2026-cı il iyulun 18-də Bakı sakini Səkinə Əhədovanın başına gəldiyi iddia olunan hadisə taksi xidmətlərində sərnişin təhlükəsizliyi ilə bağlı ciddi suallar yaradıb. Onun sözlərinə görə, Bolt tətbiqi vasitəsilə sifariş etdiyi BYD markalı, 99-QE-042 dövlət nömrə nişanlı avtomobildə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində özü, 15 yaşlı oğlu və rəfiqəsi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Səkinə Əhədova bildirir ki, avtomobilə mindikdən sonra sürücünün eşitmə və nitq məhdudiyyətinin olduğunu anlayıb. Onun iddiasına görə, bu barədə Bolt tətbiqində heç bir məlumat göstərilməyib və sürücü adi, yüksək reytinqli sürücü kimi təqdim olunub. Müştərinin sözlərinə əsasən, sürücü hərəkətdə olarkən işarə dili ilə video əlaqə saxlayır, telefonla məşğul olurmuş. Məhz bundan sonra avtomobil daşla yüklənmiş "KamAZ" markalı yük maşınına çırpılıb.
Qəza nəticəsində ön oturacaqda əyləşən 15 yaşlı oğlunun və digər sərnişinin hava yastıqları açılsa da, Səkinə Əhədova iddia edir ki, onun hava yastığı açılmayıb. Nəticədə o, baş-beyin travması alıb, dodağı və damağına tikiş qoyulub, döş qəfəsi, qolu və ayağı zədələnib. Oğlunun çiynində, ayağında və gözündə, digər sərnişinin isə qolu və ombasında xəsarətlər qeydə alınıb.
Zərərçəkənin sözlərinə görə, qəza zamanı onun iPhone telefonu da itib. Hadisədən sonra nə sürücünün, nə də Bolt şirkətinin nümayəndələrinin onlarla maraqlanmadığını iddia edən Səkinə Həsənova bildirir ki, ona yalnız "əsas odur ki, sağ qalmısınız" cavabı verilib.
Hazırda 15 gündən artıqdır işləyə bilmədiyini deyən vətəndaş sual edir: "Mənim itən telefonumu kim ödəyəcək? Müalicə xərclərimi, iş qabiliyyətimi itirməyimdən yaranan zərəri kim qarşılayacaq?"
Onun sözlərinə görə, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub, lakin indiyədək araşdırmanın nəticəsi barədə məlumat verilməyib.
Bu hadisə bir daha Azərbaycanda fəaliyyət göstərən beynəlxalq taksi platformalarının sərnişin təhlükəsizliyi, sürücülərin nəzarəti və qəzalardan sonrakı məsuliyyəti ilə bağlı sualları gündəmə gətirir. Xarici şirkətlər milyonlarla manat gəlir əldə etdikləri bazarda müştərilər qarşısında sosial və hüquqi məsuliyyətlərini tam şəkildə yerinə yetirirlərmi? Qəza nəticəsində zərər çəkən vətəndaşların hüquqlarının qorunması və onlara dəyən maddi-mənəvi ziyanın ödənilməsi ilə bağlı hansı mexanizmlər işləyir?
Qeyd: Məqalədə yer alan iddialar vətəndaş Səkinə Əhədovanın müraciətinə əsaslanır. Hadisə ilə bağlı Bolt şirkətinin və aidiyyəti dövlət qurumlarının mövqeyi təqdim olunduğu təqdirdə dərc ediləcək.
https://www.facebook.com/share/p/1EYXJjAEwE/