Bakının məşhur iş mərkəzi bağlanır
Paytaxtın Yasamal rayonu, Nizami küçəsi 1 ünvanında yerləşən məşhur “Nizami Palace” (keçmiş “Safir Palace”) iş mərkəzinin söküləcəyi ilə bağlı məlumat yayılıb.
Bu barədə BakuPost-a iş mərkəzində ofis icarə edən şirkətlərdən məlumat daxil olub.
Bildirilir ki, binada çoxsaylı çatlar yaranıb, təhlükənin artdığı üçün gələn ilin aprelinə qədər iş mərkəzini tərk etməlidirlər. Eyni zamanda nəzərə çatdırılıb ki, apreldə iş mərkəzinin tamamilə sökülməsinə başlanaсaq, yerində isə yaşayış binası tikiləcək.
Qeyd olunur ki, həmin ərazi sürüşmə zonasında yerləşir. Nərimanov heykəlinin ətrafında yerləşən bu ərazi 2002-ci ildən sürüşmə zonası kimi qeydə alınıb.
İş mərkəzinin meneceri Səbinə Zeynalova bildirib ki, həqiqətən şirkətlər aprel ayına qədər iş mərkəzini tərk etməli olacaqlar:
“Çünki iş mərkəzi gələn ilin aprelində rekonstruksiya məqsədi ilə fəaliyyətini dayandıracaq. Yenidənqurma işlərindən sonra isə yaşayış binası kimi istifadəyə veriləcək”.
S. Zeynalova “Nizami Palace”də çoxsaylı çatlar yarandığını təkzib edib.