Ədliyyə Nazirliyinin Probasiya xidmətinin potensialının gücləndirilməsi məqsədilə beynəlxalq, eləcə də yerli qurumların iştirakı ilə vebinar və təlimlər təşkil edilir.
Bu istiqamətdə növbəti onlayn görüş Latviyanın Dövlət Probasiya xidməti ilə keçirilib.
Görüşdə açılış nitqi ilə çıxış edən ədliyyə nazirinin müavini Mübariz Əhmədov görüşün ölkələr arasında probasiya sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsində və əməkdaşlığın gücləndirilməsində böyük rol oynayacağını vurğulayıb.
Vebinarda probasiya fəaliyyətində işlərin rəqəmsallaşdırılması, digər dövlət qurumlarının informasiya sistemləri ilə inteqrasiyanın təşkil edilməsi, həmçinin məhkumların risklərinin qiymətləndirilməsi və digər məsələlərlə bağlı latviyalı mütəxəssislər tərəfindən innovativ yanaşmaların tətbiqi üzrə təqdimat keçirilib.
Həmçinin Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi Vüqar Ağayev tərəfindən son dövrlər ölkəmizdə məhkumların sosial adaptasiyası və reabilitasiyası ilə bağlı görülən işlər, Probasiya xidmətinin fəaliyyət istiqamətləri üzrə görülən təşkilati və institusional tədbirlər, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqi barədə görüş iştirakçılarına məlumat verilib, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin Probasiya xidmətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin rəhbərliyi və məsul əməkdaşları, probasiya sahəsində çalışan icra məmurları, bu sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə eyni məzmunlu görüşlər Türkiyə və Avropa ölkələrinin probasiya qurumları ilə də təşkil edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.