Kanada hakimiyyəti Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyaya qarşı sanksiyaların tətbiqini tənzimləyən qanuna dəyişiklik edəcək. Bu, ölkəyə Moldova vətəndaşlarına və şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq etməyə imkan verəcək. Azadmedia.az xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Trüdonun Ottavada Moldova prezidenti Mayya Sandu ilə danışıqlarının yekunu üzrə mətbuat xidməti məlumat yayıb.
“Bu yeni qaydalar Kanadaya Moldovada onlarla əlaqəli olan, insan hüquqlarını sistematik şəkildə pozan, beynəlxalq sülh və təhlükəsizliyə təhlükə yaradan və ya əhəmiyyətli korrupsiya aktlarında iştirak edən şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq etməyə imkan verəcək”, - deyə mətbuat xidməti bildirib.
Xanım Sandu ilə danışıqlar zamanı Castin Trüdo onu da bildirib ki, Kanada Rusiya və Ukrayna arasında hərbi münaqişə səbəbindən humanitar, iqtisadi və təhlükəsizlik sahələrində çətinliklər yaşayan Moldovaya yardımı davam etdirəcək. Mətbuat xidməti xüsusilə qaçqın və miqrantların çoxluq təşkil etdiyi ərazilərdə təhlükəsizliyin təmin edilməsi məqsədilə Moldova polis əməkdaşlarının təlim proqramına 2 milyon dollar ayrıldığını da açıqlayıb.
Yazda Moldova hökumətinin nümayəndələri Rusiya ilə əlaqəsi olan moldovalı iş adamlarına qarşı sanksiyalar tətbiq etmək xahişi ilə Avropa İttifaqına müraciət etmişdilər. Bloomberg-in məlumatına görə, bir neçə ölkə bu təklifi dəstəkləyib. Mart ayında agentlik həmçinin Aİ-nin "ölkədə vəziyyətin sabitliyinin pozulmasına kömək etməkdə ittiham olunan" Moldova oliqarxlarına qarşı sanksiyalar tətbiq etməyi nəzərdən keçirdiyi barədə məlumat yayıb. EUobserver bildirib ki, Aİ sanksiyalar siyahısına ölkədə hökumət əleyhinə mitinqlər təşkil edən müxalif Şor partiyasının lideri İlan Şoru da əlavə edə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.