Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsinə start verilib.
Müsabiqə BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərinin VII-X sinif şagirdləri arasında keçirilir.
Müsabiqənin əsas məqsədi təhsil nazirinin əmri ilə təsdiq olunmuş “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın icrasını təmin etmək, təhsilalanları ustad sənətkarın həyat və yaradıcılığı, Azərbaycan folkloru və xalq ədəbiyyatının mühüm hissəsi olan aşıq sənəti ilə tanış etmək, xüsusi istedada malik olan şagirdləri üzə çıxarmaq, onların bədii-estetik zövqünü formalaşdırmaq və məktəblilərin yaradıcılıq səviyyələrinin yüksəldilməsinə dəstək verməkdən ibarətdir.
İki mərhələdən ibarət müsabiqə “Şeir”, “Mahnı” və “Yaradıcı iş” olmaqla 3 nominasiya üzrə keçirilir. Müsabiqəyə iştirakçılar yalnız bir nominasiya üzrə qatıla bilər.
Müsabiqənin I mərhələsi (məktəb mərhələsi) 1 noyabr 2021-ci il tarixinədək davam edəcək. Məktəb mərhələsində hər məktəbdən nominasiyalar üzrə ən yaxşı şeir, mahnı ifaçıları və yaradıcı iş müəllifləri seçilərək onlar barədə məlumat ils.layiheler@baku.edu.gov.az elektron ünvanına göndərilməlidir.
2–25 noyabr 2021-ci il tarixlərində keçiriləcək müsabiqənin II-şəhər mərhələsində Münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdiriləcək.
“Şeir” və “Mahnı” nominasiyaları üzrə qiymətləndirmə zamanı ifaçının səhnə mədəniyyəti, təqdimetmə və vaxtın düzgün idarəolunması bacarıqları (3-5 dəq), nitqin aydınlığı, səlisliyi və ifadəliliyi, məzmuna uyğun jest və mimikalardan istifadə, “Yaradıcı iş” nominasiyası üzrə isə işin mövzuya uyğunluğu, maraqlı ideya, fikri sərbəst ifadə etmək bacarığı, bədii təfəkkür, obrazlı düşüncə və ifadə tərzi, düzgün kompozisiya və ideyanın orijinallığı əsas meyarlar kimi götürüləcək. Hər bir meyar 5 balla qiymətləndiriləcək.
Müsabiqənin final mərhələsində hər nominasiya üzrə 1 nəfər I, 1 nəfər II, 1 nəfər isə III yer olmaqla, ümumilikdə 9 şagird qalib kimi müəyyənləşdiriləcək. Həmçinin müsabiqənin nominasiyaları üzrə 5 nəfər həvəsləndirici yerə layiq görüləcək, 15 şagirdə isə fəal iştiraka görə “Tərifnamə” təqdim olunacaq.
Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr veriləcək, şagirdləri müsabiqəyə hazırlaşdıran müəllimlər isə “Tərifnamə” ilə təltif ediləcək.