AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda benzin və dizellə bağlı ciddi dəyişiklik gəlir – NƏLƏR OLACAQ?

  • + A
  • - A
  • 3-03-2020, 10:48

    Azərbaycanda benzin və dizellə bağlı ciddi dəyişiklik gəlir – NƏLƏR OLACAQ?


    2022-ci ildən etibarən Azərbaycanda “Avro-5” markalı benzin istehsal olunacaq.

    Bunu Prezident İlham Əliyev fevralın 18-də Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən deyib.
    “Növbəti illərdə avtobus parkının təzələnməsi istiqamətində əlavə tədbirlər görüləcək və eyni zamanda, şadam ki, hazırda ölkəmizə gətirilən yeni avtobuslar ekoloji cəhətdən çox təmizdir. Çünki sirr deyil ki, havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir. Ona görə həm iki ildən sonra Azərbaycanda istehsal olunacaq “Avro-5″ markalı benzinin bazara daxil olması bu sahədə çox böyük irəliləyişə səbəb olacaq”, – deyə dövlət başçısı bildirib.
    Ölkəmizdə “Avro-5” markalı benzinin istehsalı ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir:
    “Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur. Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsi çərçivəsində artıq 2021-2022-ci illərdə Azərbaycanda “Avro-5” standartına cavab verən dizel və benzin yanacağının istehsal olunması nəzərdə tutulur. 2024-2025-ci illərdə isə istehsalat həcminin 7,5 milyon tona qədər artırılması istiqamətində aparılan işlərin də başa çatdırılması planlaşdırılıb. Zavodun modernizasiyası ölkə daxilində “Avro-5″ keyfiyyət standartına uyğun olan yanacağın istehsalını təmin etməyə və istehsalın illik həcmini artırmağa imkan yaradacaq”.
    Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib ki, 1992-ci ildən etibarən dünyada ekoloji mühitin yaxşılaşdırılması məqsədilə avtomobil mühərriklərindən atmosforə atılan zəhərli maddələrin miqdarını tənzimləmək üçün bütün nəqliyyat vasitələrini xarakterizə edən ekoloji standartların tətbiqinə start verilib:

    “Qaydalara uyğun olaraq, avtomobillər tərəfindən atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması ilə səciyyələnən 6 növ “Avro” standartı mövcuddur. Standartın adında göstərilən nömrə (1, 2, 3, 4, 5 və 6) nə qədər yüksək olarsa, həmin sandartların tələblərinə cavab verən avtomobilin istismar zamanı ətraf mühitə atılan zərərli maddələrin miqdarı bir o qədər azdır. “Avro-1” ekoloji standartı 1992-ci ildən Avropa, ABŞ və Yaponiyada tətbiq edilməyə başlamaqla dünyada ekoloji vəziyyətin yaxşılaşdırılması uğrunda atılmış ilk addım sayılır. “Avro-1″ ekoloji standartı dörd il hüquqi qüvvədə olub”.
    Ekspert qeyd edib ki, “Avro-2” ekoloji standartı 1996-cı ildə “Avro-1” ekoloji standartını əvəz etməklə həm yanacaqların keyfiyyətinə, həm də dizel və benzin mühərriklərindən ətraf mühitə atılan zərərli maddələrin miqdarına olan tələblər nəzərə çarpacaq dərəcədə sərtləşdirildi:

    “Bu standartların tətbiqi ilə karbürator tipli mühərriklər erası başa çatmış oldu və onları birbaşa püskürməli (injektor tipli) mühərrikli nəqliyyat vasitələri əvəz etdi. 2000-ci ildə isə Avropada avtomobil mühərriklərindən atmosferə atılan zərərli maddələrin buraxıla bilən miqdarını 30-40%-ə qədər azaldılmasını tələb edən yeni “Avro-3” ekoloji standartının tətbiqinə başlanıldı. 2005-cı ildə tətbiqinə başlanılmış “Avro-4″ ekoloji standartı avtomobil mühərriklərindən atmosferə atılan zərərli maddələrin buraxıla bilən miqdarını əvvəlki standartla müqayisədə 65-70% sərtləşdirdi”.

    O bildirib ki, “Avro-5” ekoloji standartı Avropada artıq 2009-cu ildən tətbiq olunmağa başlayıb və standartın tələbləri bu gün həyati zərurətə çevrilib:
    “Avro-5″ standartlı yanacağın istifadəsi avtomobilin işlənmiş qazının tüstüsünü və yanma məhsullarının (bərk hissəciklər, azot oksidləri, karbonmonoksit, yanmamış karbohidrogenlər) ətraf mühitə tullanmasını kifayət qədər azaldır. Bundan əlavə, bu standartda yanacağın istifadəsi zamanı yanacağın maksimal dərəcədə yanması təmin edilir, mühərrikdə və yanacaq sistemində səs-küy və vibrasiya azalır, korroziya ehtimalı aşağı düşür, mühərriki işə salmağı asanlaşdırır, yanacaq istehlakını azaldır və avadanlıq ömrünü uzadır”.
    “2014-cü ildən etibarən isə Avropada avtomobil mühərriklərindən atmosferə atılan zərərli maddələrin miqdarına “Avro-6″ ekoloji standartının tətbiqinə başlanılıb. 2015-ci ildən bu günə qədər istehsal edilmiş bütün avtomobillərə mütləq qaydada şamil edilən bu standarta əsasən, zərərli maddələrin atmosferə atılması əvvəlki standartla müqayisədə 67% azalır”, – deyə o vurğulayıb.
    Əhmədov bildirib ki, standartlara görə təyin olunan hər növ yanacaq yanma zamanı atmosferə buraxdığı zərərli maddələrin miqdarı və tərkibinə görə fərqlənir:
    “Standartın adında göstərilən sıra nömrəsinin artması yanacağın keyfiyyətinin yüksəlməsinin göstəricisidir. Bu halda onun istifadəsi ətraf mühitə, avtomobilin mühərrik və yanacaq sisteminə daha az zərər verməsi ilə yanaşı, avtomobilin istismar keyfiyyətlərinin tam olaraq əldə edilməsinə şərait yaratmış olur”. /Sputnik Azərbaycan/


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR