AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tələbələrin kirayə ev və yataqxana problemi…

  • + A
  • - A
  • 20-09-2018, 09:49

    Tələbələrin kirayə ev və yataqxana problemi…















    Ekspert optimal variantlar təklif edir

    Dərs ilinin başlanması ilə əlaqədar tələbələr paytaxta üz tutdu. Tələbə yataqxanalarının yetərli olmadığı bir vəziyyətdə tələbələrin bu axını kirayə mənzillərə tələbi artırdı. Avqust ayının ikinci yarısından başlayan proses hələ də davam edir. Tələbələr Bakıda kirayə mənzil axtarışındadırlar. Kirayə mənzillərə tələbatın bu cür artması isə qısamüddətli də olsa, qiymət artımına səbəb olub.

    Bu il tələbələrin normal qiymətə ev tapmasını əngəlləyən daha bir məqam isə Nazirlər Kabinetinin qərarı əsasında, pilot layihə çərçivəsində Bakıda köhnə yaşayış binalarının, qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinin sökülməsi və yeni çoxmərtbəli binalarla əvəzlənməsi prosesidir. Sökülən binalardan çıxan sakinlər prosesi həyata keçirən sahibkar tərəfindən kirayə mənzillərdə yerləşdirilir ki, bu da bazarda tələbatı artırır və qiymətlərə təsir edir.

    Bu mənada tələbələrin yerləşdirilməsi problemi hələ də aktual olaraq qalır.

    Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı da kirayə mənzil bazarında 20-25 faizlik bahalaşma müşahidə edildiyini bildirdi: “Demək olar ki, hər il avqust ayının sonlarından etibarən kirayə mənzil bazarında qiymət artımı müşahidə olunur. Lakin bu, qısamüddətli bir prosesdir. Sentyabr ayının sonuna doğru vəziyyət stabilləşəcək. Amma paytaxtda köhnə binaların sökülməsi ilə əlaqədar bəzi yerlərdə iş aparılır. Bu isə kirayə bazarında təklif portfelini daraldır. Həmçinin bazarda tələbin artması baxımından önəmli məsələdir. O baxımdan mənzil sahibləri tələbin artmasından istifadə edib qiymətləri artırırlar. Son dövrlərdə aparılan müşahidələr göstərir ki, qiymətlərdə təxminən 20-25 faizlik artım baş verib. Şəhərin müxtəlif nöqtələrində kirayə mənzillər bahalaşıb”.

    Tələbələrin kirayə ev və yataqxana problemi…


    Ekspert onu da vurğuladı ki, qiymət artımları daha çox ucuz evlərdə müşahidə olunur: “Çünki sökülən binada yaşayan sakinlər üçün sahibkarların ödədiyi aylıq kirayə haqları Nazirlər Kabinetinin müəyyən etdiyi rəqəmə uyğun olaraq, maksimum 500 manatdır. Ona görə də bahalaşma məhz bu qiymətə təklif olunan mənzillərdə və ya fərdi yaşayış evlərində müşahidə edilir. Tələbələrin müraciət etdikləri kirayə mənzillər üzrə də qiymətlər 500 manatı ötmür. Bu səbəbdən artım daha çox ucuz mənzillərdə özünü göstərir. Bu, qısamüddətli prosesdir. Yəqin ki, yaxın gələcəkdə, yəni sentyabr ayının sonlarına doğru bazarda stabillik müşahidə olunacaq”.

    Tələbələrin kirayə ev və yataqxana problemi…


    Təhsil eksperti Kamran Əsədov da “Yeni Müsavat”a açıqlamasında mənzil-yataqxana məsələsinin tələbələr üçün çox böyük problemə çevrildiyini bildirdi: “Artıq uzun illərdir ki, ali məktəbə qəbul olan tələbələrin problemi təkcə tələbə adı qazanmaqla bitmir. Əksinə, daha ciddi problemlər yaranmağa başlayır ki, onların da başında duran kirayə ev və ya yataqxana problemidir. Yeni tədris ili başlasa da, tələbələrinin əbədi problemi – yataqxana məsələsi bu il də həllini tapmadı. Rəsmi qurumlardan tələbələrin bu probleminin hər növbəti ildə aradan qaldırılması ilə vəd verilməsinə baxmayaraq, vəziyyət dəyişməyib. Düzdür, yeni açılmış ali məktəblərin müasir yataqxanaları var. Köhnə universitetlərdən bəziləri də öz yataqxanalarının qayğısına qalaraq təmir edib, müasirləşdiriblər. Lakin yataqxanaya ehtiyac hər il olduğu kimi, cari ildə də qalır”.

