Konqo 2026-2036-cı illəri əhatə edən urbanizasiya və yaşayış mühiti üzrə onillik plan üzərində iş aparır.
Bunu ölkənin urbanizm və mənzil tikintisi naziri Alfons Klod Nsilu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında bildirib.
Nazir qeyd edib ki, ölkə urbanizasiya proseslərinin misli görünməmiş mərhələsini yaşayır.
"Hər il şəhərlərimizə bir milyondan çox yeni sakin köçür. Ölkənin paytaxtı - təxminən 17 milyon əhalisi olan Kinşasa dünyanın ən sürətlə böyüyən meqapolisləri sırasına daxildir. Konqonun məlumatlarına görə, ev təsərrüfatlarının 82 %-i torpaq üzərində rəsmi mülkiyyət hüququndan məhrumdur və mənzil çatışmazlığı 9 milyon təşkil edir. Bu vəziyyətlə əlaqədar olaraq respublika hökuməti urbanizasiyanı milli prioritet kimi müəyyənləşdirib. Biz 2026-2036-cı illər üçün urbanizasiya və yaşayış mühiti üzrə onillik plan hazırlayırıq, onun da vəzifəsi urbanizasiya proseslərini iqtisadi, sosial və ekoloji tərəqqi alətinə çevirməkdir", - A.Nsilu vurğulayıb.
Onun sözlərinə görə, bu plan üç əsas istiqamətə əsaslanır: qabaqlayıcı planlaşdırma, şəhərlərin genişləndirilməsi və modernləşdirilməsi üzrə irimiqyaslı layihələrin həyata keçirilməsi, eləcə də iqtisadi dəhlizlər boyunca kiçik və orta şəhərlərin inkişafı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.