Avropa Rusiya ilə müharibə vəziyyətində olmadığı üçün onun maliyyə aktivlərini sadəcə müsadirə edə bilməz. Bu barədə Belçikanın Baş naziri Bart de Vefer Davosda keçirilən tədbir çərçivəsində açıqlama verib. Məlumatı RİA Novosti yayıb.
Bununla belə, Belçika hökumətinin başçısı yekunda Rusiyaya məxsus dondurulmuş aktivlərin Ukraynanın bərpasına yönəldiləcəyinə əmin olduğunu bildirib.
“Bu pullardan bir avronun belə Moskvaya qayıtması məni çox məyus edərdi”, – deyə Bart de Vefer vurğulayıb.
O, həmçinin 19 dekabr tarixində Brüsseldə keçirilən Avropa İttifaqı sammitindən sonra da Aİ-nin Rusiyanın dondurulmuş aktivlərini heç vaxt geri qaytarmağı planlaşdırmadığını açıqlamışdı.
Hazırda Avropa İttifaqında 210 milyard avrodan çox Rusiya vəsaiti bloklanıb. Bu məbləğin 185 milyard avrosu Belçikada saxlanılır. Avropa Komissiyasının qiymətləndirməsinə görə, münaqişə başa çatdıqdan sonra Rusiyanın guya Ukraynaya ödəməli olduğu reparasiyaların həcmi 500 milyard avronu ötür.
Rusiya Prezidenti Vladimir Putin isə Aİ-nin Rusiya aktivlərindən Ukraynaya vəsait ayırmaq planlarını “oğurluq” adlandırıb və belə addımların avrozonaya olan etimadı kəskin şəkildə azaldacağını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.