AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin növbəti plenar iclası keçirilib

  • + A
  • - A
  • 2-12-2022, 19:51

    Milli Məclisin növbəti plenar iclası keçirilib

    Dekabrın 2-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
    İclası açan parlamentin sədri bildirib ki, Fransa Senatının 2022-сi il noyabrın 15-də Azərbaycanla bağlı qəbul etdiyi bədxah qətnamənin ardınca, bu ölkənin Milli Assambleyası da noyabrın 30-da ölkəmizə qarşı qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt qəbul edib. Hesab edirik ki, bu çirkin niyyətli siyasi aksiya dövlətimizin ərazi bütövlüyünü və suverenliyini hədəf almaqla yanaşı, beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlikdir. Ona görə də biz Fransa Milli Assambleyasının bu qətnaməsini də qəti şəkildə rədd edir və onun bu addımını siyasi riyakarlıq kimi qiymətləndiririk.

    Düşünürük ki, Fransa Senatının və Milli Assambleyasının qəbul etdiyi bu qətnamələr aydın şəkildə Fransanın qanunvericilik orqanlarının siyasi avantüra meydanına çevrildiyini göstərir.
    Spiker qeyd edib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın işğalı dövründə münaqişənin dinc yolla həlli üçün səylərin heç bir nəticə verməməsinin əsas səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, vasitəçilik missiyasını yerinə yetirən dövlətlər və xüsusən də Fransa tərəfindən ikili standartlara yol verilməsi, işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulmasıdır. Bu gün isə Fransanın hakimiyyət orqanlarının, o cümlədən parlamentin hər iki palatasının təxribatçı addımları Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına və sülh gündəliyinin həyata keçməsinə böyük zərbə vurur, erməni şovinist ideologiyasının məqsədlərinə xidmət edir, regionu yeni təhlükələrə yönləndirir.
    Ona görə də hesab edirik ki, populist siyasi baxışlar əsasında Fransanın daxili siyasi gündəliyinin və müxtəlif lobbi dairələrinin maraqlarının Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir. Böyük riyakarlıqla Azərbaycanın Ermənistana qarşı müharibə cinayətləri törətməkdə ittiham edildiyi bu qətnamədə Ermənistanın ölkəmizə qarşı 30 il davam edən işğalçılıq və etnik təmizləmə siyasətinə, Xocalı soyqırımına, işğal dövründə ölkəmizin 9 şəhərinin və 300-dən artıq kəndinin viran edilməsinə yer verilmir. Həmçinin, uydurma sənədi hazırlayan və onu dəstəkləyən Fransa Senatının və Milli Assambleyasının üzvləri 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın şəhərlərinin ballistik raketlərlə atəşə tutulmasına, total minalama və mina terroru siyasətinə, itkin düşmüş 4 min nəfərə yaxın vətəndaşımızın taleyinə, kütləvi məzarlıqların yerləri barədə Ermənistan tərəfindən məlumat verilməməsinə göz yumurlar.
    Əlbəttə, bu faktların özü belə Azərbaycana qarşı təşkil olunan bu ucuz siyasi sifarişin məqsədlərini açıq şəkildə göstərir.
    Milli Məclisin sədri diqqətə çatdırıb ki, biz burada dünyanın müxtəlif bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal etmiş, sərvətlərini talamış, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, insanlıq əleyhinə cinayətləri, eləcə də müharibə cinayətləri haqqında danışmaq istəmirik. Yaxşı məlumdur ki, Fransanın öz tarixi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə zəngindir və bu faktlar hər kəsə məlumdur. Bu ölkə tərəfindən törədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixində, eləcə də bəşəriyyət tarixində silinməsi mümkün olmayan qara ləkədir.
    Spiker Sahibə Qafarova qeyd edib ki, müstəqil Azərbaycan Respublikası bütün ölkələrlə münasibətləri hüquq bərabərliyi və qarşılıqlı hörmət əsasında inkişaf etdirir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfər ərazi bütövlüyümüzün və ədalətin bərpasını təmin edib.
    Çıxışının sonunda Milli Məclisin sədri bildirib ki, bu gün Azərbaycan öz əzəli, tarixi torpaqları olan Qarabağda və Şərqi Zəngəzurda böyük quruculuq və bərpa işləri aparır. Bununla əlaqədar olaraq, Fransa parlamentinin üzvləri Cənubi Qafqazda baş verən hadisələrin təhrif edilməsi cəhdlərindən əl çəkməli, Azərbaycanla Ermənistan arasında sivil dövlətlərarası münasibətlərin qurulması üçün yaranmış tarixi imkanın qarşısını ala bilən hərəkətlərə son qoymalıdırlar.
    Sonra cari məsələlərin müzakirəsi aparılıb. Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, komitə sədrləri Ziyafət Əsgərov, Musa Quliyev, Hicran Hüseynova, deputatlardan Pərvin Kərimzadə, Rafael Hüseynov, Nurlan Həsənov, Nigar Arpadarai, Cavanşir Feyziyev, Soltan Məmmədov, Elnur Allahverdiyev, Emin Hacıyev, Arzu Nağıyev, Naqif Həmzəyev, Məzahir Əfəndiyev Fransa Milli Assambleyasının noyabrın 30-da qəbul etdiyi qərəzli qətnaməyə münasibət bildiriblər. Deputatlar bu qətnaməni siyasi riyakarlıq kimi qiymətləndirdiklərini vurğulayıblar.
    Çıxışlarda Azərbaycana qarşı qəbul edilən bu qətnamə qeyri-obyektiv, ədalətsiz və qərəzli, habelə beynəlxalq hüquq normalarına hörmətsizlik və təxribat xarakterli bir sənəd kimi dəyərləndirilib. Qeyd olunub ki, bu, Fransanın ikitərəfli münasibətlərə vurduğu növbəti zərbədir. Cənubi Qafqazdakı reallıqları tamamilə təhrif edən, Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərinə kölgə salan bu sənəd Fransanın qərəzli siyasətinin daha bir təzahürüdür.
    Bildirilib ki, müxtəlif ölkələrdə soyqırımlara imza atmış bir ölkənin bu gün başqa dövlətləri hərbi təcavüzdə ittiham etməyə haqqı yoxdur. Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamənin bu ölkənin Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin yaratdığı yeni reallıqlarla barışa bilmədiyini bir daha təsdiq edir. Millət vəkilləri Fransa parlamentinin hər iki palatasının göstərdiyi bu təşəbbüslərin bölgədə sülhün bərqərar olmasına, xalqların rifahına və təhlükəsizliyə xidmət etmədiyini söyləyiblər. Deputatlar bu məsələ ilə bağlı bir sıra təkliflərlə çıxış ediblər.
    Milli Məclisin sədri Sahibə Qafarova Fransa Senatının, Milli Assambleyasının qəbul etdikləri qətnamələrə cavab verildiyini bildirib, deputatların səsləndirdikləri fikirlərə, dəstəklərə görə təşəkkürünü ifadə edib.
    Sonra parlamentin spikeri diqqətə çatdırıb ki, Milli Məclisin bir neçə üzvü Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibəti ilə möhtərəm cənab Prezident tərəfindən təltif olunublar. Sahibə Qafarova onlara təbriklərini çatdırıb, ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətlərində növbəti uğurlar arzulayıb.
    Daha sonra Milli Məclisin sədri bildirib ki, bugünkü iclasın gündəliyinə 18 məsələ daxil edilib. Gündəliyin birinci məsələsi Milli Məclisin qərar layihəsidir və bu, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqındadır. O, qeyd edib ki, 12 yeni qrupun yaradılması nəzərdə tutulur.
    Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nigar Arpadarai “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə qərar layihəsi barədə məlumat verib. O, ölkə Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını vurğulayıb. Deputat ölkəmizin Qoşulmama Hərəkatının sədri olaraq təşəbbüslərlə çıxış etdiyini, Avropanın təhlükəsizlik məsələsinə töhfələr verdiyini bildirib. Bütün tərəfdaşlarımızla yüksək səviyyədə münasibətlərimizin olduğunu deyən deputat, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması və onların rəhbərlərinin seçilməsi haqqında qərar layihəsinin təmsil etdiyi komitə tərəfindən dəstəkləndiyini söyləyib.
    Sonra məsələ ilə bağlı müzakirələrdə komitə sədri Siyavuş Novruzov, deputatlardan Hikmət Məmmədov, Cavid Osmanov, Elman Nəsirov, Fəzail Ağamalı çıxış ediblər. Bildirilib ki, parlamentin sədri başda olmaqla parlamentlərarası əlaqələr üzrə işçi qrupları tərəfindən 44 günlük Vətən müharibəsində və post-müharibə dövründə Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət davam etdirilib, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılıb.
    Çıxışlarda yeni parlamentlərarası qrupların yaradılmasının, bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsinin əhəmiyyətindən bəhs edilib. Azərbaycanın dünyada etibarlı tərəfdaş ölkəyə çevrildiyini deyən deputatlar, Milli Məclisin digər ölkələrin parlamentləri ilə sıx əlaqələr qurduğunu söyləyiblər. Millət vəkilləri Qoşulmama Hərəkatına üzv dövlətlərlə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayının artırılmasının parlament diplomatiyasının daha da güclənməsinə, milli maraqların müdafiəsinə, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət edəcəyini deyiblər.
    Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, onun rəhbərliyi ilə parlament nümayəndə heyətinin rəsmi səfərlərində parlamentlərarası əlaqələr üzrə işçi qruplarının nümayəndələri iştirak edirlər. O, qeyd edib ki, parlamentlərarası əlaqələrdə prioritetlər var. Biz Prezidentin xarici siyasətini parlament səviyyəsində həyata keçiririk.
    Müzakirələrin sonunda “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə qərar layihəsi səsə qoyularaq qəbul edilib.
    Sonra parlamentin sədri Sahibə Qafarova növbəti məsələnin ikinci oxunuşda müzakirəyə təqdim edilən “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının qanun layihəsinin olduğunu bildirib. O, məsələ ilə bağlı iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin və nazirliyin Hüquq şöbəsi müdirinin müavini Nuranə Abbasovanın iclasda iştirak etdiklərini qeyd edib.
    Qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. Bildirib ki, qanunun hazırlanmasında beynəlxalq təşkilatların və bir sıra ölkələrin təcrübəsi öyrənilib.
    Qanuna görə dövlət-özəl tərəfdaşlığı deyəndə – dövlət xidmətlərinin göstərilməsinə, eləcə də həmin xidmətlərin göstərilməsi ilə bağlı infrastrukturun yaradılmasına və idarəedilməsinə dair dövlət tərəfdaşı ilə özəl tərəfdaşın birgə fəaliyyəti başa düşülür.
    Qanunun hazırlanmasında əsas məqsədlər dövlət vəsaitlərindən səmərəli istifadə olunması, dövlət xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi, iqtisadiyyatın ayrı-ayrı sahələrinə cəlb olunmuş özəl investisiyaların həcminin artırılması, yeni iş yerlərinin açılması və rəqabətqabiliyyətli məhsul ixracının artırılmasıdır.
    Layihəyə əsasən, dövlət-özəl tərəfdaşlığı layihəsində dövlətin iştirak forması və üsulları səlahiyyətli orqan tərəfindən müəyyən ediləcək, dövlət-özəl tərəfdaşlığı ilə bağlı dövlət öhdəliyinin yuxarı həddi hər layihə üzrə səlahiyyətli orqan tərəfindən müəyyənləşdiriləcək, dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı qüvvədə olan strateji sənədlər əsasında hazırlanacaq və mediada dərc olunacaq. İcra edilən layihələrin monitorinqi və hesabatlılığın təmin olunması məsələləri də qanunda təsbit olunub. Bununla yanaşı, qanunda özəl tərəfdaşa göstəriləcək dövlət dəstəyi, gəlirlərinə verilən təminatlar, mübahisələrin həlli formaları öz əksini tapıb.
    Komitə sədri qanun layihəsinin birinci oxunuşu zamanı səsləndirilmiş fikirlərə aydınlıq gətirib.
    Sonra Tahir Mirkişili bildirib ki, qanun layihəsinin ikinci oxunuşu zamanı sənədin təşəbbüskarı olan ölkə Prezidenti tərəfindən 7 dəyişiklik təklif olunub. Bu dəyişikliklər layihədə öz əksini tapıb. Qanunun 16-cı, 22-ci, 30-cu və 35-ci maddələrində uyğunlaşdırma və dəqiqləşdirmə xarakterli dəyişikliklər nəzərdə tutulub.