    K.Əsədov hesab edir ki, bu məsələdə xarici təcrübədən bəhrələnmək lazımdır: “Təkliflərdən biri də özəl yataqxana təcrübəsidir. Özəl yataqxana dünyanın müxtəlif ölkələrində var. Belə ki, həmin yataqxanalar pullu olsa da, kirayə mənzillərə nisbətən çox ucuzdur. Təhsil siyasətimiz təhsilin hər kəs üçün əlçatan olmasına yönəlib. Bu istiqamətdə addımlar da atılır. Məsələn, ali məktəbə qəbulda iki dəfə şans verirlər, universitetlərin tərkibində hazırlıq kursları yaradılır. Bütün bunların hamısı təhsilin əlçatan olmasına xidmət edən addımlardır. Ancaq təhsilin əlçatan olması yalnız bilik verməklə deyil. Təhsil almaq üçün tələbəyə mühit də yaradılmalıdır. Sovet vaxtı tələbələrin böyük qismi yataqxana ilə təmin olunurdu. Bununla da kirayə haqqından azad olurdular. Amma məlum Qarabağ hadisələrindən sonra yataqxanalara qaçqın və məcburi-köçkünlər yerləşdirilirdi. Sonradan tələbə yataqxanası problemi özünü qabarıq şəkildə göstərməyə başladı. Nəzərə alaq ki, dünyanın məşhur universitetlərinin reytinqlərdə ilk sırada olmalarının bir səbəbi də tələbələr üçün yaradılan mühitdir. Dünyanın aparıcı universitetləri kampus şəraitində fəaliyyət göstərir. Bu da ayrıca xüsusi şəhərcik deməkdir. Bu kampuslarda tələbələr yataqxana, tıxac, kitab problemi ilə üzləşmirlər. Hətta tələbələr həmin şəhərcikdə işləyib pul da qazana bilərlər. Kampus şəraitində tələbənin heç bir problemi ola bilməz”.

    Ekspert vurğuladı ki, kampusların tikilməsi bizdə də dəfələrlə gündəmə gəlib: “Hətta şəhərin mərkəzində bəzi ali məktəblər üçün yataqxanaların tikilməsi nəzərdə tutulub. Eyni zamanda bir sıra universitetlərin şəhərdən kənara köçürülməsi gündəmə gəlib. Bu istiqamətdə işlər gedir. Ümumiyyətlə, təhsilin əlçatan olması abuturiyentin ali məktəbə daxil olması ilə məhdudlaşdırıla bilməz. Odur ki, bu məsələ dövlət səviyyəsində həll olunmalıdır. Tələbənin əsas işi oxumaq olmalıdır. Düşünürəm ki, iş adamları yataqxana tikib tələbələrin ixtiyarına verə bilər. Dövlətin də bu işdə onlara yardımçı olması önəmlidir. Məsələn, torpaq sahələrini pulsuz verə bilər. Tələbə qayğı ilə oxumamalıdır. Sosial problemlər təhsilin keyfiyyətinə təsir göstərən amildir. Təhsilin əlçatan olması üçün bu problemlər həllini tapmalıdır. Bundan başqa, Bakıda tikilən hündürmərtəbəli binaların bir neçə mərtəbəsi universitetlər tərəfindən alınaraq yataqxana kimi istifadə edilə və oradan universitetlərə gəlir gələ bilər. Bu yolla tələbələr üçün yaranmış bir neçə ciddi problem öz həllini tapmış olar”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR