Cəsarət Hüseynzadə: Qida Təhlükəsizliyi Agentliyi və “Azərsu” kimi bəzi qurumlar sanki İctimai Şuralardan imtina edirlər
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi” İctimai Birliyi tərəfindən həyata keçirilən “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslər” layihəsi çərçivəsində yekun ictimai müzakirə keçirilib.
Müzakirə zamanı çıxış edən “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə ictimai iştirakçılığın inkişafı ilə bağlı məsələlərin önəmini vurğulayıb. O bildirib ki, Prezidentin mövqeyi ictimai iştirakçılıq və ictimai nəzarət məsələlərində hər zaman aydın olub, dövlət rəhbərliyi bu prosesi dəstəkləyib və dəfələrlə onun vacibliyinə diqqət çəkib.
Cəsarət Hüseynzadənin sözlərinə görə, bəzi qurumların mövqeyində son vaxtlar anlaşılmazlıqlar müşahidə olunur:
“Təəssüf ki, ictimai iştirakçılıqdan danışarkən hələ də əsas mövzu yalnız ictimai şuralarla məhdudlaşır. Halbuki ictimai iştirakçılığın başqa formaları da işləməlidir. Bir vaxtlar 10-15 QHT-nin yalnız ictimai şuralara seçilmək üçün bütün nazirliklərin qapısında dayanması xoşagəlməz bir ənənə yaratmışdı. Həmin dövrdə bz bu sahədə maarifləndirmə aparsaq da, bəzi QHT nümayəndələri bundan sui-istifadə etdilər. Bu səbəbdən şəbəkələşmənin və digər problemlərin aradan qaldırılmasına yönələn islahatları dəstəkləyirik. Amma eyni zamanda hesab edirik ki, proseslərin daha yaxşı hüquqi mexanizmlərlə tənzimlənməsinə ehtiyac var. Bəlkə də ictimai şurarların formalaşması prosesi səsvermə və məsləhətləşmə formatında olmaqla paritet əsaslarla keçirilsə, daha uğurlu ola bilər. Yəni bu məsələləri bir qədər də geniş düşünmək lazımdır.”
O xatırladıb ki, bir neçə il əvvəl 19 mərkəzi icra hakimiyyəti orqanı yanında ictimai şura fəaliyyət göstərirdi, lakin indi bu say 15-ə düşüb:
“Məsələn, Qida Təhlükəsizliyi Agentliyi yanında ictimai şuranın fəaliyyət müddəti başa çatıb, amma seçkilər keçirilmir. Agentlik seçki prosesini niyə aparmır? Halbuki qida sahəsi ən vacib istiqamətlərdən biridir və burada ictimai nəzarət xüsusilə əhəmiyyətlidir. Eləcə də keçmiş ‘Azərsu’, indiki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qurumunun ictimai şuradan imtina edib-etmədiyi də məlum deyil. Bu və digər qurumlar ictimai şuralar ilə bağlı mövqelərini açıq şəkildə bildirməlidirlər: ya fəaliyyət var, ya da yoxdur. Bu həm də o məqamı üzə çıxarır ki, vahid koordinasiya qurumunun yaranmasının çoxdan vaxtı çatıb. Mən bu qurumu hansısa qurumun son şöbəsi kimi deyil, müstəqil bir koordinasiya mərkəzi kimi görürəm”
Cəsarət Hüseynzadə əlavə edib ki, bir çox ictimai şuraların fəaliyyəti demək olar ki, görünmür, aktivlik müşahidə olunmur. Onun sözlərinə görə, ictimai şuraların effektiv fəaliyyəti üçün resurs və digər imkanlar vacibdir, amma bəzi qurumlar bu imkanları yaratmır ki, şuralara inam azalsın.
“Hazırda bu prosesin qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir” – deyə o qeyd edib