Qlobal güclər öz hədəflərinə çatmaq üçün təkcə siyasi-diplomatik yollardan istifadə etmirlər. Lazım gələndə həmin güclər ayrı-ayrı fərdlər üzərindən uzunməqsədli planlar qurur. Bəzən bu məqsədlə sıradan birini belə “qəhrəman” səviyyəsinə qaldırırlar. Qəhrəman səviyyəsinə qaldırılan fərdlərə təbii ki, müvafiq yol xəritəsi ilə yanaşı güclü maliyyə dəstəyi verilir. Nəticədə, bu “qəhrəmanlar” qlobal güclərin “vuran əli” olur.
Belə şəxslərdən biri də 21 yaşlı isveçli gənc Qreta Tunberqdir.
Özünü ekoaktivist adlandıran bu qız ekologiya məsələlərini ikinci plana atıb, daha çox siyasi tələblərlə çıxış edir. Bu cür çıxışlarına görə də qlobal güclər ona yaxşıca maliyyə dəstəyi verirlər.
Məsələn, Qreta bu yaxınlarda “Gülbenkian İnsanlıq Mükafatı”na layiq görülüb. Mükafatın ümumi məbləği isə nə az, nə çox düz bir milyon avrodur. Qızcığaz pulu alar-almaz bəyan edib ki, həmin vəsaiti Qlobal Cənub bölgəsində ən pis təsirlərlə üzləşən insanları dəstəkləmək üçün xərcləyəcək. Guya ki, onun həmin pulda “gözü yoxdur”, onun məqsədi dünyada ekoloji tarazlığın bərpasına “nail olmaq”dır. Amma nədənsə o hədəf kimi Cənubi Amerikanı, daha dəqiq desək, Braziliyanı seçib.
Niyə məhz Braziliya?
Nəzərə alaq ki, COP30 gələn il Braziliyada keçiriləcək. Ona görə də Braziliyaya qarşı indidən hücumlar başlayıb. Bu hücumun təkcə bir seqmentinə - Qreta Tunberqə Qərb bir milyon avro “cibxərcliyi” verib.
Amma buna qədər də Qreta boş dayanmayıb. O son 5 ildə dünyanın aparıcı dövlətlərindən güclü maliyyə dəstəyi alıb. Məsələn, Qreta tez-tez Avropa İttifaqının, ABŞ, Kanada və digər böyük dövlətlərin rəsmiləri ilə görüşür, müzakirələr aparır. Hələ 16 yaşı olanda Qreta 4 dəfə Avropa Komissiyasının o zamankı prezidenti Jan-Klod Yunkerlə görüşmüşdü. Bu görüşlərin sonunda isə Yunker Qretanı yaxşıca “qret”eləmişdi.
Bu hadisədən sonra ABŞ-a səfərlərə başlayan 16 yaşı Qreta burada çoxlu “görüşlər” keçirib. Geri dönəndə isə onun hesabında artıq 600 min ABŞ dolları vardı.
Aldığı milyonlar hesabına dünyanı gəzən Qreta bu yaxınlarda Tiflisdə peyda olub. İsveçli “iqlim fəalı” Tiflisdə Azərbaycanda keçirilən COP29 sammitinə qarşı aksiya keçirib. BBC-nin məlumatına görə Tunberqi erməni “aktivistlər” tək qoymayıb. Onlar şəhərin Azadlıq meydanında bir araya gələrək COP29-un regiondakı problemlərə “göz yummasına” etirazını bildiriblər. Daha sonra isə Qreta İrəvana təşrif edib. Burada erməni aktivistlərlə göy qutabı bişirib.
Qretanın göy qutabı bişirməsinə də, ekoloji problemlərə qarşı “barışmaz” olması aysberqin sadəcə görünən tərəfidir. Çünki Qretanın fəaliyyətində çox sayda qaranlıq məqamlar var. Bu qaranlıq fəaliyyət əsasən siyasi və təxribatçı xarakteri daşıyır.
Məsələn, o Tiflisdə olarkən nədənsə erməni “aktivistlərlə” əhatə olunub. Və ən əsası İrəvandakı görüşləri zamanı ““Artsax” mədəniyyətini və ekoloji dəyərlərini simvollaşdırmaq üçün” çoxsayda videopaylaşımlar edib. Nəzərə alaq ki, 21 yaşlı “ekoaktivistin” təkcə bir sosial şəbəkədə 200 min izləyicisi var. Bu da o deməkdir ki, Qreta ötən günlərdə Azərbaycanla bağlı ən azı 200 min şəxsə feyk xəbər ötürüb. Bu isə təsadüf ola bilməz.
Qreta Tunberq kimdir?
O, 2003-cü ildə İsveçin Stokolm şəhərində anadan olub. Amma nə təsadüfdürsə bu qızcığaz artıq 8 yaşında ekoloji problemlərlə bağlı “mübarizəyə atılıb”. Bunun üçün hətta orta məktəbə getməkdən imtina edib.
Amma bir məqam var ki, o bir neçə il sonra orta təhsilini davam etdirmək qərarına gəlib. Amma bunun üçün İsveç hökumətinin qarşısında şərt qoyub. Qreta bəyan edib ki, 2018-ci ildə İsveçdə keçirilən seçkilər demokratik olsa və nəticələr onu qane etsə, o orta məktəbə qayıda bilər. Nəhayət, 2018-ci ildə keçirilən seçkilərin nəticəsindən “razı qalan” Qreta orta məktəbə qayıdır və 2023-cü ildə orta təhsilini başa vurur.
Halbuki, orta və ali təhsilə onun ehtiyacı yoxdur. Çünki o elmlə, savadla yox, daha çox qlobal güclər tərəfindən gələn tezislərlə hərəkət edir.
Təsadüfi deyil ki, bu gün Qreta Tunberq dünyanın bir çox aparıcı siyasi liderindən daha populyardır. Ona xüsusi təyyarələr, gəmilər xidmət edir. Məsələn, Tunberq 2019-cu ildə BMT İqlim Fəaliyyəti Sammitində çıxış etmək üçün İngiltərədən Nyu-Yorka karbonsuz yaxtada üzdü. Belə bir şərəfə heç dünyanın əksər siyasi liderləri layiq görülmür. Bu da təsadüfi deyil. Axı, onun fəaliyyətini dünyanın aparıcı institutları müəyyənləşdirir. Həmin institutlar ABŞ və Aİ dövlətlərinin xüsusi xidmət orqanlarına birbaşa bağlıdır.
Bir sözlə, Qreta ekoaktivistdən daha çox siyasi marionetdir.
"The Week" nəşri yazır ki, Qretanın atası aktyor Svante Tunberq "xəfiyyəçi ata"dır. Bu faktın özü sübut edir ki, Qreta Tunberq sıradan bir aktivist deyil. O xüsusi təlim görmüş bir şəxsdir. Onun siyasi fəaliyyət göstərməsi üçün bütün imkanlar yaradılıb.
Hələ 16 yaşındaykən Qreta 2019-cu ildə İlin ən gənc “Zaman adamı” seçildi. “Forbes” isə onu dünyanın 100 ən güclü qadını siyahısına daxil etdi. Hətta, o Nobel Sülh Mükafatına da namizəd göstərilib. Soruşan yoxdur ki, ekoaktivistə Sülh Mükafatı niyə verilir?! Yəni bütün bu sadalananlar təsadüf ola bilməz.
Qreta ekoloji yox, siyasi aktivistdir
Tək bir faktı deyək ki, xüsusi gəmi ilə 2019-cu ildə Nyu-Yorka gedən sentyabrın 18-də ABŞ Konqresinin İqlim Böhranı üzrə Seçmə Komitəsində çıxış edib. Onun çıxışı isə cəmi 8 cümlədən ibarət olub.
Lakin Qretanın siyasi motivli çıxışları daha uzun olur. Məsələn, o zaman-zaman Argentinanı, Braziliyanı, Türkiyəni hədəfə alıb. Bu ölkələrə qarşı ciddi siyasi ittiahamlar irəli sürüb. Son zamanlarsa Qretanın hədəfində Azərbaycandır. O Tiflisdə Azərbaycana qarşı erməni “aktivistlərlə” ekoloji bəyanatlar versə də, İrəvanda sırf siyasi fikirlər səsləndirib.
Belə ki, o, noyabrın 12-də İrəvanda Ermənistan-Amerika Universitetinin Manukyan zalında “Azərbaycanın “təcavüzü”nün insan hüquqlarına və ətraf mühitin mühafizəsinə təsiri” adlı panel müzakirəsində iştirak edib. Tunberq çıxışında Azərbaycanı ermənilərə, ukraynalılara, kürdlərə və digər etnik qruplara qarşı müharibə və etnik təmizləmə aparmaqda ittiham edib.
Bu isə artıq siyasi fəaliyyətdir. Bu fikirləri səsləndirən şəxs ekoaktivist ola bilməz.
Xatırladaq ki, bir müddət əvvəl ingilis mətbuatı Tunberqi "təhlükəli və dəli" adlandırmışdı və ona məsləhət görmüşdü ki, məktəbə qayıtsın və ağzını yumsun. Doğurdan da, Qretanın ağlı başında olsaydı, Azərbaycanı ukraynalılara və kürdlərə qarşı etnik təmizləmə etdiyini iddia etməzdi. Çünki belə bir iddianı ancaq əqli problemləri olan şəxs səsləndirə bilər.
Ancaq Qretanın bu cür danışmasına səbəb əqli problemləri deyil, erməni diasporundan aldığı milyonlardır. O milyonların xətrinə Tunberq sifariş gəlsə, Azərbaycanı isveçlilərə qarşı soyqırımında da ittiham edə bilər...
Bizim.Media