Oktyabrın 9-da ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin nümayəndə heyəti Milli Məclisin inzibati binasına gəlib. Qonaqlar burada deputatlar və parlament əməkdaşları üçün yaradılmış iş şəraiti ilə tanış olublar.
Sonra Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev ölkəmizdə səfərdə Gürcüstan Parlamentinin Baş katibi xanım Ketevan Kvinikadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları Milli Məclisdə salamlamaqdan məmnunluğunu ifadə edən Aparat rəhbəri onun dəvətini qəbul edərək ölkəmizə səfərə gəldiklərinə görə qonaqlara minnətdarlığını bildirib. O, bu səfərin Prezident İlham Əliyevin Gürcüstana səfəri ilə eyni vaxta təsadüf etdiyini qeyd edərək, Azərbaycan və Gürcüstan xalqları arasındakı tarixi köklər üzərində qurulmuş dostluqdan danışıb.
Fərid Hacıyev Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etməsi, sentyabr ayında ölkəmizin Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi antiterror tədbirləri ilə öz suverenliyini tam bərpa etməsi barədə fikirlərini bölüşüb.
Aparat rəhbəri qeyd edib ki, Azərbaycan digər sahələrdə olduğu kimi, parlamentlər arasında əlaqələrin inkişaf etdirilməsində də maraqlıdır. O, Milli Məclisin və onun Aparatının strukturu, qanunvericilik prosesi, partiyaların təmsilçiliyi, parlament diplomatiyasının gücləndirilməsi sahəsində görülən işlər barədə danışıb. Bildirib ki, Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupu ən fəal qruplardan biridir. Fərid Hacıyev xatırladıb ki, cari il sentyabrın 23-də Azərbaycan və Gürcüstan parlamentlərinin Mədəniyyət komitələri arasında əməkdaşlıq üzrə memorandum imzalanıb. Milli Məclis digər parlament komitələri arasında da analoji əməkdaşlığın qurulmasında maraqlıdır.
Söhbət zamanı Milli Məclis Aparatının rəhbəri beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin parlamentlərinin əməkdaşlığını yüksək qiymətləndirib və bu səfərin iki ölkənin parlament aparatları arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə inamını ifadə edib.
Ölkəmizə səfərə dəvətə görə təşəkkürünü bildirən Gürcüstan Parlamentinin Baş katibi xanım Ketevan Kvinikadze Azərbaycanın onun ən çox sevdiyi ölkələrdən biri olduğunu diqqətə çatdırıb. Qonaq da öz növbəsində Milli Məclis Aparatının rəhbərini Gürcüstana səfərə dəvət edib.
O, iki ölkənin parlament aparatları arasında əməkdaşlığın perspektivləri, prioritet sahələrdə təcrübə mübadiləsi barədə fikirlərini bölüşüb. Qonaq bildirib ki, Gürcüstan bölgədə sülhün tərəfdarıdır və inanır ki, bundan sonra Cənubi Qafqazda sülh bərqərar olacaq.
Görüşdə Milli Məclis Aparatı rəhbərinin müavinləri Yaşar Əməşov, Rüstəm Mahmudov, Gürcüstan Parlamenti Aparatının əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
*****
Sonra Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Gürcüstan Parlamentinin Baş katibi Ketevan Kvinikadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.
Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev Azərbaycan və Gürcüstan arasında tarixi dostluq, mehriban qonşuluq münasibətlərindən söz açıb. O, iki ölkə arasında əlaqələrin möhkəmlənməsində dövlət başçılarının önəmli rolunu vurğulayaq, Azərbaycan Prezidenti İlham Əliyevin son günlərdə Gürcüstana səfərini xüsusi qeyd edib.
Qanunverici orqanlar arasında əməkdaşlığın dinamik inkişafından danışan Arzu Nağıyev bu istiqamətdə parlament spikerlərinin qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin mühüm əhəmiyyət kəsb etdiyini deyib. Millət vəkili deputatlarımızın dostluq qrupları çərçivəsində, habelə mötəbər beynəlxalq qurumlarda səmərəli əməkdaşlıq etdiyini söyləyib. İşçi qrupunun rəhbəri hər iki ölkə parlamentlərinin Mədəniyyət komitələri üzvlərinin görüşünü xatırlayaraq, komitələr arasında əməkdaşlıq haqqında Memorandumun imzalandığını, bu sənədin əlaqələrimizin inkişafına töhfə verəcəyini bildirib. O, həmçinin parlament Aparatları arasında əlaqələrin genişləndirilməsinin təcrübə və informasiya mübadiləsi baxımından vacibliyindən bəhs edib.
Görüşdə Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Cavid Osmanov, Məzahir Əfəndiyev, Naqif Həmzəyev ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı fikirlərini açıqlayıblar.
Gürcüstan Parlamentinin Baş katibi Ketevan Kvinikadze ölkələrimiz arasında möhkəm dostluq münasibətlərinin olduğunu söyləyib. O, əlaqələrin genişləndirilməsində qanunverici orqanların rolundan, dostluq qruplarının səmərəli əməkdaşlığından danışıb. Qonaq Gürcüstan Parlamentinin Aparatı ilə Milli Məclis Aparatı arasında əlaqələrin inkişafından, gələcəkdə nəzərdə tutulan birgə layihələrdən bəhs edib.
Söhbətdə qanunverici orqanlar arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
*****
Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov və parlament Aparatının bir neçə şöbə müdiri oktyabrın 9-da Azərbaycanda səfərdə olan Gürcüstan parlamentinin baş katibi Ketevan Kvinikadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov qonaqları salamlayaraq, Milli Məclisin beynəlxalq fəaliyyəti və həyata keçirdiyi parlament diplomatiyasından söz açıb, həm Azərbaycanın, həm də Gürcüstanın qlobal parlament dialoqunun təşviqində, parlament diplomatiyası institutunun möhkəmlənməsində oynadığı mühüm rolundan danışıb.
Aparat rəhbərinin müavini vurğulayıb ki, parlamentlərimiz beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq həyata keçirirlər. O, Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentlərarası əməkdaşlıq kontekstində aparatlar səviyyəsində əlaqələrə böyük önəm verdiyini diqqətə çatdırıb.
Görüşdə Milli Məclis Aparatının Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdiri Gülnarə İsmayılova, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Qaibov, İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov, Redaksiya və nəşr işləri şöbəsinin müdiri Hafiz Babayev, İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Şahin Həsənov rəhbərlik etdikləri şöbələrin funksiyaları, iş prinsipləri və metodları barədə təqdimatlar ediblər.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.