Azərbaycan gənclər və könüllü təşkilatları Zəfər Gününün altıncı ildönümü ilə bağlı bəyanat yayıb

8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə Azərbaycan gənclər və könüllü təşkilatları bəyanatla çıxış ediblər.
Bəyanatda Zəfər Gününün Azərbaycan xalqının birliyinin, sarsılmaz iradəsinin və əzmkarlığının rəmzi olduğu bildirilir: “Bu tarixi gün xalqımızın ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etmək, doğma torpaqlarına qayıtmaq uğrunda apardığı haqq mübarizəsinin şanlı nəticəsini təcəssüm etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində qazanılmış tarixi Zəfər ölkəmizin hərtərəfli inkişafı üçün yeni imkanlar açmış və tariximizin ən şanlı səhifələrindən birinə çevrilmişdir”.
Vurğulanıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə başlayan və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri ilə davam edən tarixi proseslər nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunmuşdur. Bu Zəfər yalnız hərbi qələbə deyil, həm də beynəlxalq hüququn və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar günü qeyd edərkən torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.
“Zəfər nəticəsində yaranmış yeni reallıqlar şəraitində Azərbaycan gənclərinin üzərinə bu tarixi irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm məsuliyyət düşür. Vətən müharibəsi dövründə Azərbaycan gənclərinin nümayiş etdirdiyi birlik, fədakarlıq və vətənpərvərlik ruhu Vətənə xidmət yolunda yeni nailiyyətlərin əldə olunması üçün möhkəm təməl təşkil edir. Biz gənclər və könüllü təşkilatları olaraq inanırıq ki, savadlı, məsuliyyətli və yaradıcı gənc nəsil ölkəmizin gələcək inkişafında mühüm rol oynamağa davam edəcəkdir. Bu baxımdan, Böyük Qayıdış prosesi çərçivəsində işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafında gənclərin təşəbbüskarlığı, innovativ yanaşmaları və bacarıqları ilə fəal iştirakı xüsusi əhəmiyyət daşıyır”, - deyə bəyanatda qeyd olunub.
Eyni zamanda qazanılmış Zəfərin regionda davamlı sülhün, qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən irəli sürülən və beynəlxalq hüququn prinsiplərinə əsaslanan Azərbaycanın sülh gündəliyinin həyata keçirilməsi Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gəncləri bu sülh gündəliyinin həyata keçirilməsinə öz töhfələrini verməyə hazırdırlar.
Bəyanatın sonunda vurğulanıb ki, Azərbaycan gənclər və könüllü təşkilatlarının nümayəndələri üçün Zəfər yalnız keçmişə bağlı qürur mənbəyi deyil, həm də gələcək qarşısında daşıdıqları məsuliyyətdir. “Bu məsuliyyətə sadiq qalaraq Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin qorunması naminə səylərimizi birləşdirməyə davam edəcəyik”, - deyə bəyanat yekunlaşıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.