Anar Məmmədovun məşhur göydələni sökülür, yoxsa…
Ötən ilin aprelində yanğın olan apartamentin fasadı tam dəmir çərçivələrə alınıb; binanın təmirə hazırlandığı, yoxsa söküləcəyi haqda “Garant-Holdinq”dən şərh almaq mümkün deyil…
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu, “Garant-Holdinq”in prezidenti Anar Məmmədovun Bakıdakı 33 mərtəbəli hoteli ilə bağlı yeni gəlişmələr var. Nəsimi rayonunda, Həsən Əliyev küçəsində tikilmiş apartamentin fasadı tam dəmir çərçivələrə alınıb. Yanvarın 24-də orada müşahidə aparan əməkdaşımız artıq bir müddətdir ki, davam edən bu dəmir çərçivələrin niyə qurulması ilə maraqlanıb. Amma iş icraçıları heç bir məlumat verməyiblər. Müşahidə onu göstərir ki, adətən bu cür dəmir çərçivələr binaların fasadları dəyişdirilərkən qurulur. Məlumdur ki, ötən ilin aprelində hotelin üst qatında yanğın olub və bəzi hissələr yararsız hala düşüb.
Hələ bir müddət əvvəl belə iddialar vardı ki, Məmmədovlar Bakıdakı “Yelkən-hotel”i (əvvəlki adı “Trump Tower Baku”)Türkiyədən olan bir iş adamına satıb. Yelkən formasında tikilən bina 72 apartament və 189 hotel otağından ibarətdir. Sahələri 84-dən 890 kvadrat metrədək dəyişən 70-dən çox apartamentin uzunmüddətli icarəyə verilməsi nəzərdə tutulurdu. Hotelin ərazisində qapalı hovuzlu SPA-kompleks, fitnes mərkəzi, biznes mərkəzi və təmtəraqlı restoran inşa olunub. Hotelin birinci mərtəbəsində konfrans zalı, nahar zalı və bar, 500 kvadrat metr sahəsi olan qəbul zalı yerləşir. Tikilinin dizaynı mənzil qərargahı Londonda yerləşən “Mixity Design Ltd” şirkəti tərəfindən hazırlanıb. Hotelin əsas səhmdarlarından biri rəsmi olaraq Anar Məmmədovdur və 2008-ci ildə başlayan tikintini də onun şirkəti həyata keçirib.