ötürülməsi ehtimalı da var. Şahab raketləri Şimali Koreyanın “No Donq” raket kompleksinin bazasında yaradılıb. 1994-cü ildə sınaqdan çıxarılan bu tip raketlərdə sonralar Rusiyanın
    R-12 raketlərinin də döyüş-taktiki xüsusiyyətləri əsas götürülməklə təkmilləşdirilərək qitələrarası “Şahab-3” ballistik raketləri hazırlanıb. Bir ton döyüş başlığı daşıya bilən “Şahab-3”un uçuş məsafəsi 1300 kilometrdir. Bu o deməkdir ki, İsrail, eləcə də Fars körfəzindəki Amerika hərbi bazaları onun hədəfindədir. İranın hava hücumundan müdafiə sistemi isə Rusiyadan alınan “Tor-M1” zenit-raket kompleksləri ilə silahlanıb. Atom silahı yaratmağa can atan İranın əsas məqsədi müsəlman ölkələri arasında aparıcı gücə malik olmaqla Fars körfəzində real təhlükəyə çevrilməkdir...
    Son hadisələr İranın elə insanları mütiləşdirib bürüdüyü çadranı, niqabı öz üzündən götürərək əsil sifətini göstərməsi ilə o vaxtkı şübhələrimə aydınlıq gətirdi. İndi İran bir anti-Azərbaycan siyasətini körükləyib. Amma bu hökümətin başbilənləri (əgər varsa) ən yaxın tarixə nəzər salsınlar. Azərbaycanı hər vəchlə gücdən salmaq, missionerləri ilə kiçiltmək istəsələr də nail ola bilmədiklərini gözə alsınlar. Azərbaycanın öz ərazisini bərpa etmək yolundan döndərə bilməyəcək qüvvə olduqlarını boyunlarına alsınlar. Boyunlarına alsınlar ki, 50 milyondan çox bir xalqı məktəbdən, təhsildən, mədəniyyətindən, tarixindən uzaq tutmağa çalışırlar. Etiraf etsinlər ki, İran adlı qondarma, qurama bir ölkənin iqtisadiyyatı da, inkişafı da, hərbi potensialı belə azərbaycanlıların çiynindədir.

    Rahib QƏRİB
    hərbi jurnalist,
    ehtiyatda olan mayor


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR