Rusiya Aİ Şurası tərəfindən Avropa İttifaqının yeni mülki monitorinq missiyasının Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarına göndərilməsinə razılıq verilməsinə reaksiya verib.
Azadmedia.az xarici kiv-lərə istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Rusiyanın Transqafqazda qeyri-regional amilin konsolidasiyası ilə bağlı prinsipial mövqeyi dəyişməyib.
“Əgər Brüssel səmimi qəlbdən Zaqafqaziyada sülhün əldə olunmasında maraqlı olsaydı, onlar Azərbaycanla öz missiyasının fəaliyyətinin şərtləri ilə razılaşardılar”, - Rusiya XİN-dən bildiriblər.
Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, ABŞ və NATO-nun əlavəsinə çevrilmiş, MDB məkanında qarşıdurma siyasəti yürüdən Avropa İttifaqı nümayəndələrinin Ermənistanın sərhədyanı rayonlarında peyda olması yalnız geosiyasi qarşıdurma gətirə bilər.
Rəsmi Moskva onu da bəyan edib ki, Avropa İttifaqının nəyin bahasına olursa-olsun Ermənistanda mövqe tutmaq cəhdləri, Rusiyanın vasitəçilik səylərinə təzyiq göstərməsi ermənilərin və azərbaycanlıların regionun sülh yolu ilə inkişafına qayıtmaq istəklərində köklü maraqlarına zərbə vura bilər.
“Biz əminik ki, yaxın gələcək üçün regionda sabitlik və təhlükəsizliyin əsas amili Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatı əsasında yerləşdirilən Rusiya sülhməramlı kontingenti olaraq qalır".
Həmçinin, XİN qeyd edib ki, “İrəvanda KTMT missiyasının istiqaməti üzrə işi məntiqi sona çatdırmadan Aİ-nin xeyrinə seçim etməyə üstünlük veriblər. Əgər erməni müttəfiqləri KTMT-nin potensialından istifadə etməkdə maraqlı olsalar, onun missiyası tez bir zamanda Ermənistanda yerləşdirilə bilər”.
Sonda xatırladıblar ki, “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və ümumiyyətlə, regionda vəziyyətin yaxşılaşması üçün ən sabit və uzunmüddətli əsas liderlərin üçtərəfli razılaşmalarının ciddi və ardıcıl həyata keçirilməsidir ”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.