“Mən sadəcə qol çəkmişəm” - 160 minlik mənimsəmə
Bakı Ağır Cinayətlər Məhkəməsində "Rabitə işi” ilə bağlı daha bir yüksək vəzifəli şəxsin, mənimsəmədə təqsirləndirilən Qəbələ Rayon Telefon Qovşağının keçmiş rəhbəri Şahin Tağıyevin məhkəməsi keçirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakimi Fikrət Qəribovun icraatında olan prosesdə Qəbələ Telekommunikasiya Qovşağının sahə rəisi Namiq Eyyubov deyib ki, Qəbələ şəhərində kabel çəkilməsinə rəhbərlik edib: "Mal-materialı qovşaqdan qaimə şəklində götürürdük. Qovşağa pul daxil olmasından xəbərim olmayıb. Katirovka komissiyasında da iştirak etməmişəm, sadəcə qol çəkmişəm".
Prosesdə iştirak edən digər şahidlər də eyni məzmunlu ifadələr verib.
Məhkəmə oktyabrın 17-də davam etdiriləcək.
İttihama görə, Ş.Tağıyev vəzifəsindən sui-istifadə edərək dövlət büdcəsindən 168 min manat mənimsəyib. O, istintaq zamanı həbs olunmadığı üçün hazırda azadlıqdadır.
Ş. Tağıyev dəyən ziyanı nazirliyə ödədiyini deyib. Onun Qəbələ rayonunda yerləşən 2 mərtəbəli, 300 min manatlıq villasının üzərinə həbs qoyulub.