Pakistanda səfərdə olan Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla bu ölkənin Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında görüş keçirilir.
Bu barədə məlumatı Azərbaycan XİN öz “X” hesabında paylaşıb.
***
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, iki nazir arasında təkbətək görüşdən sonra, geniştərkibli formatda nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüşdə nazirlər Azərbaycan ilə Pakistan arasında strateji tərəfdaşlığı yüksək qiymətləndirərək, qarşılıqlı səfərlərin və yüksəksəviyyəli görüşlərin iki ölkə arasında bütün sahələrdə əlaqələrin daha da inkişafına xüsusi təkan verdiyini vurğulayıblar.
Nazir C.Bayramov Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı, 44 günlük Vətən müharibəsində, eləcə də müharibədən sonrakı dövrdə Azərbaycana göstərdiyi güclü siyasi və mənəvi dəstəyə görə Pakistana minnətdarlığını bildirib.
Görüşdə nazir Cammu və Kəşmirlə bağlı Azərbaycanın prinsipial mövqeyinin bu problemin beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllinin dəstəklənməsinə əsaslandığını vurğulayıb.
Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP) ev sahibliyinin müxtəlif sahələrdə, o cümlədən yaşıl enerji sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaratdığı qeyd olunub.
C.Bayramov, həmçinin Azərbaycanla Ermənistan arasında sülh prosesi, post-münaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri, eləcə də mina təhdidi barədə geniş məlumat verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.