Son günlər ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ucqar dağlıq kəndlərdə yerləşən bir sıra ümumtəhsil müəssisələrində şagirdlərin dərsə davamiyyətində qısamüddətli fasilələrə səbəb olub.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, bəzi ərazilərdə yolların buz bağlaması və nəqliyyat vasitələrinin hərəkətinin çətinləşməsi şagirdlərin və pedaqoji kollektivin təhlükəsizliyini ön plana çıxarıb. Bu səbəbdən mürəkkəb relyefə malik bölgələrdə yerləşən az sayda məktəbdə davamiyyətdə yaranan fasilələr anlayışla qarşılanır.
Agentlik vurğulayıb ki, hazırda məktəblərdə dərslərin dayandırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib və təlim-tədris prosesi ölkə üzrə mövcud qaydalara uyğun şəkildə davam etdirilir. Davamiyyətdə qısamüddətli fasilələrin qeydə alındığı təhsil müəssisələrində isə keçirilməyən dərslərin dərs cədvəlinə uyğun olaraq kompensasiya edilməsi üçün zəruri tədbirlər görüləcək.
Açıqlamada əlverişsiz hava şəraitində təhsil müəssisələrinin istiliklə təchizatının da xüsusi nəzarətdə saxlanıldığı qeyd olunub. Bu istiqamətdə gündəlik əsasda yarana biləcək problemlərin operativ həlli üçün aidiyyəti qurumlarla birgə işçi qruplar yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlil edilir və qısa müddətdə müvafiq addımlar atılır.
Hazırda ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin mərkəzləşdirilmiş qaydada, eləcə də alternativ vasitələrlə — odun, dizel və elektrik radiatorları vasitəsilə istilik təminatının normal şəkildə həyata keçirildiyi bildirilib
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.