Xəbər verdiyimiz kimi fevralın 16-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. O, bildirib ki, təklif edilən dəyişiklik "İcra haqqında" Qanunun 50.2-ci maddəsində nəzərdə tutulmuş borclunun əmlakı üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatına məhkəmələr tərəfindən baxılmasının prosessual əsaslarının müəyyən edilməsi və Mülki Prosessual Məcəllənin 231-ci maddəsinin təkmilləşdirilməsi zərurətindən irəli gəlir.
Sənəddə Məcəllənin 231-ci maddəsinin adına, 231.3-cü və 231.4-cü maddələrinə müvafiq olaraq "borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri" ifadəsinin əlavə edilməsi təklif olunur. Bununla yanaşı, Məcəlləyə 231.3-1-ci maddənin əlavə edilməsi nəzərdə tutulur. Əlavədə bildirilib ki, məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır.
Müzakirələrdə parlamentin komitə sədrləri Fazil Mustafa, Hicran Hüseynova, deputat Qüdrət Həsənquliyev məsələ ilə bağlı öz fikir və qeydlərini bildiriblər.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.