Etibar Əliyev,
Təhsil ekspertiTələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK), Azərbaycan Respublikasında Ali məktəblərə tələbə qəbulunu həyata keçirmək məqsədi ilə 1992-ci ildə Azərbaycan respublikasının Prezidenti Əbülfəz Elçibəyin sərəncamı ilə yaradılmışdır.
Yarandığı ildən şəffaf və obyektiv tələbə qəbulu keçirdiyinə görə bu Qurum cəmiyyətdə nüfuz qazanmışdır. Kimlərsə TQDK-nın yaranmasını öz adlarına çıxırlar, lakin danılmaz faktdır ki, ideyanın müəllifi mərhum Əbülfəz Elçibəydir.
Heydər Əliyev hakimiyyətə gəldikdən sonra TQDK-nın hansısa başqa bir qurumla əvəz olunmasına imkan vermədi. Və bu dahi şəxsiyyət cəmiyyət üçün son dərəcə həssas olan bir prosesin-tələbə qəbulunun şəffaf və obyektiv keçirilməsinin himayəçisi oldu.
Hal-hazırda biliklərin dürüst və rasional qiymətləndirilməsi bütün dünyada həm də milli təhlükəsizlik məsələsi kimi dəyərləndirilir. Bu mənada TQDK-nın səlahiyyətlərinin genişləndirilməsi, struktur islahatların aparılması mütləq idi. Və gözlənilən qərarı Prezident İlham Əliyev imzaladı.
Dövlət başçısının 2016-cı il 11 aprel tarixli fərmanı ilə Dövlət İmtahan Mərkəzi yaradıldı.
Mərkəzə dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxs statusu verildi.
Artıq 34 ildir ki, Biliklərin qiymətləndirilməsini həyata keçirən və varislik prinsipini qoruyub saxlayan və mükəmmələşdirən bir qurum tam olaraq cəmiyyətin edimadını qazanıb.
Mənim arzum nədən ibarətdir: yalnız məktəb təhsili ilə bilik qazananaların imtahan edilməsinin şahidi olmaq. Gün o gün olsun ki, valideynlər repetitorlara xərclədikləri böyük vəsaitləri övladlarının qidalanmasına və geyiminə xərcləsinlər. Bunlar baş verərsə şübhəsiz ki, gənclərimizin təhsilə və elmə motivasiyası arta bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.