Cümə günü Yevlaxda Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş keçirilib.
Prezident Administrasiyasından verilən məlumata görə, görüşdə humanitar məsələlər, Qarabağın erməni sakinlərinin reinteqrasiyası və bununla bağlı Azərbaycanın təqdim etdiyi reinteqrasiya planı ətraflı müzakirə olunub.
“Mülki əhalinin sərbəst hərəkətinin təmin edilməsi, humanitar yardımın göndərilməsi, yanacağa və ərzaq ehtiyaclarının ödənilməsi yüksək qiymətləndirilir. Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin nümayəndələri Xankəndi ətrafında baş vermiş yanğın zamanı Azərbaycanın aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlərə, xüsusən yanğının söndürülməsi üçün lazım olan tibbi ləvazimatların, dərman vasitələrinin və təcili tibbi yardım maşınlarının göndərilməsinə görə xüsusi minnətdarlıqlarını bildiriblər. Azərbaycanın aidiyyəti dövlət qurumlarına mobil rabitə, televiziya və radio yayımı xidmətlərinin təşkili ilə bağlı tədbirlər görmək təklif olunub.
Qarabağın erməni sakinləri ilə təmaslara cavabdeh olan Ramin Məmmədov reinteqrasiya prosesi ilə bağlı prosedurlar və sosial xidmətlər barədə məlumat verib. O qeyd edib ki, iqtisadi, kommunal və digər məsələlərin həlli məqsədilə Qarabağ regionunun sosial, humanitar, iqtisadi və infrastruktur məsələləri üzrə işçi qrupunun üzvlərinin oktyabrın 2-də Xankəndi şəhərinə səfəri nəzərdə tutulub”, - deyə məlumatda bildirilir. .
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.