“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev və Birliyin digər rəhbər şəxsləri 63 illik ömrünün 44 ilini qaz təsərrüfatı sahəsində çalışan, hal-hazırda isə Layihə Konstruktur Bürosunda mühəndis vəzifəsini icra edən Lena Məmmədovanın təqaüdə çıxması səbəbiylə görüş keçiriblər. Lena Məmmədova 1978-ci ildən qaz təsərrüfatı sahəsində çalışır. Ötən illər ərzində işlədiyi sahələrdə bütün kollektivin hörmət və rəğbətini qazanan xanım əməkdaşımız hər zaman üzərinə düşən işi layiqincə yerinə yetirib. Bunun nəticəsidir ki, o, dəfələrlə əmək fəaliyyətində fərqləndiyinə görə fəxri fərmanlarla mükafatlandırılıb. Görüşdə çıxış edən Birlik rəhbərliyi və əməkdaşlar onun ünvanına xoş sözlər səsləndiriblər. Baş direktor Ruslan Əliyev bu illər ərzində Birlikdə çalışan xeyli sayda gənc kadrların da Lena xanımın təcrübəsindən yararlandığını diqqətə çatdırıb. Lena Məmmədova “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Birlik rəhbəri tərəfindən Fəxri Fərman və qiymətli hədiyyə ilə mükafatlandırılıb. Bundan əlavə görüş zamanı baş direktor Birlik əməkdaşlarının iş şəraiti ilə, eləcə də qayğıları ilə yaxından maraqlanıb. Birlik rəhbəri problem və təklifi olan hər bir əməkdaşı fərdi olaraq dinləyib, lazımi tapşırıqlarını verib.
Biz də öz növbəmizdə bu gün Birlikdə son iş gününü keçirən Lena xanıma can sağlığı, uzun ömür arzulayır, Birliyin inkişafında xidmətlərinə görə təşəkkür edirik!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.