Əli Abbasov
Akademik Azərbaycan və Özbəkistan arasında münasibətlər əsrlərin sınağından keçmiş ortaq tarixə, dilə, mədəniyyətə və mənəvi dəyərlərə söykənir. Bu gün həmin tarixi və mənəvi yaxınlıq dövlətlərarası əlaqələrin bütün sahələrini əhatə edən müasir və strateji əməkdaşlıq modelinə çevrilib.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, iki ölkə arasındakı münasibətlər son illərdə ən yüksək mərhələyə – müttəfiqlik səviyyəsinə yüksəlib.
Azərbaycan–Özbəkistan münasibətlərinin dinamik inkişafında dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyev arasında formalaşmış qarşılıqlı etimad və dostluq xüsusi əhəmiyyət daşıyır. Son illərdə ən yüksək səviyyədə qarşılıqlı səfərlərin və müntəzəm təmasların intensivləşməsi siyasi dialoqun möhkəmlənməsinə, əldə olunan razılaşmaların praktik müstəvidə reallaşdırılmasına imkan yaradıb.
İki ölkə arasında münasibətlərin institusional əsasları da güclənir. 2025-ci ilin iyulunda Bakıda Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib. Görüş zamanı dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər həmçinin 2025–2029-cu illər üzrə müttəfiqlik münasibətlərinin həyata keçirilməsi üçün “Yol xəritəsi” də daxil olmaqla bir sıra mühüm sənədlər qəbul ediblər.
Əlaqələrin mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlıqdır. Maşınqayırma, tekstil, elektronika, energetika, kənd təsərrüfatı, turizm və digər sahələrdə birgə layihələrin sayı artır. 2025-ci ildə tərəflər ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması məqsədini də müəyyənləşdiriblər. Bu, iqtisadi münasibətlərin yalnız ticarətlə məhdudlaşmadığını, birgə istehsal və investisiya layihələri ilə daha dərin məzmun qazandığını göstərir.
Enerji sahəsində əməkdaşlıq da xüsusi perspektivlərə malikdir. Azərbaycan və Özbəkistan neft-qaz layihələri ilə yanaşı, yaşıl enerji və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. 2025-ci ilin sonunda tərəflər enerji, neft-qaz, geoloji kəşfiyyat, yaşıl enerji və kimya sənayesi üzrə birgə layihələrin inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.
Azərbaycan və Özbəkistanı yaxınlaşdıran digər mühüm istiqamət nəqliyyat və logistika sahəsidir. Azərbaycanın Şərqlə Qərbi birləşdirən mövqeyi, Özbəkistanın isə Mərkəzi Asiyanın mühüm iqtisadi və nəqliyyat mərkəzlərindən biri olması iki ölkənin əməkdaşlığını daha geniş regional müstəviyə çıxarır. Orta Dəhlizin əhəmiyyətinin artması Bakı ilə Daşkənd arasında nəqliyyat, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi üçün yeni imkanlar yaradır.
Münasibətlərin gücü yalnız siyasi və iqtisadi göstəricilərlə ölçülmür. Azərbaycan və Özbəkistan xalqları arasında mədəni və humanitar bağlar da gündən-günə möhkəmlənir. Təhsil, elm, mədəniyyət, turizm və media sahələrində qarşılıqlı mübadilələrin genişlənməsi xalqların bir-birini daha yaxından tanımasına xidmət edir. 2025-ci ildə tərəflər elm, peşə və ali təhsil sahələrində əməkdaşlıq, eləcə də sosial müdafiə və kənd təsərrüfatı üzrə bir sıra yeni proqram və yol xəritələri qəbul ediblər.
Mədəni yaxınlığın ən mühüm xüsusiyyətlərindən biri isə ortaq türk kimliyidir. Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatı çərçivəsində də fəal əməkdaşlıq edir. İki ölkənin münasibətləri yalnız ikitərəfli əlaqələrin inkişafına deyil, bütövlükdə Türk dünyasında həmrəyliyin, iqtisadi inteqrasiyanın və mədəni əməkdaşlığın güclənməsinə töhfə verir.
Azərbaycan və Özbəkistan münasibətlərinin bugünkü mənzərəsi göstərir ki, bu əlaqələr artıq ənənəvi dostluq və qardaşlıq çərçivəsindən kənara çıxaraq çoxşaxəli müttəfiqlik modelinə çevrilib. Siyasi iradə, iqtisadi maraqlar, ortaq tarixi-mədəni dəyərlər və regional əməkdaşlıq perspektivləri iki ölkəni bir-birinə daha da yaxınlaşdırır.
Bu baxımdan Azərbaycan və Özbəkistan arasında formalaşan münasibətlər yalnız iki dövlətin deyil, bütövlükdə Türk dünyasının gələcəyi üçün mühüm strateji əhəmiyyət daşıyır. Bakı və Daşkənd arasında qurulan etimad körpüsü siyasi əməkdaşlıqdan iqtisadi tərəfdaşlığa, mədəni yaxınlıqdan regional inteqrasiyaya qədər geniş bir coğrafiyanı əhatə edir. Qarşıdakı mərhələdə bu münasibətlərin daha da dərinləşməsi iki qardaş ölkənin ortaq inkişaf və rifah hədəflərinə xidmət edəcək.