    Aparılan müzakirələrdə komitə sədri Siyavuş Novruzov, deputatlar Fazil Mustafa, Etibar Əliyev, Nigar Arpadarai, Elşad Mirbəşir oğlu, Aydın Hüseynov, Rəşad Mahmudov, Aydın Mirzəzadə qanun layihəsi ilə bağlı fikirlərini, qeyd və təkliflərini diqqətə çatdırıblar.
    Komitə sədri Tahir Mirkişili səsləndirilən fikirlərə münasibət bildirib. İclasda iştirak edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev də deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib.
    Müzakirələrin sonunda qanun layihəsi əvvəlcə fəsillər üzrə, sonra isə bütövlükdə səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
    Parlamentin sədri diqqətə çatdırıb ki, 3-cü məsələdən başlayaraq, növbəti 7 məsələ üçüncü oxunuşda olan qanun layihələridir. Gündəliyin 3-cü və 4-cü məsələləri Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə bağlıdırlar. O, bildirib ki, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və sədrin birinci müavini Natiq Həsənov iclasda iştirak edirlər.
    Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.
    O, diqqətə çatdırıb ki, qanunun hazırlanması zamanı beynəlxalq təcrübədən geniş istifadə olunub. Layihəyə əsasən, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə daimi fəaliyyət göstərən koordinasiya qrupunun yaradılması nəzərdə tutulub. Bununla yanaşı, sahibkarlıq subyektləri haqqında müvafiq məlumatların daxil edildiyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılması təklif olunur. Sənəddə koordinasiya və əlaqələndirmənin təmin olunması, KOB-ların sağlam mühitdə inkişafına zəmin yaradılması, dəstək tədbirlərindən kiçik və orta biznes subyektlərinin daha çox yararlanması məsələləri öz əksini tapıb.
    Komitə sədri Tahir Mirkişili “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı bildirib ki, sənəddə sahibkarlıq sahəsini tənzimləyən qanunların siyahısına "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" Qanunun əlavə olunması ilə bağlı dəyişiklik təklif olunur.
    Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
    İclasda iştirak edən Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov qanun layihəsi barədə fikirlərini açıqlayıb. Bildirib ki, layihədə mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin əsas məqsədlərinin və istiqamətlərinin müəyyən edilməsi ilə KOB subyektlərinin ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılması, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması və nəticədə cəmiyyət, biznes və dövlət arasında səmərəli əməkdaşlığın möhkəmləndirilməsi hədəf kimi müəyyən edilir. Qanunla əlverişli ekosistemin yaradılması, investisiya və innovasiyaların stimullaşdırılması, bazarlara çıxışa dəstək, ÜDM, məşğulluq, qeyri-neft sektorunda KOB-ların payının artırılması, KOB-lara yerində xidmət, onların satınalmalarda iştirakının stimullaşdırılması, optimal vergi siyasəti, prosedurların sadələşdirilməsi dövlət siyasətinin əsas məqsədləri kimi göstərilib. O, qanunun ölkədə sahibkarlığın inkışafına xidmət edəcəyini bildirib.
    Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini diqqətə çatdırıb. Sənəddə miqrasiya orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların maddi təminatının yaxşılaşdırılması və vahid əmək haqqı sisteminin tətbiq edilməsi məqsədilə müvafiq dəyişikliklər təklif olunur.
    Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
    Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Məcəlləyə inzibati məsuliyyətə cəlb etmə və inzibati cərimələrin ödənilməsi ilə bağlı məsələlərin təkmilləşdirilməsi məqsədilə bir sıra yeni müddəaların əlavə olunması və mövcud müddəalarda dəyişiklik edilməsi təklif olunur.
    Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
    Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, bildirib ki, layihədə tələbkar və borclu fiziki və hüquqi şəxsləri dəqiq müəyyənləşdirmək məqsədilə dəyişikliklər təklif olunur.
    Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
    İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Dəyişikliklərə əsasən, adı çəkilən sənədlərdə ölümün qeydə alınması, uşağın övladlığa götürülməsi ilə bağlı dövlət qeydiyyatının aparılması, "Elektron məhkəmə" informasiya sistemindən ötürülən məlumatlar əsasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı zamanı şəhadətnamələrin verilməsi qaydası təkmilləşdirilir.
    Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nigar Arpadarai, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məsələ ilə bağlı bu komitələrin müsbət rəylərini açıqladıqdan sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
    Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. Sənəddə ölümün qeydə alınması qaydalarının pozulmasına görə inzibati məsuliyyətin müəyyən edilməsi və həmin inzibati xətaya görə tənbeh tədbirinin tətbiqi üçün yeni maddənin daxil edilməsi nəzərdə tutulub.
    Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
    Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, 10-cu məsələdən başlayaraq növbəti 4 məsələ uyğunlaşdırma xarakteri daşıyır, ona görə də bir oxunuşda qəbul ediləcək.
    Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Milli arxiv fondu haqqında”, “Dövlət qulluğu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Dövlət sirri haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” və “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.
    Diqqətə çatdırılıb ki, "Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 2020-ci il 16 mart tarixli Fərmanla Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilmiş və onun əsasında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılıb. Bununla əlaqədar olaraq, müvafiq fərmanlarla həmin qurumların əsasnamələri, strukturları təsdiq edilib, fəaliyyət istiqamətləri, səlahiyyət bölgüsü dəqiq müəyyən olunub. Təqdim olunan layihə bir sıra qanunlarda həmin dəyişikliklərin nəzərə alınması məqsədilə hazırlanıb.
    Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məsələ ilə bağlı bu komitələrin müsbət rəyini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
    Sonra parlamentin spikeri diqqətə çatdırıb ki, gündəliyin 11-ci, 12-ci və 13-cü məsələləri Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə bağlıdırlar.
    Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, layihə "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli Qanununun icrası ilə əlaqədar hazırlanıb və uyğunlaşdırma xarakteri daşıyır.
    Qeyd olunan qanunla Mülki Məcəllənin qiymətli kağızlarla bağlı müddəalarına dəyişikliklər edilsə də, normayaradıcılığı baxımdan bir sıra müddəalarda dəqiqləşdirmə və uyğunlaşdırma xarakterli düzəlişlərin edilməsinə ehtiyac yaranıb. Bu məqsədlə, "səhm sahibləri" ifadəsinin "səhm mülkiyyətçiləri", "ləğv edilməlidir" ifadəsinin "dövriyyədən çıxarılmalıdır", "reyestrsaxlayıcı" ifadəsinin "mərkəzi depozitar", "mənzil sertifikatı" ifadəsinin "daşınmaz əmlak", "məhkəmə icraçıları" ifadəsinin "icra məmurları" ifadəsi ilə əvəz olunması təklif olunur.
    Bununla yanaşı, sənəddə qiymətli kağızların növləri sırasından "depozit sertifikatı"nın çıxarılması ilə əlaqədar 946.1-ci maddəyə müvafiq dəyişiklik edilərək “bank və ya depozit sertifikatı sözləri” çıxarılır. “Qiymətli kağızlar bazarı haqqında” qanuna görə “emitent” investisiya qiymətli kağızlarının emissiyasını həyata keçirən hüquqi şəxs, dövlət (müvafiq qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı vasitəsilə) və ya bələdiyyə hesab olunur. Bu səbəbdən 987.1-ci və 995.1-ci maddələrə müvafiq düzəlişlər təklif olunur. Həmçinin qiymətli kağızların dövlət reyestrinin aparılması ilə əlaqədar 992-ci maddədə müvafiq dəyişiklik təklif olunur və 997.6-cı və 1078-2.9-cu maddələr ləğv edilir.
    Sonra Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini təqdim edib. Bildirilib ki, bu qanun layihəsi də Mülki Məcəlləyə 2015-ci ildə edilən dəyişikliklərlə bağlıdır.
    Mülki Prosessual Məcəllədə məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər üzrə siyahı, eyni zamanda, mürəkkəb icraat hesab olunan çağırış icraatı üzrə məsələlərdə, Cinayət Prosessual Məcəlləsində isə “mülki cavabdeh”, “girov”, “maddi sübutlar və digər əşyaların saxlanılması”, “əmlak üzərinə həbs qoyulması” anlayışları üzrə dəqiqləşdirmə aparılır. Həmçinin Vergi Məcəlləsində də müvafiq uyğunlaşdırmalar nəzərdə tutulub.
    “Valyuta tənzimi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında”, “Banklar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “İpoteka haqqında” və “İnvestisiya fondları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində təklif olunan dəyişikliklər də yuxarıda qeyd olunanlarla əlaqədardır.
    İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov təqdim olunan sənədlərlə bağlı bu komitələrin rəylərini bildirdikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
    Sonra Milli Məclisin sədri sahibə Qafarova bildirib ki, gündəliyin qalan 5 məsələsi birinci oxunuşda olan qanun layihələridir və deputatlardan çıxışlarında birinci oxunuşun tələblərini nəzərə almalarını xahiş edib. Spiker gündəliyin 14-cü məsələsi olan “Qaz təchizatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə məlumat vermək üçün sözü Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanova təqdim edib.
    Sadiq Qurbanov diqqətə çatdırıb ki, qanun layihəsi təbii qaz təchizatı qurumları tərəfindən texniki şərtlərin verilməsi ilə əlaqədar normativlərin, texniki norma və tələblərin müasir standartlara uyğunlaşdırılması, müvafiq infrastrukturun yaradılması, yenidən qurulmasına görə ödənişlərin hesablanması işlərinin qanunvericilik əsaslarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
    Sənəd tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və əlavə qaz həcmi alması qaydasının, qoşulma xidmətinə görə ödənişin məbləğinin müəyyən edilməsi metodologiyasının hüquqi əsaslarını yaradacaq, eyni zamanda qoşulma prosesinin şəffaflığını, eloktronlaşmasını, asanlaşmasını təmin edəcək.
    Sənədlə bağlı deputatlar Əziz Ələkbərov və Naqif Həmzəyevin fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
    Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, gündəliyin 15-ci və 16-cı məsələləri mahiyyətcə bir-birinə bağlı olan qanun layihələridir. Ona görə də Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərovdan qanun layihələri barədə məlumatı birlikdə verməyi xahiş edib.
    İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı Nizami Səfərov deyib ki, məcəlləyə təklif edilən dəyişikliklərə görə inzibati məhkəmə icraatı iddiaçının seçimi əsasında elektron qaydada, ümumi prosessual qaydalara uyğun olaraq, "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə aparıla bilər. Belə olan halda icraat, ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bundan əlavə, layihəyə əsasən, məhkəmə Məcəllə ilə müəyyən edilmiş hallarda məhkəmə icraatını proses iştirakçısının iclas zalında bilavasitə iştirakı olmadan videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirə bilər.
    Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsində (birinci oxunuş) isə dövlət, peşə, kommersiya sirrinin açılması, şəxsi və ailə həyatı sirrinin yayılması, yetkinlik yaşına çatmayan şəxslərin marağının gözlənilməsi, övladlığa götürmə, vərəsəlik və digər hallarda videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə iclasının aparılması istisna edilir. Nizami Səfərov dəyişikliklərin məxfi məlumatların qorunması rejimini təmin etməsi ilə bağlı ətraflı məlumat verib.
    Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
    Sonra parlamentin sədri bildirib ki, gündəliyin 17-ci və 18-ci məsələləri də cənab Prezidentin bir məktubu ilə Milli Məclisə təqdim edilib və mahiyyətcə bir-birinə yaxındırlar.
    Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov birinci oxunuşda olan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında və Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri ilə bağlı məlumatı birgə təqdim edib. O, bildirib ki, layihələr satmaq öhdəliyi ilə qurulan kirayə hüquq münasibətlərinin mövcud olduğu dövrdə çoxmənzilli binanın istismarı və idarə edilməsi ilə əlaqədar kirayəçinin və mülkiyyətçinin hüquq və vəzifələrinin tənzimlənməsi zərurətindən irəli gəlir. Təklif olunan dəyişikliyə görə, ümumi əmlaka sərəncam verilməsinə dair sahə mülkiyyətçisinin səlahiyyətləri mülkiyyətçidə saxlanılır, digər səlahiyyətlər (çoxmənzilli binanın idarə edilməsində, o cümlədən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında iştirak və ondan irəli gələn hüquqlar, ümumi əmlakın saxlanması üzrə xərclər və sair) kirayəçiyə verilir. Eyni zamanda, bu hüquq və vəzifələrin pozulmasına və ya yerinə yetirilməməsinə görə isə inzibati məsuliyyət müəyyən olunub.
    Deputat Aydın Hüseynovun fikirləri dinlənildikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
    Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR