Türkiyə və Azərbaycan münasibətləri illərdir “bir millət, iki dövlət” formulu ilə təsvir olunur. Bu ifadə təkcə siyasi şüar deyil, eyni zamanda ortaq tarix, mədəniyyət, din və strateji maraqlar üzərində qurulmuş qardaşlıq fəlsəfəsidir. Ancaq son dövrlərdə Türkiyə mediasında müşahidə olunan bəzi soyuq və selektiv yanaşmalar bu münasibətlərə kölgə salır.
Son nümunə Misirdə keçirilən və İsrail–Fələstin münaqişəsinin həllinə həsr olunan toplantı ilə bağlı xəbərlərdə özünü göstərdi. Təxminən 220 dövlət rəhbərindən cəmi 20 nəfərin dəvət olunduğu bu tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirakçılar arasında idi. Amma Türkiyənin aparıcı media qurumları – o cümlədən dövlətin rəsmi informasiya orqanı Anadolu Ajansı bu faktı ya qeyd etmədi, ya da tamamilə görməzdən gəldi.
Əvəzində İordaniya kralının, Qətər və Misir liderlərinin adları xüsusi vurğulandı. Halbuki, bölgədə sülh, təhlükəsizlik və diplomatik balansın qorunması üçün son illər ən real töhfə verən ölkələrdən biri məhz Azərbaycandır. Prezident İlham Əliyev təkcə Cənubi Qafqazda deyil, həm də İslam aləmində sülh təşəbbüslərinin önündə gedən liderlərdəndir.
Bu, bəlkə də təsadüf, redaksiya diqqətsizliyi, bəlkə də daha dərin bir psixoloji hal – Azərbaycanın artan nüfuzuna qarşı yaranan qısqanclıqdır.
Türk mediasında balansın pozulması ilk hadisə deyil.
Azərbaycan mediası hər zaman Türkiyə ilə bağlı xəbərləri sevgi və qürurla təqdim edib. İstər beynəlxalq zirvələrdə Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışları, istər Türkiyənin regional siyasəti olsun – Azərbaycan KİV-ləri bu mövzulara həmişə geniş yer ayırıb. Çünki bu, həm qardaşlıq münasibətinin, həm də ortaq milli şüurun təzahürüdür.
Ancaq Türkiyə mediasının Azərbaycanla bağlı hadisələrə eyni səviyyədə yanaşmaması artıq bir tendensiyaya çevrilməkdədir. Azərbaycan liderinin beynəlxalq müstəvidə qazandığı uğurlar, TDT-də, BMT platformasında və ya sülh təşəbbüslərində oynadığı rol çox vaxt ya səthi şəkildə, ya da ümumiyyətlə işıqlandırılmır.
Bununla belə, məsələnin təkcə media müstəvisində qalmadığı aydın görünür. Bu, həm də müəyyən siyasi və ictimai dairələrdə Azərbaycanın sürətlə yüksələn beynəlxalq nüfuzuna qarşı gizli bir narahatlığın əlamətidir.
Bunun birnadı var - Liderlik və qısqanclıq dilemması!
Türk Dövlətləri Təşkilatında Azərbaycanın və Prezident İlham Əliyevin oynadığı liderlik rolu danılmaz faktdır. 2020-ci ildən sonra bölgədə formalaşan yeni geosiyasi reallıqlar fonunda İlham Əliyev təkcə Azərbaycanı deyil, bütün Türk dünyasını təmsil edən strateji lider kimi çıxış edir. O, təşkilatın fəaliyyətinə konkret istiqamət verir, inteqrasiya, nəqliyyat, enerji və müdafiə sahələrində vahid mövqenin formalaşmasına təkan yaradır.
Bu prosesdə Azərbaycan faktoru o qədər güclənib ki, bəzi çevrələr üçün bu, artıq sadəcə nüfuz deyil, həm də “dominantlıq” kimi görünür. Nəticədə isə qısqanclıq hissi “media susqunluğu” şəklində özünü göstərir.
Halbuki, İlham Əliyevin siyasəti heç bir zaman Türkiyəyə rəqabət kimi yönəlməyib. Əksinə, Azərbaycan hər zaman Türk birliyinin güclənməsini, Türkiyənin liderliyinin möhkəmlənməsini dəstəkləyib. Azərbaycanın uğurları Türkiyənin gücünə, Türkiyənin yüksəlişi isə Azərbaycanın nüfuzuna əlavə dəyər qatır.
Qardaşlıq jestləri qarşılıqlı olmalıdır!
Siyasətdə və mediada qardaşlıq təkcə emosional bağlılıqla deyil, qarşılıqlı jestlərlə ölçülür. Əgər bir tərəf hər zaman diqqət, hörmət və dəstək göstərir, digər tərəf isə bu münasibəti eyni səmimiyyətlə qaytarmırsa, nəticədə səmimiyyətin dəyəri azalır.
Bu mənada Türkiyə mediasının Azərbaycanla bağlı daha balanslı, obyektiv və qardaşlıq ruhuna uyğun informasiya siyasəti yürütməsi vacibdir. Əks halda, bu sükut təkcə bir xəbərin yox, bütöv bir münasibətin dəyərsizləşməsinə səbəb ola bilər.
Türkiyə və Azərbaycan münasibətləri əsrlərlə formalaşmış tarixi bağlara söykənir. Bu münasibətlərin qorunması və möhkəmləndirilməsi üçün sadəcə siyasi iradə deyil, informasiyanın ədalətli paylaşımı da vacibdir.
Azərbaycanın uğurlarını görməzdən gəlmək, Prezident İlham Əliyevin regional və qlobal siyasətdəki rolunu kiçiltmək – nə dostluğa, nə də qardaşlığa yaraşır.
Bu susqunluq sadəcə redaksiya diqqətsizliyi, yoxsa, doğrudan da dərinləşən qısqanclığın sükutudr?..
Təki yanılaq, təki...
Qeyd: Məqalədə ABŞ-da yaşayan ictimai fəal Zaur Bayramlının sosial media hesabında yazdığı statusdan istifadə edilib.