AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mehdi Cavadovun İRİA-ya gəlişi nəyi göstərir?

  • + A
  • - A
  • Bu gün, 11:48

    Mehdi Cavadovun İRİA-ya gəlişi nəyi göstərir?

    Osman Gündüz yazır:
    Son günlər rəqəmsal idarəetmə sektorunda diqqət çəkən əsas hadisələrdən biri uzun illər ASAN Xidmət sistemində çalışan Mehdi Cavadovun İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) fəaliyyətə başlaması oldu. O, bundan sonra Agentlik sədrinin rəqəmsal hökumətin idarəolunması üzrə müşaviri kimi çalışacaq.
    Bu təyinat ilk baxışda adi kadr dəyişikliyi kimi görünsə də, əslində Azərbaycanın rəqəmsal hökumət siyasətində yeni mərhələnin başlanğıcına işarə edən addımlardan biri kimi qiymətləndirilə bilər.
    Son dövrlər İRİA-da müşahidə olunan kadr axını, bir sıra mühüm vəzifələrin vakant qalması və idarəetmədə yaranan qeyri-müəyyənlik fonunda Mehdi Cavadovun Agentliyə gətirilməsi təsadüfi görünmür. Xüsusilə də bir müddət əvvəl rəqəmsal hökumət istiqamətinə cavabdeh əsas şəxslərdən biri olan Rəşad Xalıqovun vəzifəsindən ayrılması bu sahədə yeni idarəçilik modelinə ehtiyac yarandığını göstərirdi.
    Məhz belə bir mərhələdə sistemin daxilindən gələn, elektron hökumət arxitekturasını dərindən bilən şəxsin prosesə cəlb olunması diqqət çəkir. Mehdi Cavadov uzun illər elektron hökumət platformalarının formalaşması prosesində iştirak edib və sektorda peşəkar mütəxəssis kimi tanınır. O, vaxtilə İRİA-nın sələfi olan Elektron Hökumətin İnkişafı Mərkəzində direktor müavini vəzifəsində də çalışıb.
    Bu gün ölkədə istifadə olunan bir sıra əsas rəqəmsal platformaların – Digital Login (ASAN Login), myGov və Digital Bridge sistemlərinin ilkin arxitekturasının məhz həmin dövrdə qurulması da onun fəaliyyət göstərdiyi komandanın adı ilə bağlıdır.
    Azərbaycanın elektron hökumət modeli artıq yeni mərhələyə daxil olur. Əvvəlki illərdə əsas məqsəd elektron xidmətlərin yaradılması və dövlət qurumları arasında inteqrasiyanın təmin olunması idisə, indi prioritet daha fərqli görünür. Hazırkı mərhələni rəqəmsal hökumətdə “ifrat mərkəzləşmə” mərhələsi adlandırmaq olar.
    Prezident tərəfindən dövlət xidmətlərinin vahid platformada cəmlənməsi, müxtəlif dövlət qurumlarının ayrıca rəqəmsal resurslarının mərhələli şəkildə ləğv edilərək myGov platformasına inteqrasiyası istiqamətində açıq siyasi xətt müəyyənləşdirilib. Bu isə rəqəmsal dövlət idarəçiliyində tamamilə yeni yanaşma tələb edir.
    Belə modelin üstünlükləri ilə yanaşı ciddi riskləri də mövcuddur. Bütün dövlət xidmətlərinin və rəqəmsal identifikasiya sistemlərinin bir platformada cəmlənməsi kibertəhlükəsizlik, dayanıqlılıq, fasiləsiz xidmət və idarəetmə baxımından yüksək məsuliyyət yaradır. Bu səbəbdən də prosesin idarə olunmasında təsadüfi şəxslərdən yox, sistemin tarixini və texniki memarlığını bilən peşəkar kadrlardan istifadə xüsusi əhəmiyyət daşıyır.
    Müşahidələr göstərir ki, Mehdi Cavadovun İRİA-ya gəlişi yalnız müşavir təyinatı ilə məhdudlaşmaya da bilər. Sektorda onun gələcəkdə Agentlikdə hazırda vakant olduğu bildirilən müavin vəzifələrindən birinə gətirilə biləcəyi ilə bağlı ehtimallar da səslənir.
    Digər maraqlı məqam isə ASAN Xidmətin bu keçidə uzun müddət isti yanaşmaması barədə sektorda dolaşan fikirlərdir. Son illər klassik dövlət xidmətləri çərçivəsindən çıxaraq rəqəmsal layihələr və xüsusilə Aİ HUB platforması ilə diqqət çəkən ASAN üçün belə bir kadr itkisi müəyyən mənada strateji məsələ hesab olunurdu. Əgər bu keçid baş tutubsa, deməli həm Mehdi Cavadov, həm də qurumlar arasında müəyyən razılaşma əldə olunub.
    Bütün bunlar onu göstərir ki, Azərbaycan rəqəmsal hökumət siyasətində yeni mərhələyə keçir və bu mərhələdə artıq texniki biliklə yanaşı sistem yaddaşı olan kadrlara ehtiyac daha da artır.
    Mehdi Cavadova yeni fəaliyyətində uğurlar arzulamaq qalır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR